Şimali Kipr parlamentinin sədri: Türk Kiprinə dəstəyinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram

post-img

Türk Kiprinə, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində göstərdiyi fəal dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımı bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Zorlu Töre sentyabrın 26-da Lefkoşada Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyevlə görüşündə bildirib.

Azərbaycan liderinin xarici siyasət kursunu yüksək qiymətləndirən spiker xatırladıb ki, Prezident İlham Əliyev TDT-ni əsas beynəlxalq təşkilat və “Azərbaycanın ailəsi” adlandırıb.

Parlamentin sədri digər türk dövlətlərini də Kipr türk xalqının hüquqlarını dəstəkləməkdə Azərbaycandan nümunə götürməyə çağırıb: “Türk dövlətləri bütün sahələrdə sıx əməkdaşlıq etməlidir”.

Zorlu Töre daha sonra uzun illər erməni işğalı altında olan tarixi torpaqları azad edən Azərbaycan oğullarının qəhrəmanlığını alqışlayıb. Kipr türklərinin Xocalıda törədilən qətliamları heç vaxt unutmayacağını deyən spiker əlavə edib: “Azərbaycan şəhidlərinin xatirəsini dərin ehtiramla yad edirəm”.

ŞKTC parlamentinin sədri, həmçinin Azərbaycan və türk Kiprinin bələdiyyə orqanları arasında əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Kipr Türk Bələdiyyələr Birliyinin rəhbəri Mahmud Özçınar iştirak edib.

Siyasət