Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Kəlbəcərə səfər ediblər

post-img

Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri sentyabrın 18-də Kəlbəcərdə səfərdə olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 2-də Kəlbəcərə səfərinin izi ilə həyata keçirilən bu səfərdə nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Diplomatik korpus nümayəndələrinin səfərinin ilk dayanacağı Suqovuşan su anbarı olub. Nümayəndə heyətinin üzvləri sonra və Sərsəng su anbarında olublar. Onlara hər iki su anbarında görülən işlər barədə məlumat verilib.

Sonra Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasına gələn nümayəndə heyəti müəssisənin fəaliyyəti ilə tanış olub, onun barəsində ətraflı məlumat alıbar. Bildirilib ki, stansiyanın tikintisində xarici şirkətlər də iştirak ediblər. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində strategiyaya uyğun olaraq tikilən bu stansiya Vətən müharibəsində Qələbədən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir.

Diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastır kompleksini də ziyarət ediblər.

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərinin Kəlbəcərdə son dayanacağı “İstisu” mineral su zavodu olub. Burada onlara bildirilib ki, ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biri olub.

















Siyasət