Kazanda müasir Azərbaycan antologiyası işıq üzü görüb

post-img

Qardaş Tatarıstanın paytaxtı Kazan şəhərində “Çağdaş Azərbaycan hekayəsi” antologiyası işıq üzü görüb.

Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin sədri, Xalq şairi Rkail Zəydulla və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, DGTYB Məsləhət Şurasının sədri Əkbər Qoşalının layihə rəhbəri olduğu antologiya, Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından yayınlanıb. Kazandakı məşhur “Yazıçı” nəşriyyatında nəfis şəkildə işıq üzü görən antologiyanın tərtibçisi Tatarıstan Yazıçılar Birliyinin başqan müavini İlsiyar Qaripova, məsləhətçisi Tatarıstanda yaşayan tanınmış azərbaycanlı vəkil İsmət Orucəliyev, rəyçiləri Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, DGTYB başqanı İntiqam Yaşar, “Çukurova Ədəbiyyatçılar Dərnəyi” İctimai Birliyinin fəxri başqanı İlqar Türkoğludur. 

Tatarıstan Dövlət Şurasının Təhsil, Mədəniyyət, Elm və Milli Məsələlər Komitəsinin üzvü Rkail Zəydullanın önsözü və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın “Bakıdan Kazana ədəbi və əbədi salam” uğurlaması ilə açılan antologiyanın I cildində əsasən 90-cılar ədəbi nəslinə mənsub olan 18 yazıçımızın hekayəsi toplanıb.  

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa antologiyaya yazdığı ürək sözlərində deyilir: “Özünəxas ədəbi ənənələri olan Kazanda nəşrə hazırlanan və tirajlanan antologiyanın məziyyətlərini, ictimai önəmini bir daha vurğulayarkən, onun ilk növbədə məhz ədəbiyyat hadisəsi olduğunu məmnuniyyətlə təkrarlamaq istərdim. – Əgər Azərbaycan çağdaş nəsri məhz öz imzasını təsdiq etmiş (yaxud böyük perspektiv vəd edən) yazıçıların layiqli əsərləri ilə təmsil olunursa, bu bizim ümumi uğurumuzdur”.

Antologiyanın Azərbaycanda və Tatarıstan təqdimatı nəzərdə tutulur.

Z.HÜSEYNOVA
XQ

Mədəniyyət