Yaxud keçinin əcəli çatanda...
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlərə bir neçə cəhətdən yanaşmaq mümkündür. Ən başlıca məqam odur ki, N.Paşinyan Azərbaycan – Ermənistan sülh gündəliyinə qarşı çıxır və bu zaman müxtəlif manipulyasiyalara əl atır. Yəni, onun bildirdiklərinin mütləq əksəriyyəti reallıqları təhrif etmək, yeni reallıqlar formalaşdırmaq cəhdidir ki, bu, sülh gündəminə zərbədir. Detallara keçək. Əvvəlcə erməni baş nazirin fikirlərində müəyyən qədər müsbət qiymətləndirilə biləcək bir nüansın üzərində dayanaq.
Beynəlxalq tərəfdaşlara Bakı – İrəvan münasibətlərinin nizamlanması məsələsindəki dəstəyə görə təşəkkür edən Paşinyan ölkəsinin ikitərəfli danışıqlar formatına üstünlük verdiyini və bu formatın daha effektiv olduğunu açıqlayır. Hətta Azərbaycan Prezidenti İlham Əliyevlə dövlət sərhədində görüşmək barədə niyyətindən söz açır. Yada salaq ki, vaxtilə erməni hökumət rəhbəri və onun komandasında yer alanlar, heç bir halda, tet-a-tet danışıqları məqbul saymırdılar. Onlar bildirirdilər ki, guya, Azərbaycan həmin proses çərçivəsində əldə ediləcək razılaşmaları pozmaq potensialındadır və danışıqların məzmununun fiksasiyası üçün mütləq beynəlxalq vasitəçilik olmalıdır. Yəni indi Nikol mövqeyindən daşınıbsa, durumu proqres kimi qiymətləndirmək mümkündür. Amma...
“Amma” Paşinyan sülh gündəmini pozmağa yönəldiyi şübhə doğurmayan fikirləri ilə əslində, həmin beynəlxalq dairələri, faktiki olaraq, aktivliyə, daha doğrusu, məsələyə müdaxiləyə səsləyir. Bu isə onun təqdir etdiyi ikitərəfli danışıqlar formatına zidd təmayüldür. Həm də ona görə ki, indi danışıqların konkret gündəliyi var və Nikolun da dediyi kimi, bu gündəlikdə bir çox məqamlar razılaşdırılıb. Razılaşdırılmayan məsələlər də aydındır və erməni baş nazir dedikləri ilə onların da üzərində dayanır. Necə?
Məlumdur ki, Azərbaycan Ermənistanla sülh gündəliyi baxımından iki mühüm şərt irəli sürür. Bunlardan biri Ermənistan konstitusiyasında dəyişiklikdir, ikinci ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı Bakının və İrəvanın quruma birgə müraciət ünvanlamasıdır. Paşinyan vurğulayır ki, nizamlama prosesi başa çatmadığından, ATƏT-in Minsk qrupu buraxıla bilməz. Ortada tam məntiqsiz durum var. Bir halda ki, Nikol ikitərəfli danışıqlar formatının effektivliyindən söz açır, sözügedən təsisat onun (Ermənistanın) nəyinə lazımdır?
Axı hazırda ATƏT-in Minsk qrupunun effektivliyin əldə olunmasında heç bir rolu yoxdur. Heç olmayıb da. Ümumən, qrup tam ölü vəziyyətdədir. Digər yandan, Minsk qrupu Qarabağ məsələsinin aktual olduğu dövrün məhsuludur. Paşinyan ölkəsinin, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edibsə, bu halda da hazırda harada olduqları bilinməyən həmsəd-rlərə ehtiyac varmı? Başqa bir prizmadan yanaşsaq, Paşinyan ötən il özü bildirmişdi ki, ATƏT-in Minsk qrupu hazırda ona üzv ölkələr arasındakı ziddiyyətlərə görə fəaliyyət göstərə bilmir. İndi nə isə dəyişibmi? Xeyr!
Digər məqama keçid alaq. Söhbət, bilavasitə, Ermənistan konstitusiyasının dəyişdirilməsindən, yaxud əsas qanuna dəyişiklikdən gedir. Azərbaycanın bu tələbi nə üçün səsləndirdiyinə aydınlıq gətirəcəyik. Hələlik isə xatırladaq ki, erməni baş nazir vaxtilə məsələni özü ortaya atmışdı. O, fikrini obrazlı ifadələrlə əsaslandırmışdı. Məsələn, demişdi ki, iki nəfər yol ilə gedir. Onlar əyinlərində nənələrinin tikdiyi qırmızı paltarlardadırlar. Yol mütləq gedilməlidir. Amma qarşıda qırmızı rəngə həssas, aqressiv öküzlər var. Ona görə paltar çıxarılmalı, muzeyə qoyulmalı və gedilməsi zəruri olan yola davam edilməlidir.
Ancaq indi Nikol başqa şeydən danışır. O, Ermənistan konstitusiyasının istinad etdiyi İstiqlaliyyət bəyannaməsi ilə Azərbaycanın əsas qanununun söykəndiyi Konstitusiya Aktını eyniləşdirir. Halbuki belə müqayisə uğursuzdur. Elə ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin əsaslandırması da bunu söyləməyə əsas verir: “Guya, Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir. Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi olduğunu hər kəs bilir. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu heç bir halda hal-hazırda, Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir”.
Bəli, tarix danılmazdır. Bugünkü Ermənistan qədim və əzəli Azərbaycan torpaqlarında qurulmuş, türk dünyasını parçalamaq naminə meydana atılmış layihədir. Əslində, Ermənistanın layihə mahiyyətini N.Paşinyan özü də vurğulayıb. Məsələn, ölkəsinə “doğum şəhadətnaməsi” almaqdan danışıb. Nikol bu barədə söz açarkən, əslində, Ermənistanın bir dövlət kimi bəlli sərhədlərinin olmadığı reallığı üzərində dayanıb və hazırda təmsil olunduğu komandanın gələcək nəsillər üçün dövlət miras qoymaq niyyətini qabardıb. Belə olan halda da onun Azərbaycana yönəlik ittihamlara baş vurması tam mənasızdır.
Birbaşa Azərbaycanın tələbinə gəldikdə isə bildirək ki, başqa dövlətin, indiki halda Ermənistanın işinə qarışmaq niyyətindən uzağıq. Ölkəmizə sülh təminatı lazımdır. Nəzərə alsaq ki, konstitusiya dəyişikliyi referendum, yəni ümumxalq səsverməsi ilə reallaşmalı prosesdir, deməli, təminat erməni xalqının iradəsinin məhsulu qismində meydana çıxmalıdır. Xalq işğalçılıq niyyətinə düşməyəcəyini, bu mənfur əməldən imtina məramını açıq bəyan etməlidir.
O da məlumdur ki, Ermənistan konstutisiyasına dəyişiklik, yaxud ümumən ölkənin əsas qanununun dəyişdirilməsi hələ tam təminat deyil. Yəni müvafiq sənəd olmadan da ermənilərin işğalçılıq niyyəti güdmələri mümkündür. Tarixi fakt var: vaxtilə Ermənistan SSR-in ana qanununda Azərbaycana qarşı ərazi iddiası əksini tapmasa da, keçmiş SSRİ zamanında respublikamız belə iddialarla üzləşmişdi. Qarabağın Ermənistana verilməsi ideyaları müzakirə olunmuş və bunun qarşısını ulu öndər Heydər Əliyev almışdı.
Bəli, erməni millətçiləri Heydər Əliyev SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırıldıqdan dərhal sonra – ötən əsrin 80-ci illərinin sonlarında Qarabağın müxtəlif yerlərində təxribatlar törədib dinc azərbaycanlıları qarət edəndə, qətlə yetirəndə, eləcə də digər zərərlər vuranda əllərində hansısa sənəd yox, içlərində avantürizm zəhəri var idi. Sözümüz ondadır ki, “erməni zəhərini” konstitusiya dəyişikliyi aradan qaldıra bilməz. Ancaq Ermənistan cəmiyyəti ortaya xoş niyyət qoymalıdır. Qonşularla normal keçinəcəyini hansısa formada təsdiqləməlidir. Bunu etməlidir ki, ona inamımız yaransın. Hazırda Paşinyanın dedikləri isə inam yaratmaq yox, onu sarsıtmaqdır.
N.Paşinyan inam yaratmaq istəmirsə, biz nə üçün Ermənistanın Naxçıvana gedən yolda təhlükəsizlik təminatına bel bağlayaq? Axı ötən əsrin 80-ci illərinin sonlarında bu qədim diyarımıza yön alan qatarların həmin 40 kilometrlik Ermənistan ərazisi sayılan hissədə – Meğri rayonu ərazisində necə daşa basıldığını görmüşük. Görəsən, bu kimi hallar niyə yaşanırdı? Paşinyan sualı özünə veribmi? Cavab çox sadədir: erməni millətçiləri Naxçıvanı blokadada saxlamaq, bölgəni işğal etmək istəyirdilər. Birinci niyyətlərinə çatdılar, ikincini bacarmadılar. Çünki həmin vaxt Naxçıvanda ulu öndər Heydər Əliyev var idi...
Bəli, qeyd etdiklərimizə görə Azərbaycan Naxçıvana yol məsələsində “Azərbaycandan Azərbaycana yol” məntiqini irəli sürür. Yəni orada heç bir gömrük və sərhəd nəzarəti olmamalıdır. Buna qarşı çıxan rəsmi İrəvan və xaricdəki havadarları ortaya ərazi bütövlüyü və suverenlik klişesini atırlar. Ermənistan rəhbərliyi öz avantürasına yeni görkəm qazandırmaq üçün “Dünyanın kəsişməsi” cəfəngiyyatı ilə çıxış edir. Heç şübhəsiz, məqsəd ölkəyə dividend qazandırmaqdır. Görəsən, rəsmi İrəvan nə üçün 44 günlük müharibədən əvvəl belə bir ideya irəli sürmürdü? Sual ritorikdir. Məlumdur ki, həmin vaxt erməni iqtidarının başı “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına qarışmışdı.
Qarabağ əldən çıxdı. Bölgə həqiqi sahiblərinə qayıtdı. Amma qan töküldü. Müharibə məğlubu Ermənistan diz çöküb imdad dilədi. 44 günlük müharibənin nəticələrini təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. Ancaq N.Paşinyanın hazırda dilə gətirdikləri elə təəssürat yaradır ki, sanki, 44 günlük müharibə olmayıbmış, Ermənistan savaş rüsvayçılığı ilə üzləşməyibmiş. “Mən belə bir aspektə diqqəti yönəltmək istərdim ki, əgər biz sülh gündəliyindən danışırıqsa, həmin sənədi (üçtərəfli bəyanatı – red.) imzalamaqla Azərbaycanın qələbə qazandığını, Ermənistanın məğlub olduğunu və ya əksini iddia edən məsələni qaldırmamalıyıq”, – deyən Paşinyanın həyasızlığı heyrət doğurur. İndi nə edək, bu adama yeni üçrətəfli bəyanatmı imzalatdıraq?
Bütün dünya, elə ermənilərin özləri də yaxşı anlayırlar ki, üçtərəfli bəyanat Ermənistanın kapitulyasiya aktıdır və rəsmi İrəvan bu bəyanatla üzərinə öhdəlik götürüb. Həmin öhdəliklərin nəticəsi idi ki, Ağdam, Kəlbəcər və Laçın ölkəmizə təhvil verildi. Sonra yaşananlar, o cümlədən Ermənistanın digər öhdəliklərindən yayınması, müxtəlif spekulyasiyaları, nəhayət 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri də hər kəsin yaxşı xatirindədir. Deməli, Paşinyan keçmişi unutmamalıdır. Unutmamalıdır ki, qəbul etmək istəmədiyi üçtərəfli bəyanatın 9-cu bəndi var və həmin bəndə görə, Ermənistan Naxçıvana yol üçün təminat verməlidir. Bunu etmir və...
...Rəsmi İrəvan indi sürətlə silahlanma kursu həyata keçirir. Sülh gündəminin aktual səciyyə daşıdığı indiki dövrdə bu nə üçündür? Belə nəticəyə gəlirik ki, Ermənistan vaxt qazanmaq istəyir. Ölkənin hərbi baxımdan möhkəmlənmək məqsədi var. Paşinyan durumu müdafiə qabiliyyətinin gücləndirilməsi məntiqi ilə izah edir. Bu, azmış kimi, Azərbaycanı da günahlandıran bəhanələrə əl atır. Ölkəmizin XİN rəsmisi A.Hacızadənin mövcud istiqamətdəki bildirdiklərinə diqqət yetirək: “Baş nazirin Ermənistanın kütləvi silahlanma səylərinə bəraət qazandıran zaman səsləndirdiyi iddialar heç bir halda həqiqəti əks etdirmir. İlk öncə qeyd edək ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini məhz elə istinad etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə, Alma-Ata bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkənin Ermənistan olduğunu, hal-hazırda da qonşularına qarşı ərazi iddialarının mövcudluğunu nəzərə alaraq, Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid olduğunu anlamaq çətin deyil”.
Sonda bir məqamdan da söz açaq. Azərbaycan XİN-in mətbuat katibi A.Hacızadə Paşinyanın mətbuat konfransında bildirdiklərinə dair açıqlamasında Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcudluğunu vurğuladı. A.Hacızadə bu baxımdan rəsmi İrəvanın ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa cəhdlərindən söz açdı. Ancaq vurğuladıqlarımızdan belə qənaətə gəlmək mümkündür ki, gizli gündəmin təzahürləri müxtəlifdir. Bəli, dayanıqlı sülhdə maraqlı olmayan Ermənistan əsas məsələlərdən yayınma yolu tutur, özü üçün ehtiyat variantlar hazırlayır. Bu isə səmimiyyətdən tam uzaq davranışdır və ziyanlıdır. Nəzərə alaq ki, Ermənistan 2020-ci ildən bu yana yalnız itirməklə məşğuldur. Deyəsən, bu dəfə itki daha böyük olacaq. Bir el məsəli var ki, keçinin əcəli çatanda çobanın çomağına sürtünər... Əslində, Paşinyanın mətbuat konfransında bildirdikləri buna tam uyğundur.
Ə.CAHANGİROĞLU
XQ