Xalq–dövlət birliyinin növbəti nümayişi
“Laçında səsvermə başlayıb”, “Şuşada səsverməyə start verildi”, “Xankəndidə seçimlər başladı”. Dünən səhəri bu xəbər sərlövhələri ilə açmaq qədər gözəl duyğu ola bilməzdi. Bəli, Milli Məclisə növbədənkənar seçkilər böyük uğurla reallaşdı.
Xalqımız öz yüksək iradəsini növbəti dəfə ortaya qoydu. Müasir müstəqillik illərində ilk dəfə olaraq bütöv Azərbaycanda, dövlət suverenliyini tam bərpa etmiş Vətəndə keçirilmiş ali qanunverici orqana seçkilər layiqli şəkildə başa çatdı.
Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirildi. Həmin məntəqələrdən 54-ü işğaldan azad olunmuş ərazilərdə yerləşirdi ki, bu, səsvermə hüququna malik 42 mindən artıq seçicini əhatə edirdi. Bununla yanaşı, bildirək ki, seçkilərdə 990 deputatlığa namizəd mübarizə apardı ki, onlardan 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 684 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü. Seçkilərlə əlaqədar 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi. Onlar 51 beynəlxalq qurumu və 69 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfər idi.
Milli Məclisə növbədənkənar seçkilərlə bağlı statistikanın bütün məqamlarını diqqətə çatdırmaq niyyətindən uzağıq. Hesab edirik ki, ölkədəki yüksək seçki ab-havasının özü hər şeyi deyir. Qısa bir müddətdə bu ab-havanın yaranması onu deməyə əsas verir ki, xalqımız taleyüklü məsələlərə münasibətdə həmrəylik immunitetini qoruyub saxlayır. 1 sentyabr seçkiləri bu həmrəyliyin təntənəsi kimi yadda qaldı.
Azərbaycanda xalq-dövlət həmrəyliyi təmin edilib. Dövlətimizin iradəsinin nəticəsi olan bütün tədbirlər insanlarımız tərəfindən yüksək qiymətləndirilir. Xalqımız Milli Məclisin qanunyaratma və qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, qanunların icrasına nəzarət və təmsilçilik funksiyalarının müasir tələblər səviyyəsində qurulması yolundakı missiyasını da yüksək qiymətləndirir və hesab edir ki, bu missiyanın tam və qüsursuz reallaşması vacibdir. Məsələyə mövcud prizmadan yanaşaraq, 2024-cü ilin noyabrında keçirilməli olan parlament seçkilərinin vaxtının əvvələ çəkilməsində böyük məntiq var.
Məlum olduğu kimi, noyabrda ölkəmiz dünya miqyaslı tədbirlərin keçirildiyi məkana çevriləcək. Nüfuzlu beynəlxalq təşkilatların toplantılarına və digər tədbirlərə uğurla evsahibliyi edən paytaxtımızda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 təşkil olunacaq. Bundan başqa, noyabrda ölkəmizdə Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da keçiriləcək. Bu tədbirlər dünyanın diqqətini Bakıya yönəldəcək. Paytaxtımız on minlərlə xarici qonağı qəbul edəcək. Qlobal əhəmiyyətli bu toplantıların təşkili Vətənimizin beynəlxalq nüfuzunun daha da artmasına səbəb olacaq. Üstəlik, COP29 sessiyası çərçivəsində Parlament Konfransının təşkili də nəzərdə tutulur. Bu barədə Milli Məclislə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb. Parlament iclası COP29-un ən mühüm tədbirlərindən biridir və bu iclasa hazırlıq üçün Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradılmalıdır. Bundan başqa, Parlament Konfransının yekun sənədinin hazırlanması da uzun və çətin prosesdir. Ona görə də Azərbaycan Milli Məclisinin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mühüm əhəmiyyət kəsb edirdi.
Parlament seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə təşkili, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması dövlətin əsas vəzifələrindəndir. Buna görə də Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvlərinin növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciəti, bütövlükdə, xalqın maraq və mənafelərindən irəli gəlirdi.
Qətiyyətlə demək mümkündür ki, YAP-ı təmsil edən deputatların növbədənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsü mövcud reallıqları nəzərə alan, ölkəmizin qarşısında duran vəzifələrin miqyasını düzgün qiymətləndirən yanaşmanın ifadəsinə çevrildi. Nəzərə alaq ki, yuxarıda sadaladığımız tədbirlərin yüksək şəkildə təşkili zərurəti seçkilərin keçirilməsi ilə bağlı sadaladığımız standartların gözlənilməsində müəyyən maneələr yarada bilərdi. İkinci bir tərəfdən, 2024-cü ilin noyabrında keçirilməli olan parlament seçkiləri ilə bağlı daha bir həssas məqam var.
Əvvəldə də qeyd etdik ki, 1 sentyabr seçkiləri Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra reallaşan ilk parlament seçkisidir. Bu “ilk”in ən yüksək səviyyədə olması zərurəti xalqımız, cəmiyyətimiz və dövlətimiz qarşısında dayanan mühüm vəzifə idi. Yəni, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ilk dəfə olaraq 7 fevral 2024-cü ildə keçirilmiş Prezident seçkiləri hansı yüksək ab-havada olmuşdusa, parlament seçkilərinin də eyni qaydada olmasına ehtiyac duyulurdu. Hesab edirik ki, bu ehtiyacın ödənilməsi nöqteyi-nəzərindən də seçkilərin vaxtının əvvələ keçirilməsi məntiqi sayılmalıdır və yanaşma özünü doğrultdu.
Dünən Milli Məclisə keçirilmiş növbədənkənar seçkiləri zəruri edən daha bir məqama diqqət yetirək. Məlumdur ki, beynəlxalq aləmdə mürəkkəb proseslər gedir. Dünyanın müxtəlif ölkələrində əsl xaos yaşanır. Bəzi dövlətlər bu xaos və anarxiya mənzərəsini aradan qaldırmaqda acizdirlər. Üstəlik, belə xoşagəlməzliklərin ayrı-ayrı yerlərə sıçrama təmayülü də var. Belə bir durumda milli cəmiyyətlərin monolit strukturunun qorunub saxlanması, onların siyasi kataklizmlərə qarşı özünüqoruma instinktinin diri qalması şərtdir. Hesab edirik ki, bu baxımdan da erkən seçkiyə ehtiyac var idi. Ona da əminik ki, seçkinin nəticələri haqqında söz açdığımız instinkti möhkəmləndirdi.
Qeyd edək ki, Milli Məclisin bundan əvvəlki tərkibi pandemiyaya qarşı mübarizə ilində formalaşdı. Yuxarıda haqqında söz açdığımız mənfi təmayüllər xüsusunda, belə demək mümkünsə, dünyanın başına almış siyasi pandemiyaya qarşı mübarizə ruhunun ortaya qoyulması vacibdir. Nəzərə alaq ki, Azərbaycan 2020-ci ilin müqəddəs Zəfərindən sonra tamamilə yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin bir cəhəti geosiyasi amillərin regionumuza təsiri ilə bağlıdırsa, digər məqam ölkəmizin öz torpaqlarına sahiblənmə əzmini real tədbirlərlə ortaya qoymasıdır.
Hazırda dövlətimiz tərəfindən “Böyük qayıdış” planı icra olunmaqdadır. Bu plan özündə işğaldan azad edilmiş torpaqlarımızda misilsiz bərpa və quruculuq, yenidənqurma işlərini ehtiva edir. Qarşımızda belə məsuliyyətli dönəmin açıldığı bir vaxtda ölkəmiz heç bir halda kənar qüvvələrin mənfi təsirlərinə uğramamalı, tutduğu yolda sabit addımlamaqdan geri qalmamalıdır. Ən əsası isə prosesin hüquqi tərəfi önəmlidir. Deməli, yeni tərkibli Milli Məclis həm də dövlətimizin siyasi uğurlarının layiqli təmsilçilik plasdarmına çevrilməlidir. Heç şübhəsiz, dünənki seçki mütəşəkkilliyi xalqımızın bu missiyaya növbəti dəstəyinin nümunəsi, eyni zamanda, xalq-dövlət birliyinin nümayişi oldu.
XQ-nin analitik qrupu