Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirilib

post-img

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 22-də Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Mətbuat qrupunun iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildiriblər ki, beynəlxalq müşahidə missiyası təmsilçilərinin də qatıldıqları iclasda Mətbuat qrupunun tərkibinə daxil olan MSK üzvləri və media subyektlərinin nümayəndələri iştirak ediblər.

İclasda əvvəlcə Mətbuat qrupunun funksiya, səlahiyyət və vəzifələrindən bəhs olunaraq diqqətə çatdırılıb ki, qrup mediada seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl edilməsinə nəzarəti həyata keçirir. Üzvlərinin əksəriyyəti jurnalistika sahəsində çalışan mütəxəssislərdən ibarət olan Mətbuat qrupunun fəaliyyəti Seçki Məcəlləsi və MSK tərəfindən qəbul edilmiş müvafiq əsasnamə ilə tənzimlənir. Mətbuat qrupu öz fəaliyyətində qanunvericiliklə müəyyənləşdirilmiş norma və tələbləri rəhbər tutmaqla, mediada seçkiqabağı təşviqatın aparılmasının qayda və üsullarına əməl olunması üçün tədbirlər görür, zəruri hallarda həmin müraciətlər üzrə təkliflərini MSK-nın müzakirəsinə çıxarır.

Sonra medianın seçkilərdə rol və vəzifələrindən söhbət açılıb, media mənsublarının seçkilərdə azad, sərbəst şəkildə iştirak etdikləri, proseslərin gedişi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynadıqları qeyd olunub. Vurğulanıb ki, qanunvericilik istər seçkilər zamanı aşkarlığın, şəffaflığın təmin edilməsində, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü peşə fəaliyyətlərini yerinə yetirərkən media nümayəndələri üçün geniş hüquqlarla bərabər, vəzifə və məsuliyyətlər də nəzərdə tutub. Ona görə də seçkiqabağı təşviqat prosesində Seçki Məcəlləsinin, müvafiq qanunvericiliyin tələblərinə ciddiyyətlə və dəqiqliklə əməl olunmalıdır.

İclasda, həmçinin Milli Məclisə seçkilərə hazırlıqların gedişindən danışılıb, MSK tərəfindən seçicilərin məlumatlandırılması və fərqli statuslu seçki iştirakçılarının maarifləndirilməsinə hədəflənən genişmiqyaslı layihələrin reallaşdırıldığı bildirilib. Qarşıdan gələn seçkilərdə seçkiqabağı təşviqatın aparılması qaydaları barədə məlumat verilərkən diqqətə çatdırılıb ki, seçkilərin mühüm mərhələlərindən biri olan seçkiqabağı təşviqat kampaniyasının sivil, müasir tələblərə cavab verən şəraitdə keçməsi üçün bütün təşviqat subyektlərinə geniş imkanlar və hərtərəfli bərabər şərait yaradılıb. Avqustun 9-dan start götürən təşviqat kampaniyası namizədlərin yüksək fəallığı şəraitində müvəffəqiyyətlə davam edir. Seçki Məcəlləsinin tələblərinə əsasən, Milli Məclisə seçkilərdə namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə namizədi qeydə alınmış siyasi partiyalar, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri seçkiqabağı təşviqat aparmaq hüququna malikdirlər.

MSK nəzdində Mətbuat qrupu mediada seçkiqabağı təşviqat aparılarkən qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyini bir daha vurğulayıb, müvafiq tələblərə əməl edilməməsinin qanuni məsuliyyət doğurduğunu xatırladıb, media mənsublarının üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.

Mətbuat qrupu seçkiqabağı təşviqat kampaniyası ilə əlaqədar zərurət yarandıqda və ya aidiyyəti üzrə müraciət daxil olduqda növbəti iclaslarının keçirilməsinin mümkünlüyünü də nəzərə çatdırıb.

Seçkiqabağı təşviqatın aparılması ilə bağlı müxtəlif məsələlər ətrafında geniş müzakirələrdən və iştirakçıların suallarına aydınlıq gətirildikdən sonra iclas işini yekunlaşdırıb.

Siyasət