İtaliya mətbuatında Milli Məclisə seçkilərin əhəmiyyəti barədə məqalə dərc edilib

post-img

İtaliyanın nüfuzlu “Giornale Diplomatico” onlayn qəzeti Azərbaycanın son illər ərzində beynəlxalq siyasi müstəvidə qazandığı uğurlar, COP29-a ev sahibliyi etməsi və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə geniş məqalə dərc edib.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, Napoli-Bakı Assosiasiyasının sədri Cüzeppe Kanilianın müəllifi olduğu məqalədə Azərbaycanın işğal altında olan torpaqlarını 44 günlük müharibə nəticəsində azad etməsi, regionda sülhün təminatçısına çevrilməsi, milli maraqlarını qorumaq imkanlarına malik olan bir dövlət kimi tanınması xüsusi vurğulanıb. Müəllif sentyabrda keçiriləcək parlament seçkilərindən sonra Azərbaycanın regionda nüfuzunun yeni bir səviyyəyə qalxacağına əminliyini ifadə edib.

“Azərbaycan: Növbədənkənar parlament seçkilərinin əhəmiyyəti” adlı məqalədə bildirilib ki, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri həm ölkə, həm də region üçün xüsusi əhəmiyyət kəsb edir: “Qafqaz regionunda güclü təsirə malik olan Azərbaycan qarşıdakı aylarda iki vacib tədbirlə dünyanın xəbər gündəmində olacaq. Noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibliyi edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir.

Bu beynəlxalq tədbirə görə ölkədə parlament seçkilərinin vaxtı dəyişdirilib və növbədənkənar seçkilər sentyabrın 1-nə təyin edilib”.

Məqalədə indiki seçkilərin ən mühüm tərəfinin 30 illik müstəqillik dövründə ilk dəfə Azərbaycanın bütün ərazilərini əhatə edən parlament seçkiləri olduğu vurğulanıb.

“30 il ərzində ölkə ərazisinin 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılıb. Bu ərazilərdə tərəflər arasında zaman-zaman müxtəlif münaqişələrin yaranması regionda sabitliyin əldə olunmasını imkansız edib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş açmasına cavab olaraq əks-hücum əməliyyatı başlanılıb. Azərbaycan 44 gün ərzində davam edən müharibə nəticəsində özünün işğal altında olmuş torpaqlarını azad edərək regionda sülhün təminatçısına çevrilib. İnsanlar indi azad edilmiş ərazilərə geri qayıdırlar. Onların öz vətənlərində normal yaşaya bilmələri üçün dövlət böyük infrastruktur layihələri həyata keçirir. 30 il ərzində tamamilə dağıdılmış bəzi şəhərlər yenidən qurulur. Keçmişdə məcburi köçkün düşmüş yüz minlərlə vətəndaşın öz evlərinə qayıtması həm dövlət, həm də xalq üçün böyük əhəmiyyət kəsb edir”, - deyə məqalədə bildirilib.

Qeyd edilib ki, siyasi ekspertlərin fikrincə, bu gün Azərbaycan öz suverenliyini və milli maraqlarını qorumaq qabiliyyətinə malik olan bir dövlət kimi regionda nüfuzunu yeni səviyyəyə qaldırır: “Bu səbəbdən parlament seçkilərinin əhəmiyyəti artır. Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd kimi min nəfərdən çox insan qeydiyyatdan keçib. Majoritar seçki sistemi ilə keçiriləcək seçkilərdə Azərbaycanın Milli Məclisinin 125 deputatının seçilməsi gözlənilir”.

Məqalənin linki ilə bu linkdə tanış ola bilərsiniz:

https://www.giornalediplomatico.it/azerbaigian-laimportanza-elezioni-parlamentari-straordinarie.htm

Siyasət