MDB müşahidə missiyasının üzvü: Milli Məclisə seçkilər Azərbaycanda demokratiyanın inkişafına daha bir töhfə olacaq

post-img

Müstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə hazırkı müşahidə missiyası Birliyə üzv dövlətlərdə keçirilən seçkilərdə və referendumlarda MDB qərargahının sayca 127-ci missiyasıdır. Eyni zamanda, bu, Azərbaycan Respublikasında keçirilən seçkilərdə MDB-nin 12-ci müşahidə missiyasıdır.

Bu barədə MDB Baş katibinin müavini, MDB müşahidə missiyasının üzvü Nurlan Seytimov Bakıda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

MDB müşahidə missiyasının üzvü deyib: “Mərkəzi Seçki Komissiyasının rəhbəri, hörmətli Məzahir Pənahovla səsverməyə hazırlığın gedişatına dair əhatəli və çox maraqlı söhbətimiz, fikir mübadiləmiz oldu. Bizə, həmçinin dairə seçki komissiyalarının seçkilərə hazırlığı, ümumiyyətlə, qanunvericilik, bu prosesləri tənzimləyən ayrı-ayrı məsələlər barədə ətraflı məlumat verildi. Görüş bizim üçün çox faydalı oldu”.

Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyi ölkələrindən seçkilərin monitorinqinə təxminən 150 müşahidəçi cəlb olunacaq ki, onlardan da 10 nəfəri uzunmüddətli əsaslarla fəaliyyət göstərəcək. “Onlar Azərbaycan Respublikasının müxtəlif bölgələrinə səfər etmək, siyasi partiyaların rəhbərləri, namizədlər, dairə və məntəqə seçki komissiyalarının üzvləri, media nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər. Görüş əsnasında bu seçki kampaniyasının Azərbaycanda demokratik proseslərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə etdik. Artıq seçki kampaniyasının sakit şəraitdə keçdiyini qeyd edir və bu seçkilərin keçirilməsində Azərbaycan Respublikasına uğurlar arzulayırıq. Düşünürəm ki, xalqın ən layiqli nümayəndələri parlamentdə layiq olduqları yerləri tutacaqlar”, - deyə Nurlan Seytimov əlavə edib.

Siyasət