Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin bir qrupunu təltif edib

post-img

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, dörd nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər 3-cü dərəcəli “Əmək” ordeni, iki nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.

İdmançılar və onların məşqçiləri bu mükafatlara XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə layiq görülüblər.

Prezident İlham Əliyev, həmçinin “Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya dörd yüz min manat, onun məşqçisinə iki yüz min manat, ikinci yeri tutan hər bir idmançıya iki yüz min manat, onun məşqçisinə yüz min manat, üçüncü yeri tutan hər bir idmançıya yüz min manat, onun məşqçisinə isə əlli min manat mükafat müəyyən edilib.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İdman