Azərbaycan Prezidentinin Astanaya səfəri Qazaxıstan mətbuatının diqqət mərkəzindədir

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri və onun Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı Qazaxıstan mətbuatının diqqət mərkəzində idi.

AZƏRTAC xəbər verir ki, TengriNews.kz, Kapital.kz, InformBuro.kz, Kaztag.kz, Zakon.kz nəşrlərinin dərc etdiyi materiallarda deyilirdi ki, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər ticarət-iqtisadi və mədəni-humanitar qarşılıqlı fəaliyyətin bütün spektri üzrə inkişaf edir.

Qazaxıstan Respublikası hökumətinin məlumatlarına əsasən, ötən ilin yekunlarına görə Qazaxıstan və Azərbaycan arasında mal dövriyyəsi 14,3 faiz artaraq, 529,4 milyon dollar, cari ilin yanvar-iyun aylarında isə 280,6 milyon dollar təşkil edib.

Qazaxıstan mətbuatı qeyd edib ki, hökumətlər tərəfindən neft və qaz, nəqliyyat-logistika, rəqəmsal kommunikasiyalar və kosmik sənaye sahəsində birgə layihələr həyata keçirilir.

Qazaxıstan mətbuatı Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı və çıxışı barədə məlumat təqdim edib, Azərbaycan Prezidentinə СОР29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzu edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən sitatlar gətirib.

“Kazinform” Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündəki çıxışını yayıb. Agentlik bildirib ki, dövlət başçısı dünyada artan təhdid və çağırışların ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi zərurəti yaradıb.

 

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana





Siyasət