Azərbaycan dili hər birimiz üçün müqəddəslik simvoludur

post-img

Dil təkcə ictimai hadisə, ünsiyyət vasitəsi deyil. Dil bir xalqın varlığının sübutudur. Ümummilli lider Heydər Əliyevin təbirincə desək, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilini yaşatmaq, onu qorumaq, inkişaf etdirmək isə hər birimizin vətəndaşlıq borcudur. Çünki hər şeydən öncə bu, anamızın dilidir. Şairin sözləri ilə desək, savadsız ola bilər, adını yazmaya bilər, amma bu dili anamız bizə öyrədib və hər şeydən qabaq Azərbaycan dili bizim üçün müqəddəslik simvoludur.
Zəngin ifadə imkanları, səs quruluşunun rəvanlığı, qrammatik quruluşun sinonim zənginliyi və sabitliyi sayəsində Azərbaycan dili özünəməxsus gözəlliyi və ahəngdarlığı ilə seçilir. Bu dildə  dünya ədəbiyyatı xəzinəsinə daxil olan əvəzsiz əsərlər yaradılıb və bu proses bu gün də şərəflə davam etdirilir. Ana dilimiz milli mədəniyyətimizin mənəvi dayağıdır. Xalqımızın mədəniyyətində və onun cəmiyyətdəki bütün təzahürlərində ana dilimiz mühüm və əsas yer tutub. Tarixin müxtəlif dövrlərində Azərbaycan dili digər dillərinin təsiri altına düşsə də, öz orijinallığını və bənzərsizliyini qoruyub saxlaya bilib. 
Ötən əsrin əvvəllərində AXC-nin rəsmi dövlət kimi elan olunan ana dilimiz cümhuriyyətimizin  süqutundan sonra məqsədli şəkildə basqılara məruz qaldı. İmperiya cəlladları tərəfindən milli təfəkkürlü ziyalılarımızla yanaşı, dilimizə də divan tutuldu. Yurdumuzda ana dilimiz küncə sıxışdırılaraq yabançı, bizə yad olan başqa dilin məişətimizə qədər gətirilməsinə cəhd göstərdildi, doğma ana dilimizi unutdurmağa çalışdılar. Amma bacarmadılar. 1969-cu ildə siyasi hakimiyyətə gələn dahi azərbaycanlı Heydər Əliyev milli xilaskar kimi ana dilimizi qorumaqla və digər fövqəl xidmətləri ilə özünəqayıdış, özünüdərkə gedən yolun əsasını yaratdı. Heydər Əliyevin cəsarətli addımları ilə Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dili statusu aldı. Respublikamızın digər sahələrində olduğu kimi dilin inkişafında da dönüş dövrü başladı.
Azərbaycan siyasi müstəqilliyini bərpa etdikdən sonra ana dilinin fəaliyyət dairəsi daha da genişləndi. Müstəql Azərbaycanın rəhbəri kimi Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin qorunub saxlanmasını və inkişaf etdirilməsini dövlət quruculuğunun prioritet istiqamətlərindən biri hesab edərək ana dilimizə dövlət qayğısını artırdı. Məhz onun sayəsində latın qrafikalı əlifbaya keçid prosesi sürətləndi və bununla da qardaş türk xalqlarına daha da yaxınlaşma dövrü başlandı. Ümummilli liderin Azərbaycan dilinin dövlət statusunun təmin edilməsi ilə bağlı təsdiq etdiyi sənədlər ədəbi dilin daha da zənginləşdirilməsi, tətbiq dairəsinin genişləndirilməsi baxımından olduqca səmərəli oldu. Ulu öndərin avqustun 1-nin
ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında imzaladığı tarixi fərman ana dilimizə olan sevginin, dəyərin nəticəsi, qədim mədəniyyətimizə, zəngin mənəvi irsimizə böyük diqqət və qayğının əyani sübutu idi.
Sonrakı illərdə bu estafet Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilinə xüsusi qayğı göstərən dövlət başçısı qloballaşan və informasiya dünyası şəraitində Azərbaycan dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır və görülən işlər fərəh doğurur. Ana dilimizə heyranlığını, ehtiramını, sevgisini  əməli işi ilə sübut etmiş Prezident İlham Əliyevin qeyd etdiyi kimi müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli- mənəvi dəyərlər olub. Məhz bu ali, üstün keyfiyyətlər bizə o imkanı verdi ki, bölündük, əzildik, amma məhv olmadıq, yıxılmadıq, bu dil bizi ayağa qaldırdı, danışdırdı, xalq kimi birləşdirdi, həmrəy etdi və qüdrətli Azərbaycan qura bildik. 
Xalqımızın milli sərvəti, dünyanın müxtəlif yerlərində yaşayan 50 milyon azərbaycanlının birliyinin sarsılmaz təməli, müstəqilliyimizin əsas rəmzlərindən biri olan ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur. Bu, hər şeydən öncə anamız Azərbaycanın istəyidir. Ölkəmiz və ana dilimiz var olsun!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü

Siyasət