İyulun 26-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə atılacaq gələcək addımlar, habelə cari regional vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycanla Somali arasında diplomatik münasibətlərin qurulmasından ötən 20 il ərzində, xüsusilə son illərdə ölkələrimiz arasında təmasların artmasının əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığını diqqətə çatdırıb. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadənin vacibliyi vurğulanıb.
Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu, bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd olunub.
Beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. Somalinin 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü müddətində beynəlxalq sülh və təhlükəsizlik səylərinin tərəfimizdən dəstəklənəcəyi ifadə olunub. Bununla yanaşı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin təhsil təqaüd proqramlarından Somalinin faydalana biləcəyi diqqətə çatdırılıb.
Ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Somali ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.
Qoşulmama Hərəkatı sədrliyimizin Afrika ölkələri ilə əlaqələrimizin gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdıran Ceyhun Bayramov əməkdaşlığın inkişafının prioritetlərimizdən birini təşkil etdiyini, bu istiqamətdə ölkəmizin Afrika İttifaqı Komissiyası münasibətlərinin genişləndirilməsi niyyətində olduğu bildirilib.
Nazir, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə son inkişaflar, habelə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri və sülh prosesinin qarşısında duran çağırışlar barədə ətraflı məlumatlandırıb. Somali tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək minnətdarlıqla xatırlanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatla çıxış ediblər.