Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev Şuşada keçirilən 2-ci Qlobal Media Forumu çərçivəsində iyulun 22-də Vyetnamın VNA agentliyinin baş direktorun müavini xanım Doan Thi Tuyet Nhunq ilə görüşüb.
Görüşdə iki agentlik arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, AZƏRTAC və VNA uzun illərdir səmərəli tərəfdaşlıq edir, ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə, media sahəsində əlaqələrin genişlənməsinə töhfə verir.
Bildirilib ki, müasir informasiya cəmiyyətində feyk xəbərlərlə mübarizə agentliklər üçün daha da aktuallaşıb. Eyni zamanda, süni intellektdən istifadənin xəbər yaradıcılığına müsbət təsirləri ilə bərabər yalan məlumatların yaradılması və yayılması halları da narahatlıq doğurur.
Söhbət zamanı müasir dövrün çağırışları, texnologiyanın sürətli inkişafı, media sahəsinin transformasiyası nəzərə alınaraq hər iki agentlik arasında əməkdaşlığın yeni müstəviyə çıxarılması məsələsi müzakirə olunub. Bu məqsədlə AZƏRTAC və VNA arasında əməkdaşlıq müqaviləsinin yenilənməsi barədə razılıq əldə edilib. Bununla da bu agentliklər arasında foto və video materiallar da daxil olmaqla daha geniş informasiya mübadiləsi həyata keçirmək və dezinformasiya ilə birgə mübarizə aparmaq imkanları artırılacaq.