Heydər Əliyev – jurnalistlərin dostu və hamisi

post-img

Milli jurnalistikamızın salnaməsi Həsən bəy Zərdabinin ilk dəfə Azərbaycan dilində nəşr etməyə başladığı “Əkinçi” qəzetindən başlanır. Həmin tarixi gündən  il keçir. Bu illər ərzində Azərbaycan jurnalistikası daim inkişaf edir, formatı dəyişir, media industriyasının çağırışlarına cavab verir, yeni internet platformalarını və rəqəmsal reallıqları mənimsəməyə çalışır və qarşıya çıxan problemlər dəf etməyə səy göstərr. Amma bütün tendensyalara və trendlərə rəğmən, milli jurnalistika fəaliyyətinin əsas prinsipi əzəli məram olaraq qalır-  həqiqəti çatdırmaq, bu yolda məsuliyyət mədəniyyətini və dəyər daşıyan ənənələr sədaqətlə qoruyub saxlamaq.

Ustadları Həsən bəy Zardabinin yolunu davam etdirən dövrün digər ziyalıları və maarifpərvər insanlar ilk milli mətbu orqan “Əkinçi”dən sonra “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Kaspi”, “Həyat” “İrşad”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Füyuzat” və digər mətbuat orqanlarının yaranmasına nail oldular. Beləliklə, Azərbaycanda milli mətbuatın, jurnalistikanın ənənələri yaranmağa, formalaşmağa və inkişaf etməyə başladı.

Doğrudur, dünya jurnalistikası ilə müqayisədə Azərbaycan jurnalistikası tarixilik baxımından elə uzaq keçmişə malik olmasa da, əsryarımlıq bir dövrdə çox zəngin, ancaq son dərəcə ziddiyyətli mərəhələlərdən keçib gəlmişdir. Amma buna baxmayaraq, sözün həqiqi mənasında, milli jurnalistika fenomeni xalqımızın mənəvi dəyərlərini və etnik özünüdərkini formalaşdıran bir inistitut kimi öz fəaliyyət tarixini qiymətli bir irsə çevirmişdir. Ümummilli lideri Heydər Əliyev məhz bunu nəzərə alaraq deyirdi: “Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”.

Xalqımızın uzun əsrlik tarixinin XIX – XX əsrlərində milli jurnalistika ciddi maneələrlə, qadağalarla üzləşsə də, müstəqillik və azadlıq ideyalarının milli təfəkkürə nüfuz etməsində son dərəcə böyük rol oynamışdır. Xüsusilə tarixin dönüş mərhələləri jurnalistika, mətbuat üçün həmişə yüksək artım fəallıq dövrləri olub. Cəmiyyətdə baş verən hər hansı mühüm hadisələr: iğtişaşlar, müharibələr, inqilablar və digər tarixi faktlar mətbuatda fəallığın “parlaq alovlanmasına” səbəb olub. Azərbaycan tarixində XX əsr ərzində bu cür “alovlanmalar” ən azı üç dəfə müşahidə olunub. Birinci dövr 1917-1918-ci illərdə Rusiya imperiyasının dağılması, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ikinci AXC-nin iflası və Azərbaycanın SSRİ-nin tərkibinə daxil olması, üçüncü SSRİ-nin dağılması və müstəqil Azərbaycan dövlətinin yaranması.

Etiraf etmək lazımdır ki, SSRİ dönəmində Azərbaycan jurnalistikası peşəkarlıq baxımından ciddi bir formalaşma dövrünü yaşadı. Həmin illərdə SSRİ-də 8622 qəzet nəşr olunurdu ki, onun illik tirajı 50 milyard nüsxəyə bərabər idi. Onların sırasında Azərbaycanda doğma dilimizdə nəşr edilən “Kommunist” (indiki “Xalq qəzeti”), “Azərbaycan gəncləri, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi”, “Bakı” və sair qəzetlər də var idi.  Əlbəttə, bu mətbuat sovet ideologiyasının təbliğatı ilə məşğul idi, amma milli dəyərlərin qorunmasına, dilimizin, incəsənətimizin və mədəniyyətimizin inkişafına da böyük töhfələr verirdilər. Xüsusilə 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçilməsindən sonra bütün digər sahələr kimi milli mətbuatın inkişafında və milli jurnalist kadrlarının yetişməsində də çox mühüm tədbirlər həyata keçirildi. Məhz ümummilli liderin qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitutsiyası qəbul edilərkən orada Azərbaycan dilinin dövlət dili kimi öz yerini tapması milli mətbuatımızda ədəbi dilin, anadilli mətbuatın inkişafına və milli jurnalist kadrlarının hazırlanmasına xüsusi diqqət ayrıldı.

1969-cu il iyulun 14-də Ulu öndər Azərbaycan KP MK-nın birinci seçiləndən bir neçə ay sonra o dövrkü milli mətbuatımızın flaqmanı olan “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin Milli Dram Teatrının binasında 50 illik yubileyi keçirildi. Azərbaycanın yeni rəhbəri Heydər Əliyev həmin mərasimdə ana dilimizdə ilk dəfə geniş nitq söylədi. Bu, o dövr üçün görünməmiş bir hadisə idi. Çünki o qəbildən olan mərasimlərdə çıxışlar yalnız rus dilində aparılırdı.

Müstəqillik illərində həmin dövrün milli mətbuatına olan ədalətsiz hücumlara cavab verirmiş kimi ulu öndər Heydər Əliyev deyirdi: “Yada salaq, keçmiş ittifaqın informasiya məkanı necə idi? Bu, məkan əzəl başdan cəmiyyətin komanda siqnal sistemi kimi formalaşmışdı. Qəzet və efir partiya və hökumətin fərmanlarını, direktivlərini auditoriyaya çatdırır, növbəti təbliğat-təşviqat müddəalarını adamların şüuruna yeridir, “sosializm yarışı”nın gedişinə nəzarət edir, “xalq düşmənləri”ni gözdən qoymur və şəxsiyyətə pərəstişin xronikasını yaradırdılar. Lakin ideoloji senzorların aradan qaldıra bilmədikləri başqa hal da vardı: sıravi insana, vətəndaşa, onun ehtiyac və qayğılarına diqqət yetirilməsi”. Fikrimcə, sovet mətbuatının belə dəqiq və aydın təhlilini onu bütün incəliklərinə qədər bilən bir insan verə bilərdi — Heydər Əliyev. Bütün fəaliyyəti boyu olduğu kimi, qərəzsiz və ədalətli yanaşma.

XX əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun ortaya atdığı yenidənqurma qırmızı imperiyada milli münasibətlərin sürətlə kəskinləşməsinə, milli azadlıq hərəkatlarının açıq müstəviyə keçməsinə və müstəqillik ideyalarının bəyan edilməsinə meydan verdi. Məhz həmin illərdə müttəfiq respublikalarının əksəriyyətində olduğu kimi Azərbaycanın mətbuat tarixində də yeni intibah dalğası baş qaldırdı. Uzun illər sərt siyasi senzuranın məngənəsində saxlanılan sovet jurnalistikasının həyatı aşkarlığın gəlişi ilə dəyişməyə başladı. İctimai şüurun emansipasiyası baş verdi, tarixə maraq yenidən canlandı. Xüsusən də partiya ideologiyasından qurtulma ilə əlaqədar tarixin sovet dövrünün yenidən nəzərdən keçirilməsnə başlandı. Mətbuatda, televiziyada əvvəllər qadağan olunmuş, lakin o dövrdə çox aktual olan mövzular qaldırıldı. Jurnalistlər yenidən “xalqın səsinə” səs verir, reallığı dərk etmək üçün vacib şəxsə çevrilməyə başlayırdılar. Yeni, daha radikal yönlü mətbu nəşrlər üzə çıxırdı. Dissident sayılan yerli və xarici müəlliflərin əvvəllər qadağan olunmuş əsərləri əvvəlcə qəzetlərdə, sonra isə kitab halında nəşr olunurdu.

Etiraf etmək lazımdır ki, söz azadlığı və aşkarlıq SSRİ-nin dağılmaq ərəfəsində olduğu 1990-cı ildə qəbul edilmiş, KİV-in müstəqilliyi haqqında Qanunla üzvi şəkildə bağlı idi. Qətiyyətlə demək olar ki, məhz bundan sonra media əsas müxalifət qüvvəsini təmsil edən və sovet sosialist sisteminin əsaslarını dağıtmağa başlayan ən mühüm alətə çevrildi.

Yenidənqurma mərhələsində medianın müstəqil olması üçün mahiyyətcə unikal şərtləri var idi: senzuranın yoxluğu, bütün zəruri maddi-texniki resursların olması, dövlətin maliyyə dəstəyi. Bir çox respublikalardan fərqli olaraq Azərbaycanda senzura öz “səlahiyyətlərini” qoruyub saxlayır və o zamankı hakimiyyətin sifarişlərini cidd-cəhdlə yerinə yetirməyə çalışırdı. Artıq həmin illərdə ölkədə yeni və daha müstəqil qəzet və jurnallar işıq üzü görməyə başladı. Bu mətbuat orqanları ölkədə baş verən siyasi proseslərə müstəqil yanaşması ilə ciddi şəkildə fərqlənirdilər. Beləliklə, söz azadlığı, aşkarlıq, dövri mətbuatın, radionun, televiziyanın sürətli müstəqil inkişafına, onlar da öz növbəsində Azərbaycan cəmiyyətinin demokratik yeniləşməsinin aparıcı və təsirli amilinə çevrildilər.

Sovet hökuməti öz xalqına güvənməyi dayandırdı – xalq da ona eyni şəkildə cavab verdi. Sovet hökuməti əsas problemlərə – ictimai mülkiyyətə və ictimai hakimiyyətə münasibətdə xalqın inamını itirərək məğlub oldu və tarix səhnəsini tərk etdi. Bundan sonra artıq Azərbaycan özünün müstəqilliyi uğrunda çarpışmağa qalxdı və bu mübarizədə milli mətbuat, sözün əsl mənasında, ən fədakar qüvvə kimi proseslərin önündə addımlamağa başladı. Həmin illərdə “Azərbaycan”, “Meydan”, “Azadlıq”, “Ayna” (“Zerkalo”), “Aydınlıq”, “Səhər”, “Həyat” və digər mətbuat orqanlarında dərc olunmuş siyasi-publisistik yazılar, ölkənin müstəqillik yolundan narahatlıq hissi və vətəndaşlıq mövqeyi onları millətin obyektiv informasiya mənbəyinə çevirdi.

Millətimiz və xalqımız üçün ən böyük tarixi hadisələrdən biri 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi oldu. Bu, təkcə müstəqil dövlətçiliyimizin və suverenliyimizin bərpası ilə yanaşı, həm də azad və demokratik Azərbaycan mətbuatının formalaşması üçün geniş bir yolun açılması demək idi. Amma söz azadlığının başında Damokl qılıncı kimi asılan senzura bu işdə əngəl olaraq qalmaqda idi...

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə yeni qayıdışı ilə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu qayıdış ölkə üçün çox ağır bir dövrə təsadüf etsə də, müstəqil dövlətşiliyin möhkəm təməllər üzərində qurulmasında müstəsna rol oynadı. Media bu işdə ulu öndərin irəli sürdüyü həmrəylik cəmiyyətdə dövlətçiliyin müdafiəsi naminə yaratmaq missiyasını da üzərinə götürdü. Amma milli mətbuatın söz azadlığı və demokratik prinsiplər əsasında inkişafı siyasəti strateji xətt kimi daha qətiyyətlə inkişaf etdirilməyə başlandı. Əlbəttə, bu strateji xəttin təməlini də bir zamanlar qırmizi imperiyanın hakimi-mütləq olduğu illərdə belə “Qoy ədalət zəfər çalsın!” müsahibəsi ilə Kremli silkələyən Heydər Əliyev oldu.

Ulu öndər Heydər Əliyev hakimiy- yətdə olduğu bütün dönəmlərdə mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirirdi. Müstəqillik illərində milli mətbuatın tarixi rolunu yüksək dəyərləndirərək deyirdi: “Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir”.

Elə bu səbəbdən də Ulu öndər milli medianın yeni dövrün tələbləri səviyyəsində fəaliyyətini təmin etmək üçün mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirirdi. Müstəqillik dövründə də Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı məhz Heydər Əliyev imzalamışdı.

Azərbaycan müstəqillik qazandıqdan sonrakı illərdə ölkədə sosial-iqtisadi durum son dərəcə çətin idi və azad mətbuat maliyyə dayaqları olmadan yaşamaq iqtidarında deyildi. Mətbuatın, xüsusilə gündəlik və həftəlik qəzetlərin maliyyələşdirilməsi problemi artıq 1990 – 2000-ci illərdə ciddi şəkildə gündəmə gəlməyə başlayırdı. Qəzetlər dövlətdən, partiyadan maliyyələşdirilməyə öyrəşmişdilər, amma heç kim bazara hazır deyildi: reklam yox, pul almağa yer yox, hökumət isə həmtəsisçilıkdən geri çəkilir və qəzetləri maliyyələşdirməyi dayandırırdı. Buna görə də üzdə qalmaq, qəzet nəşr etmək çox çətin idi. Üstəlik, oxucuların əksəriyyəti abunə olduqları üçün köşklərdən qəzet almağa öyrəşməmişdilər. Təbii ki, hakimiyyət tərəfindən maliyyə dəstəyi alan ixtisaslaşmış nəşrlər var idi. Amma müstəqil media maliyyə burulğanında çapalamağa başlamışdı.

Məhz həmin illərdə ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10dan çox sərəncam və fərman imzaladı. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edildi və Azərbaycanda mətbuat orqanlarının dövlət qeydiyyatı ləğv olundu, mətbuat orqanlarının təsis olunması proseduru xeyli asanlaşdırıldı. Buna qədər isə məhz ümummilli lider Heydər Əliyev 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında”sərəncamı ilə Azərbaycanda senzuranı ləğv etdi və söz azadlığını, mətbuatın demokratik əsaslarla inkişafına misilsiz töhfə verdi.

Bu tədbirlərin davamı olaraq 2000-ci ilin martında “2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı” təsdiq edildi. 2002-ci ilin mayın 11-də ulu öndərin imzaladığı “Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” fərman KİV və milli mətbuatın inkişaf etdirilməsi və dünyəvi dəyərlərlə yenidən qurulması istiqamətində ən əhəmiyyətli tarixi sənədlərdən biri hesab edilməlidir.

Jurnalistlərə, media nümayəndələrinə son dərəcə böyük dəyər verən, sözün qiymətini, mətbuatın dövlətçilikdə yerini və rolunu yüksək dəyərləndirən Heydər Əliyev 2000-ci ilin ortalarında Rusiyanın “Jurnalist” jurnalının baş redaktoruna verdiyi müsahibədə deyirdi: “Demokratik mətbuat nə deməkdir? Çox ümumiləşdirilmiş şəkildə desək, bu, rəsmi və sırf fərdi nöqteyi-nəzərlərin ifadəsi üçün hüquqların bərabərliyinə nail olmaqdır, hakimiyyətin müxtəlif qollarının (o cümlədən də “dördüncü” qolunun, yəni mətbuatın özünün) fəaliyyəti haqqında operativ xəbərlər axınıdır. Nəhayət, mətbuat dövlətlə cəmiyyəti birləşdirən canlı əlaqə vasitəsidir, fasiləsiz ikitərəfli əlaqə kanalıdır. Yalnız bu şərtlər təminat yaradır ki, hökumət xalqın iradəsinə uyğun olaraq hərəkət edəcəkdir”.

Demokratik quruculuq prosesində medianın əhəmiyyətini və rolunu bu şəkildə qiymətləndirdiyi üçün Heydər  Əliyev azad mətbuatın inkişafına dəstəyini əsirgəmirdi. 2001-ci il dekabrın 27-də “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayan dövlət başçısı KİV-in maddi-texniki və maliyyə bazasının gücləndirilmək, söz, fikir və mətbuat azadlığının imkanlarını genişləndirmək üçün 5 maddədən ibarət fəaliyyət proqramı müəyyən etdi. Burada müvafiq nazirliklər və Respublika Baş Prokurorluğu qarşısında duran vəzifələr, aparıcı qəzet redaksiyalarının mükafatlandırılması, qəzetlərin “Azərbaycan” nəşriyyatına 2001-ci il üçün mövcud borclarının ödənilməsinin bir il uzadılması və bir çox digər göstərişlər əksini tapdı.

2002-ci ilin martında ulu öndər  Heydər Əliyev “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “2001-ci ildə “Jurnalistlərin dostu” adı ilə mükafatlandırıldı. Heydər Əliyev həyatı boyu çox yüksək mükafatlara, ali orden və medallara layiq görülmüşdü, ancaq “Jurnalistləri dostu” mükafatı onun üçün çox dəyərli idi. Onun özü bu mükafatı belə qiymətləndirdi: “Sizi əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam”.

Heydər Əliyev həqiqətən sonrakı sərəncamlarında və addımlarında göstərdi ki, bu sözləri təsadüfən deməyib. Məhz bu mükafatlandırmadan bir il sonra 2003-cü ilin mart ayında media-hakimiyyət münasibətlərini tənzimləyən qurum –Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar ümummili lider Heydər Əliyevin arzusunda olduğu azad, sərbəst və demokratik ölkənin azad və demokratik milli mətbuatının formalaşmasında, ümumiyyətlə, müstəqil mətbuat tariximizdə əlamətdar hadisələr idi.

Bütün bunlarla yanaşı, Ümummmilli lider mətbuat və milli jurnalistika qarşısında duran vəzifələri də özünəməxsus şəkildə media nümayəndələrinə çatdırır və onlara qiymətli tövsiyələrini verirdi. 2002-ci il mayın 11-də tədbirlərin birində çıxış edərkən ulu öndər deyirdi: “Çağdaş zəmanəmizdə milli mətbuatımızın üzərinə daha böyük vəzifələr düşür və biz əminik ki, bütün müsbət və mənfi tərəflərinə baxmayaraq, mətbuatımız getdikcə daha da inkişaf edəcəkdir. Mətbuat cəmiyyətin güzgüsüdür və elə buna görə də, bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti, doğruçuluğu, düzgünlüyü və obyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər. Belə olarsa ölkəmizdə həqiqətən də əsil azad, müstəqil mətbuat formalaşar və bundan bütün xalqımız, ölkəmiz faydalanar”. Bununla böyük dahi KİV-in nə qədər böyük gücə malik olduğunu, jurnalistikamızın, mətbuat işçilərinin peşə doktrinalarına ciddi və məsuliyyətli şəkildə əməl etmələrini xatırladırdı.

Ümummili liderin bütün digər sahələrdə olduğu kimi, mətbuata diqqət və qayğısı da onun siyasi varisi, XXI əsrin lider siyasətçisi, Prezident İlham Əliyev idarəçilik strategiyasının prioritet sahələrindən birinə çevrildi. Dövlət başçısı fəaliyyətə başladığı ilk gündən mətbuata daim açıqdır və KİV-in inkişafına xüsusi qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, 2005-ci ildə “Əməkdar jurnalist” adı bərpa olundu və birbaşa Prezidentin sərəncamı ilə bir qrup jurnalist bu fəxri ada layiq görüldü.

Prezident İlham Əliyev mətbuatın, bütövlükdə KİV-in əsas problemlərinin maliyyə təminatının olmadığından irəli gəldiyini bilirdi və ona görə də ilk addımlarından biri qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının silinməsi barədə sərəncamı imzaladı. Lakin bununla problemlərin həll olunmayacağı da bəlli idi və bu səbəbdən dövlət başçısının tapşırığı ilə müstəqil mətbuatın inkişafının əsas istiqamətlərini müəyyənləşdirən Dövlət Konsepsiyası işlənib hazırlandı. Prezidentin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə bu sənəd təsdiq edildi. 2009-cu il aprelin 3-də isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. 2010-2018-ci illərdə dövlət büdcəsindən KİVDF-yə 32,4 milyon manat vəsait ayrıldı. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan jurnalistlər üçün mənzillərin tikintisinə 67 milyon manat vəsait ayrıldı.

Dövlətin mətbuat və KİV-ə dəstəyi, şübhəsiz ki, bununla bitmir. Məqsəd mətbuatın müstəqil inkişafı, azad sözün siyasətdən, digər öhdəliklərdən xilas olması və vətəndaşların həqiqəti bilmək hüququnun təmin olunmasıdır. Milli mətbuat məhz bunu istiqamət götürməlidir – tərəfsiz və qərəzsiz olmalıdır.

Bu gün Azərbaycanda KİVin azadlığı məsələsi artıq çoxdan ölkənin aktual problemləri cərgəsindən kənarda qalıb. Çünki sivil dünyanın ən danılmaz, ən dəyərli və vacib insan hüquqlarından olan söz və mətbuat azadlığının təmin olunması üçün ulu öndər Heydər Əliyevin dövründə, ondan sonra isə Prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində qəbul olunmuş qanunlar, imzalanmış fərman və sərəncamlar bu istiqamətdə zəruri hüquqi baza yaratmışdır. Müstəqil Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyətinin vacib göstəricilərindən olan bu azadlıqlara indi heç bir siyasi dəyişiklik ciddi təsir etmək iqtidarında deyil.

Məhərrəm SƏFƏRLİ,  

Beynəlxalq Jurnalistlər  Federasiyasının üzvü

 

 



Siyasət