Şuşa Bəyannaməsindən Qarabağ Bəyannaməsinədək

post-img

V məqalə

Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Yeni nəqliyyat infrastrukturu

Sirr deyil ki, indiki tarixi mərhələdə dövlətlərarası münasibətlərdə səmərəli və qarşılıqlı faydalı əmək­daşlıq üstünlük təşkil edir. Müstəqil dövlətin inkişaf səviyyəsindən və gücündən asılı olmayaraq tərəqqi etmək imkanları sırasında nəqliyyat infrastrukturu önəmli yer tutur. Buna görədir ki, indi ən güclü döv­lətlər tərəfindən irəli sürülən əməkdaşlıq platforma­larında nəqliyyat və loqistika mühüm göstərici sayı­lır. Ancaq məsəlnin bu tərəfi heç də ən yaxşı sayıla biləcək platformalarda reallaşa bilmir. Bunun ciddi geosiyasi, siyasi, kommunikativ və iqtisadi səbəbləri vardır. 

Hər şeydən öncə, nəqliyyat infrastrukturu sabit məkanda yaradılmalıdır. Əgər nəqliyyat infrastruk­turu müxtəlif növ çaxnaşmalar, qarşıdurmalar, siyasi və geosiyasi silkələnmələr olan məkanda yaradılır­sa, onun stabil işləycəyinə təminat vermək çətindir. Bu da avtomatik olaraq “etibarsız və təminatsız mə­kan” obrazı yaradır. Belə bir imicə malik infrastruktu­run olduğu yerə ciddi təşkilatlar və insanlar sərmayə qoymazlar. Deməli, real həyata keçə bilən nəqliyyat infrastrukturunu qurmaq üçün gözəl ideya və plan­lar yetərli deyil. Bu ideyanı irəli sürən siyasi subyekt (məsələn, dövlət və ya şirkətlər qrupu) sabitlik və təhlükəsizliyi təmin etmənin real mexanizmlərinə malik olmalıdır. Məsələnin ən çətin tərəfi bu məqam­la bağlıdır.

Azərbaycan Prezidenti bu kimi vəzifələrin öhdə­sindən gəlməyin böyük məharətini göstərməkdədir. Bu zaman İlham Əliyev qarşılıqlı faydalı sabit əmək­daşlığı təmin edə biləcək bir neçə faktoru diplomatik və liderlik ustalığı ilə sintez edə bilir. Nümunə kimi Azərbaycanın enerji strategiyası (banisi ulu öndər Heydər Əliyevdir), “Əsrin müqaviləsi” (1994-cü il), Şuşa Bəyannaməsi (2021-ci il) və Qrabağ Bəyan­naməsinin verdiyi siyasi, hüquqi, iqtisadi, maliyyə, təhlükəsizlik və qarşılıqlı faydalanmaq imkanları ilə Çindən başlayan Orta dəhliz layihəsi, Zəngəzur dəhlizi məsələsini bir-biri ilə sıx əlaqələndirməsini göstərə bilərik. 

Özlüyndə geniş bir geosiyasi məkanı (multiregio­nal miqyas) əhatə edən bu proqramları əlaqələndir­mək çox ciddi siyasi-diplomatik və liderlik nümunəsi­dir. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərin enerji strategiyası kursunun bütün ele­mentlərinə zərgər dəqiqliyi ilə əməl etmişdir. Bütün situasiyalarda, bu, belə olmuşdur. Bu strategiya Cə­nubi Qafqaz, Şərqi Avropa və bütövlükdə, Avrasiya miqyasında ən ciddi böhranların olduğu zamanda belə axsamamışdır. Bunun təsdiqi kimi, XXI əsrin bi­rinci onilliyinin son illərində düşdüyü və uzun müddət çıxa bilmədiyi siyasi-hərbi və təhlükəsizlik böhranı (əyani əlaməti 2008-ci il Rusiya – Gürcüstan sava­şıdır) əvvəli, onun gedişi və sonrakı mərhələsində İlham Əliyevin eyni templə həmin istiqamətdə enerji strategiyasını həyata keçirməsidir. Fəlsəfi və poli­toloji olaraq burada araşdırılmalı çoxlu sayda para­metrlər mövcuddur. 

Siyasi-diplomatik məharət

Lakin onlara ümumnəzəri baxış da İlham Əliyevin enerji siyasətini siyasi varislik əsasında böyük uğur­la həyata keçirdiyini görməyə imkan verir. Belə ki, 2008-ci ilə qədər Gürcüstanda hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq İlham Əliyev bu ölkəyə səfərlər edir, enerji sahəsində konkret addımlar atır və onların nəticəsi kimi Bakı – Tbilisi – Ceyhan strateji enerji nəqli maşrutunu işə salır. Bu kəmərin Azərbaycan hissəsi ilə Gürcüstan hissəsi 2004-cü ilin oktyabrında birləşdi. 2006-cı il iyulun 13-də Tür­kiyənin Ceyhan şəhərində isə Heydər Əliyev adına Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəmərinin açılışı oldu. 

Başqa bir fakt. 2001-ci ildə Ulu öndər Türkiyə və Gürcüstanla Azərbaycan təbii qazının tədarükü, tranziti, nəql edilməsi və satışı ilə bağlı iki mühüm saziş imzaladı. 2007-ci il iyulun 3-də həmin sazişlərin reallaşması sonucu kimi Cənub Qafqaz Boru Kəməri ümumi adı altında Bakı – Tbilisi – Ərzrum qaz kəməri işə başladı. Prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycanın enerji strategiyasına uyğun iki mühüm sazişi 6 il müddətində həyata keçirdi. 

İlham Əliyevin həmin mərhələdə yeni nəqliyyat infrastrukturu yaratmaq istiqamətindəki fəaliyyəti davamlı olaraq inkişaf etmişdir. 2003-2014-cü illər ərzində Azərbaycan Prezidenti dəfələrlə Gürcüstana səfərlər etmişdir. Bu proses 2013-2014-cü il Rusi­ya – Ukrayna enerji böhranı zamanı da dayanmadı. Əksinə, məlum oldu ki, 2007-ci ildə işə salınan Cə­nub Qaz Boru Kəməri layihəsi ikinci mərhələnin və Cənub qaz dəhlizi layihəsinin təməlidir. Hələ 2012-ci ildə Prezident İlham Əliyev Cənub qaz dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi ilə bağlı qardaş Türkiyə Respublikası ilə saziş imzalamışdır. 2014-cü ilin sentyabrında isə Səngəçalda Cənub qaz dəhlizinin təməli qoyuldu. Bu layihə özündə dörd elementi birləşdirir: “Şahdəniz-2” yatağı, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri. 2018-ci ildə Səngəçalda Cənub qaz dəhlizinin açılış mərasimi olmuşdur!

Bunlarla yanaşı, İlham Əliyev digər marşrutlar üzrə layihələri də həyata keçirmişdir. Məsələn, Bakı– Tbilisi – Qars dəmir yolu layihəsini indi “Dəmir ipək yolu” adlandırırlar. Azərbaycan Prezidenti Mərkəzi Asiya istiqamətində də mühüm layihələri həyata ke­çirməkdədir. Burada Mərkəzi Asiya dövlətlərinin nefti və qazının Azərbaycan ərazisi vasitəsilə Gürcüs­tana, Türkiyəyə və Avropaya daşınması kimi vacib məsələ də vardır. 

Azərbaycan Prezidenti təbii neft və qazla bağlı yeni infrastruktur yaratmaqla yanaşı, bəpaolunan və “yaşıl” enerji növləri üzrə yeni nəql marşrutlarını Avropa istiqamətində yaratmışdır. Bu proses davam edir. 

Orta dəhliz və Zəngəzur yolu

Digər nümunələr də vardır. Lakin vurğulanan məqamlar maraqlı bir ümumiləşdirmə aparmağa ki­fayət edir. Belə ki, Prezident İlham Əliyev yeni nəq­liyyat infrastrukturu yaratmaq prosesini uğurla daha geniş miqyasda digər faktorlarla harmoniya edə bil­mişdir. Onların sırasında Orta Dəhliz layihəsi xüsusi yer tutur. Orta dəhliz Çinin “bir kəmər, bir Yol” bey­nəlxalq çoxfaktorlu əməkdaşlıq platformasının tər­kibinə daxildir. Həmin dəhliz vasitəsilə Çindən baş­layaraq Mərkəzi Asiyadan və Qafqazdan keçməklə geniş bir geosiyasi məkanda nəqliyyat-loqistika xidmətləri üzrə yeni infrastruktur yaratmaq və Av­ropaya, Yaxın Şərqə, Afrikaya eyni səmərə ilə çıxış etmək məqsədini daşıyır. 

Azərbaycan bu məqsəddən səmərəli faydala­na bilmişdir. Belə ki, Prezident İlham Əliyev Orta dəhlizin iqtisadi, maliyyə aspektləri ilə təhlükəsizlik və qarşılıqlı faydalı qazanc götürmək potensialını birləşdirərək həm Mərkəzi Asiya, həm də Avropa istiqamətində nəqliyyat-loqistika infrastrukturunu yaratmaq və yeniləşdirmək funksiyasını öz üzərinə götürmüşdür. Mərkəzi Asiya istiqamətində, bu, Azər­baycan Prezidentinin Türk Dövlətləri Təşkilatı əra­zisi boyu Orta dəhlizin sabit işləməsini təmin edən müxtəlif tədbirləri həyata keçirməsini əhatə edir. Av­ropa istiqamətində isə Türkiyəyə birbaşa quru yolla çıxışı təmin etməli olan Zəngəzur dəhlizinin açılması yönündə aparılan mübarizəni əhatə edir. 

İlham Əliyevin siyasi-diplomatik və liderlik mə­harətinin məhz bu aspekti iki qənaəti ortaya qoyur. 

Birincisi, Azərbaycan Prezidenti Şuşa Bəyan­naməsinin verdiyi siyasi, hüquqi və əməkdaşlıq po­tensialını tarixi baxımdan qısa bir müddətdə geniş bir geosiyasi məkanda Azərbaycan üçün siyasi və geoiqtisadi dividentə çevirə bildi. Bu prosesdə türk dövlətləri ilə əməkdaşlıq platformasının davamlı ola­raq inkişaf etdirilməsi prinsipial yer tutmaqdadır. Hə­min bağlılıqda İlham Əliyev iki hədəfə çatdı. Onlar­dan biri Şuşa Bəyannaməsini tədricən türk dövlətləri arasındakı əməkdaşlıq platformasının mərkəzi halı­na gəlməsinin təmini ilə bağlıdır. Şuşa Bəyannamə­si faktiki olaraq praktiki müstəvidə türk dövlətlərinin yeni geniş əməkdaşlıq platformasının fəlsəfi və siya­si-ideoloji bazası statusunu aldı. 

İkinci hədəf türk dövlətlərini Orta dəhlizin real­laşması kontekstində Zəngəzur dəhlizi məsələsinin həllinə cəlb edə bilməsi ilə əlaqəlidir. Bunun konkret təzahürlərindən biri türk dövlətləri başçılarının tez-tez Qarabağa səfər etmələri və real əməkdaşlıq la­yihələri ilə orada iştirak etməsidir. Onu da deyək ki, İlham Əliyev Belarus və Rusiyanı da həmin kontekstdə Zəngəzur məsələsində aktiv olmağa stimullaşdır­mışdır. Artıq hər iki slavyan ölkəsi Qarabağa sərmayə qoymaq yarışına girişmişlər. Təbii ki, bunun məntiqi davaşı və geosiyasi tələbi regionda kommunikaya xətlərinin, o cümlədən, Zəngəzur Dəhlizinin açılması olacaqdır! Buna görə də Azərbaycan və Türkiyə Pre­zidentlərinin Zəngəzurla bağlı çox nikbin fikirlərinin tam əsası vardır. Burada Azərbaycan Prezidentinin böyük fəaliyyətinin töhfəsini görmək lazımdır! 

Türk dünyasının maraqlarına transformasiya

İkinci qənaət ondan ibarətdir ki, Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin potensialından mə­harətlə yararlanaraq Türk dünyasının maraqlarını multiregional miqyasa vahid təşkilatlanma prosesi kontekstində transformasiya edə bildi.Vurğuladığı­mız siyasi-diplomatik və liderlik özəlliyi yalnız polito­loji deyil, həm də fəlsəfi baxımdan prinsipial aktuallıq kəsb etdiyindən üzərində bir qədər geniş dayanaq. 

Müasir müstəqil dövlətlərin tarixində analoji nü­munə yoxdur. İlham Əliyev çox çətin regional geo­siyasi şərtlər daxilində nəinki Şuşa Bəyannaməsinə əsaslanan Azərbaycan – Türkiyə strateji müttəfiqliyi­ni qoruya bildi, hətta onun potensial imkanlarından bütün türk dünyasının yararlana biləcəyini əyani sü­buta yetirdi. Həmin sübutlar yuxarıda vurğuladığımız konkret əməkdaşlıq layihələridir. 

Azərbaycan Prezidenti bir neçə istiqamətdə hə­min məqsədlə fəaliyyətini daha intensiv etdi. Nəticə­də Avropa istiqamətində enerji sahəsində bir neçə layihə meydana gəldi. Onlar həm də enerjinin bər­paolunan və “yaşıl” adlandırılan növlərinə aiddirlər. Hazırda Azərbaycan Prezidentinin fəaliyyəti nəticə­sində Avropa Birliyi enerji təhlükəsizliyi ilə milli təh­lükəsizliyin qarşılıqlı təmini məsələsində Azərbay­canı etibarlı və perspektivli tərəfdaş kimi qəbul edir. Azərbaycanın enerji layihələri Cənubi–Şərqi Avropa öklələrini (İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Serbiya və s.) enerji ilə təmin etməkdə ciddi rol oy­nayır. 

Məlumdur ki, AB-nin “Repower Europe” adlı enerji təminatını və nəqlini şaxələndirmə planı var­dır. Azərbaycan Avropa Birliyi ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalamışdır. İlham Əliyev bu anlaşmanın verdiyi im­kanlar çərçivəsində həm Azərbaycan və bütövlükdə türk dünyası, həm də Avropa üçün güclü geosiyasi əhəmiyyəti olan addımlar atmışdır. İlham Əliyevin bu istiqamətdə təşəbbüsləri “Repower Europe” planının reallaşmasına uyğundur. Nümunə kimi Azərbaycan Prezidentinin Yunanıstan–Bolqarıstan Qaz İnter­konnektorunun (IGB) işləməsinə verdiyi töhfələri göstərmək olar. Sofiyada bu obyektin açılışı zamanı Bolqarıstan tərəfi Azərbaycanın oynadığı çox müs­bət rolu səmimiyyətlə xüsusi olaraq vurğulamışdır. Konkret olaraq, Azərbaycan TAP və TANAP xətti ilə Avropa istiqamətində qaz ixracatını dəfələrlə artır­mağa başlamışdır. Bu, yeganə nümunə deyildir. TAP və TANAP-la bağlı digər interkonnektorlar da işə sa­lınmışdır və nəql marşrutu bir neçə Avropa ölkəsini əhatə edir. 

Azərbaycan başqa bir enerji layihəsinin təşəb­büskarı və aktiv iştirakçısıdır. 2022-ci ildə Azərbay­can, Gürcüstan, Rumıniya və Macarıstan arasın­da “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş dörd ölkənin milli və regional enerji təhlükəsizliyinə töhfə verəcəkdir. Eyni zamanda, enerji mənbələrinin şaxələndirilməsinə xidmət edəcəkdir. Bununla faktiki olaarq Cənubi Qafqazla Avropanı əhatə edən yeni “əməkdaşlıq dairəsi” formalaşmışdır. 

Bütün bunlar Azərbaycan Prezidentinin enerji si­yasətini Avropa istiqamətində geosiyasi və milli təh­lükəsizlik kontekstini nəzərə alaraq inkişaf etdirmə­sinin nümunələridir. Burada fəlsəfi aspektdə maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti bu addımlarla enerji faktorunu Şuşa Bəyannaməsinə əsaslanan strateji müttəfiqliyin şərtlərinə və eyni za­manda, bütövlükdə türk dünyasında inteqrasiyaya xidmət edəcək şərtlərin ödənməsinə bağlaya bilmiş­dir. Müasir dönəmdə bu istiqamətdə uğurlu olmaq böyük siyasi-diplomatik məharət tələb edir. 

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət