Azərbaycan və Pakistan münasibətlərini qarşılıqlı dəstək, səmimiyyət və hörmət üzərində qurmuş iki dost, qardaş dövlətdir. Bu gün tərəflər bütün sahələrdə - siyasi, iqtisadi, enerji, hərbi, humanitar, mədəni sahələrdə əlaqələri gücləndirirlər. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir. Prezident İlham Əliyevin Pakistana iki günlük rəsmi səfərinin bu strateji münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla, hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcəyi sirr deyil.
Əvvəlcə onu qeyd edək ki, səfər zamanı Prezidenti İlham Əliyevin təyyarəsin Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərrəfindən qarşılanması və enənədək müşayiət etməsi, dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açılması, Azərbaycana, onun liderinə olan dərin hörmət və ehtiramın təzahürü idi. Çünki Bakı ilə İslamabad arasındakı münasibətlər iki xalq arasında tarixi, mədəni yaxınlığa və qarşılıqlı hörmətə əsaslanan əsl dostluq nümunəsidir. Təsadüfi deyil ki, Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Rəsmi İrəvanın bütün cəhdlərinə baxmayaraq, Pakistan həmişə Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edib və işğalçı ölkə ilə hələ də diplomatik münasibətlər qurmayıb. Məhz bu qardaşlıq dəstəyinə görə Pakistan haqlı olaraq xalqımız tərəfindən sevilir və vətəndaşlarımız bu ölkəyə xüsusi ehtiram göstərir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bütün Azərbaycan yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı rəsmi İslamabadın ölkəmizə ənənəvi siyasi dəstəyinin nəticəsi olaraq xalqımız böyük qələbə şənliklərinə əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları ilə çıxmışdılar.
Xüsusilə vurğulanmalıdır ki, Prezident İlham Əliyevin Pakistan səfəri ikitərəfli münasibətləri dəyişdirəcək dönüş nöqtəsi kimi tarixə düşdü. Pakistanın Baş nazirinin təbirincə desək, bu səfər qardaşlıq əlaqələrində həlledici məqam və iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün xəbərçisi oldu. Bundan başqa imzalanmış sənədlərin Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açacağı şübhəsizdir. Qeyd olunduğu kimi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var və tərəflər ciddi şəkildə qarşılıqlı fəaliyyətin artırılmasına daha da təkan verəcək.
Bakı ilə İslamabad arasında əlaqələr Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatı çərçivəsində də inkişaf edir. Bu format rəsmi olaraq 2017-ci ilin noyabrında Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda ilk üçtərəfli görüşü zamanı işə salınıb. 44 günlük müharibə zamanı üçtərəfli format güc sınağından uğurla keçərək özünü həqiqi dostların ittifaqı kimi təsdiqləyib. Dünya miqyasında ədalətli mövqeyinin müdafiəsi kontekstində Azərbaycan üçün Türkiyə və Pakistanın mənəvi-siyasi dəstəyi böyük əhəmiyyət kəsb edib. Bu dəstək müharibədən sonrakı dövrdə də davam edir. Xüsusilə Türkiyə və Pakistan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada genişmiqyaslı bərpa işlərinin aparılması üçün Azərbaycana lazımi köməklik göstərir. Bir sözlə, Bakı ilə İslamabad arasında müttəfiqlik əlaqələrinin qurulması, ikitərəfli səmimi qardaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi hər iki ölkənin həyati maraqlarına cavab verir.
İqtisadi sahədə də inkişaf üçün ciddi potensial var. Artıq iki ölkə hökumətləri ticarət, investisiya, sənaye, enerji, nəqliyyat və nəqliyyat dəhlizlərinin praktiki məsələləri ilə məşğuldurlar. Prezident İlham Əliyevin əminliklə qeyd kimi bütün planlar həyata keçiriləcək. Bunlara ikitərəfli ticarətin və birgə investisiyaların genişləndirilməsi daxildir. Qarşılıqlı faydalı layihələrə ilkin investisiyaların 2 milyard dollar təşkil edəcəyi gözlənilir.
Ümumiyyətlə, Pakistan tərəfi Azərbaycan şirkətlərinin ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində çox sayda Pakistan şirkəti qeydiyyatdan keçib. Eyni zamanda, Pakistan şirkətləri də azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərində iştirak etmək üçün müraciət ediblər. Azərbaycan Pakistanla ticari-iqtisadi əlaqələrin genişləndirilməsini vacib hesab edir.
Bir sözlə, Prezident İlham Əliyevin Pakistan səfəri Azərbaycan diplomatiya tarixində xüsusi iz buraxmaqla yanaşı, həm də iqtisadi, geosiyasi baxımından müstəsna rol oynadı. Səfərin mahiyyəti və imzalanan sənədlər nüvə dövləti olaraq qlobal arenada xüsusi çəkisi olan Pakistan kimi ölkə ilə Azərbaycanın strateji müttəfiqliyini daha yüksək səviyyəyə qaldırdı. Eyni zamanda, bu səfər Prezident İlham Əliyevin dünyada sülhə, barışa, bölgədə inkişafa yönəlik mükəmməl xarici siyasətinin zirvə nöqtəsi kimi yadda qaldı. Buna görə də, şübhə yoxdur ki, Prezident İlham Əliyevin Pakistana budəfəki səfəri uzunmüddətli perspektivdə əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə töhfə verəcək, həm ikitərəfli əsasda, həm də yeni əməkdaşlıq formatı çərçivəsində ölkələrimiz arasında münasibətlərə yeni məzmun və keyfiyyət gətirəcək.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü