Mustafa Çətinkaya: Azərbaycan-Türkiyə dostluğu dövlət başçılarımızın siyasi iradəsi ilə daha da möhkəmlənir

post-img

İki qardaş ölkə olan Türkiyə ilə Azərbaycanın münasibətləri hazırda özünün yüksəliş dövrünü yaşayır. Ölkələrimiz arasında əlaqələrin dərin kökləri var. Biz bir-birimizə çox bağlıyıq və bu bağlılıq həm Azərbaycan, həm də Türkiyə dövlət başçılarının siyasi iradəsi ilə daha da möhkəmlənməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, peşəkar bələdçi Mustafa Çətinkaya söyləyib.

Ölkələrimiz arasındakı əlaqələrin ötən əsrin sonlarından daha da genişləndiyini diqqətə çatdıran M.Çətinkaya münasibətlərimizin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

"Biz dəyərlərimizə sahib çıxmalı, görkəmli şəxsiyyətlərimizi daim ehtiramla xatırlamalıyıq. Azərbaycanın Nizami Gəncəvi, Füzuli kimi mütəfəkkirləri, Ulu Öndər kimi görkəmli şəxsiyyəti var.

Türkiyədə də belə şəxsiyyətlər kifayət qədərdir. Barış Mançonu bütün Türk dünyası tanıyır. Azərbaycanda da Barış Mançonun çox sevildiyini bilirik. Biz sizin, siz də bizim mahnıları, ədəbiyyatımızı yaxşı bilirik. Azərbaycan musiqisi insanı valeh edir”, -deyə M.Çətinkaya vurğulayıb.

Müxtəlif sahələrdə əməkdaşlığımızın dərinləşməsindən məmnunluğunu ifadə edən M.Çətinkaya Türkiyədən olan tələbələrin Azərbaycan da daxil olmaqla, digər türkdilli ölkələrdə təhsil aldıqlarını, onların da Türkiyədə təhsil almalarının təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb. Qeyd edib ki, ticarət, turizm, mədəniyyətdən başqa, digər sahələrdə əlaqələrimiz uğurla inkişaf etdirilir.

TÜRKSOY-un layihələrinin önəmini vurğulayan müsahib Türkiyənin bu istiqamətdə bütün lazımi addımları atdığını bildirib.

"Dövlətimizin siyasətinin reallaşdırılması istiqamətində bütün mümkün imkanlardan istifadə etməyə çalışırıq. Azərbaycan-Türkiyə dostluğu digər Türk dövlətləri üçün nümunədir. Ölkələrimiz arasındakı əlaqələr gün keçdikcə daha da inkişaf edir", -deyə bələdçi fikirlərini yekunlaşdırıb.

Siyasət