Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır

post-img

“İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək, biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.”

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu müdrik fikirləri artıq reallığa çevrilib. Yenilməz Ordumuz  böyük qəhrəmanlıq göstərərək 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdi. İndi həmin ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam edir.  Keçmiş məcburi köçkün soydaşlarımız böyük coşqu ilə doğm ata-baba yurdlarına qayıdırlar. Bütün bunlar ordumuzun dünyanın 50 ən güclülərindən biri olduğunu bir daha təsdiqlədi. Dörd ildir ki, xalqımız  Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu, qalib xalq kimi qeyd edir. Beynəlxalq ictimaiyyət də Azərbaycan Ordusunun dünyanın ən güclüləri sırasında olduğunu etiraf edir. Ordumuz qürurumuzdur. Ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir. 

Bu fikirləri redaksiyamıza Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Tanınmış hüquqşünas deyib ki, ordu quruculuğu ölkəmiz üçün daim  prioritet məsələ olub. Təbii ki, güclü dövlətin güclü ordusu olmalıdır. Ərazisinin 20 faizinin 30 il düşmənin işğalında olduğu bir vaxtda, sözsüz ki, ordu quruculuğu zəruri məsələlərdən biri olmalı idi. Hər bir müstəqil dövlətin ordusu onun əsas atributlarından biridir. Məhz buna görə də güclü, nizami ordu yaratmaq prioritet məsələlərdən biri olub. Bu gün dünya birliyinə də bəllidir ki, Azərbaycanda elə bir güclü ordu yaradılıb ki, istənilən vəzifəni icra edə bilir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilən təlimlər, döyüş potensialının gücləndirilməsi, beynəlxalq standartlara cavab verə biləcək hərbi sənayenin yaradılması məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.  Azərbaycan Ordusunun formalaşması, Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

Ç.Qənizadə  bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illər müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi nəticəsində Ermənistan  torpaqlarımızı işğal edirdi. Belə bir zamanda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Hüquq müdafiəçisinin sözlərinə görə, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu öndər deyirdi ki, ordu mövzusu, ordunun yaranması, formalaşması, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir. Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Hüquq müdafiəçisinin sözlərinə görə, Ulu öndərin siyasi kursunu layiqincə davam etdriən Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu prioritet vəzifə kimi qarşıya qoydu. Dövlət başçımızın diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Effektiv ordu quruculuğu siyasətinin məntiqi nəticəsi idi ki, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı: “Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Bütün bunların uğurlu nəticəsi 2020 ci il noyabrın 10-da özünü açıq şəkildə büruzə verdi. Həmin gün dünya birliyi də Azərbaycan Ordusnun gücünün, qüdrətinin şahidi oldu. Yenilməz Ordumuz Ermənistanın 30 illik işğal siyasətinə birdəfəlik son qoydu və Azərbaycanı dünyada qalib xalq kimi tanıtdı.  Azərbaycan əsgərinin vətənpərvərlik ruhu ayrıca bir mövzudur. İkinci Qarabağ müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, öz missiyamızı başa vurmalıyıq. Vurdular da. Bu, Azərbaycan əsgərinin vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasından xəbər verir”.

Hüquq müdafiəçisi deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ordumuzun gücünü, qüdrətini yüksək qiymətləndirib: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

 

XQ

Siyasət