Ölkələrin taleyi onun ordusundan asılıdır. Çünki ordu dövlətin özəyi, dayağı, bütövlüyünün və müstəqilliyinin əsas təminatçısı, təhlükəsizliyinin etibarlı keşikçisidir. Güclü ordu olmadan uğurlu iqtisadiyyat da olmaz. Məhz güclü və nizamlı silahlı qüvvələrinin olduğu şəraitdə dövlət milli iqtisadi inkişafa və ümummilli rifaha nail ola bilər. Buna görə də, “soyuq müharibə”nin başa çatmasından sonra geosiyasi burulğana düşən Azərbaycanın birinci Qarabağ müharibəsində torpaqlarının işğal edilməsinin başlıca səbəblərindən biri də o dövrdə ölkədə güclü və nizamlı ordunun olmaması idi. Məhz bu amil xalqımıza faciələr yaşatdı, düşmənə meydan verdi, torpaqlarımız ardıcıl işğal olundu. Təsadüfi deyil ki, xalqımızın əziz övladı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra ölkəmizdə ordu quruculuğu prosesinə başlanıldı. Ulu Öndərin birbaşa rəhbərliyi ilə nizami, peşəkar ordu yaradıldı və gələcək qələbələrimizin əsası qoyuldu. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün yeni qanunların qəbul olunması, bununla yanaşı, ordunun döyüş hazırlığının artırılması, NATO ilə yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin qurulması Heydər Əliyevin Azərbaycan dövləti qarşısında ən böyük xidmətlərindən biridir.
Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gün olan 26 iyunun ölkəmizdə bayram kimi təntənəli şəkildə qeyd olunması da təsadüfi deyil. Bu günün bayram kimi tarixə salınmasının müəllifi də müasir Azərbaycan ordusunun qurucusu Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Məhz 26 iyun 1918-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk Azərbaycan korpusu yaradılmışdı. Bu fərmanla Heydər Əliyev ordu quruculuğunda tarixi həqiqətin və davamlılıq ənənələrinin bərpası istiqamətində zəruri addım ataraq keçmişə ehtiramını nümayiş etdirmişdi.
Böyük strateq siyasi hakimiyyətə qayıtdığı dövrdə çox gözəl bilirdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə müqavimət göstərmək mümkün deyil. Ona görə 1994-cü ildə bağlanmış atəşkəs sazişi ölkəmizdə ordu quruculuğuna və iqtisadi inkişafına nəfəs verdi. Qısa zaman ərzində iqtisadiyyatı güclənən Azərbaycan Cənubi Qafqazın ən böyük, müasir, yüksək döyüş hazırlığına malik peşəkar ordusunu yarada bildi.
Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti sahəsində başladığı işlər Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildi. Aparılan uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətini ildən-ilə artıran Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının daha da gücləndirilməsinə nail oldu. Beləliklə, son otuz ildə həyata keçirilmiş hərbi islahatlar özünü doğrultdu, Azərbaycan tarixində ən qüdrətli, arsenalında ən müasir silahlarla təchiz olunmuş peşəkar ordu yarada bildi. Amma torpaqlarımızı otuz il işğal altında saxlayan düşmən bu amili və ölkəmizin sülh çağırışlarını dəyərləndirməyi bacarmadı.
Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “ Azərbaycan Ordusu torpaqları azad etməyə qadirdir” bəyanatı 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində öz təsdiqini tapdı.
44 günlük Zəfər savaşında və bir gün çəkən antiterror tədbirlərində dünya Azərbaycan əsgərinin şücaətini və ordumuzun gücünü gördü. Tək Şuşa şəhərinin azad olunması dünya hərb tarixi üçün əvəzolunmaz və hər zaman heyrətlə xatırlanacaq hadisədir. Azərbaycana qələbə və qürur yaşadan bu zəfər savaşının müəllifi 106 yaşlı qəhrəman ordumuzdur. Geosiyasi mövqeyindən irəli gələn beynəlxalq nüfuzu, yeraltı və yerüstu sərvətləri hesabına əldə edilən iqtisadi gücünu ordusunun qüdrəti ilə birləşdirən Azərbaycan bu gün dövlət yüksəlişinin zirvəsindədir.
Dövlətimizin siyasi və iqtisadi üstünlüyünü təmin edən Prezident, bu keyfiyyətləri ordunun gücü ilə birləşdirən Ali Baş Komandan kimi tariximizin qalib sərkərdəsi olaraq ümumxalq qəhrəmanına çevrildi.
Qalib Sərkərdənin komandanlığı altında dövlətin və xalqın müdafəsinin təminatçısı olan ordumuz bayrağımız qədər uca, tariximiz qədər şanlı, xalqımız qədər qüdrətlidir.
Vətəni bütövləşdirərək hər günümüzü bayrama çevirən şərəfli ordumuz hər cür alqışa layiqdir.
Bayramınız və varlığınız mübarək, əziz hərbçilər, ölkəmiz sizlərlə yenilməz!
Sizinlə fəxr edirik.
Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə komitəsinin
sədr müavini, YAP İdarə Heyətinin üzvü