Yaşıl Enerji Diplomatiyası: Azərbaycanın enerji strategiyasında yeni dövr

post-img

Davamlı inkişaf və ətraf mühit problemlərinin qlobal gündəmlərin önündə gəldiyi bir dövrdə yaşıl enerji diplomatiyası beynəlxalq münasibətlərin mühüm tərkib hissəsi olaraq meydana çıxır. "Yaşıl enerji" diplomatiyası bərpa olunan enerji mənbələrinin strateji istifadəsi ilə beynəlxalq əməkdaşlığı gücləndirmək, milli təhlükəsizliyi artırmaq və qlobal səhnədə müsbət imic formalaşdırmaqdır. "Yaşıl enerji" siyasətləri təşviq edilərək, siyasi və iqtisadi inteqrasiya möhkəmlənə, geosiyasi gərginliklər azala və iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə verilə bilər. Bərpa olunan və "yaşıl enerji"dən istehsal olunan elektrik enerjisinin istehsalı Azərbaycan Respublikasının enerji strategiyasında yeni bir dövrün başlanğıcı oldu. Heç də təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.  Ölkənin enerji sektorunda bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritetləşdirilib və Azərbaycanda 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması hədəflənmiş, 2030-cu ilədək elektrik enerjisində bərpaolunan enerjinin payının 30 faizə çatdırılması qarşıya məqsəd qoyulmuşdur.  

Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçid istiqamətində fəal işlər görür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvanın "yaşıl enerji zonaları" elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələrlə münasibətlərdə müsbət dinamikanı təmin edə bilər. Yaşıl enerji, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi bu gün qlobal problemlərin həllində yumşaq güc vasitəsi kimi xidmət edir. "Yaşıl enerji" innovasiyası və tətbiqində lider olan ölkələr də bu vasitə ilə beynəlxalq nüfuzlarını artıra, iqtisadi imkanlar yarada və daha güclü diplomatik əlaqələr qura bilərlər.

Son illərdə Azərbaycan və Mərkəzi Asiya ölkələri  enerji sektorunda uğurlu əməkdaşlıq təmin ediblər. Qlobal inkişaf dövründə prioritet hesab olunan "yaşıl keçid" platformasında fəal iştirakçı olan Azərbaycan regionda bərpa olunan enerji istehsalı və ixracına dair bir sıra layihələrin əsas təşəbbüşkarı olmuşdur. Azərbaycan, Qazaxıstan və Özbəkistan "yaşıl enerji" ixracına dair siyasətlərini koordinasiya etməyə başlamışdır. 14 noyabr 2023-cü il tarixində Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov,  Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevin iştirakı ilə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq Birgə Kommünike qəbul edilib. Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji diplomatiyalarının inteqrasiyası haqqında Kommünikenin imzalanması, Avropa istiqamətinə "yaşıl enerji"nin Azərbaycan ərazisi vasitəsilə istehsalı və ixracında birgə məqsədlərin həyata keçirilməsinin sürətlənməsinə, enerji sistemlərinin inteqrasiyasına və bərpa olunan resursların effektiv istifadəsinə yardım edəcəkdir. Bununla yanaşı, Xəzər dənizi - Qara dəniz - Avropa enerji dəhlizinin yaradılması iştirakçı ölkələrin enerji mənbələrinin diversifikasiyası ilə enerji təhlükəsizliyini inkişaf etdirəcək, energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri möhkəmləndirəcəkdir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə enerji sektorunda, xüsusilə, "yaşıl enerji" sahəsində əməkdaşlığı, davamlı inkişaf və regional inteqrasiya istiqamətində strateji bir addımı ifadə edir. Azərbaycan son zamanlarda beynəlxalq "yaşıl enerji" platformalarında daha da nüfuzlu aktora çevrilmişdir və bu imkanları istifadə edərək qlobal təsirini daha da gücləndirir. Bu fəal iştirak Azərbaycanın davamlı inkişafa olan əminliklərini vurğulayır və yenilənən enerjiyə keçiddə lider rolunu təmin edir. Azərbaycanın "yaşıl enerji"yə olan əminliyi beynəlxalq sahədə əhəmiyyətli tədbirlərdə və razılaşmalarda iştirak etməsi ilə  aydın olur. Bu tədbirlər yenilənən enerjini təşviq etməyi və iqlim dəyişikliyi ilə mübarizə aparmağı hədəfləyir. 

Ölkəmiz yenilənən enerji və davamlılıq məsələlərinə həsr olunmuş beynəlxalq forum və konfranslarda aktiv şəkildə iştirak edir. Bu platformalar Azərbaycana təcrübələrini paylaşmaq, dünya praktikalarından bəhrələnmək və yeni əməkdaşlıqlar qurmaq imkanı yaradır. Birlik Konfransları (COP) olaraq məşhur olan Birləşmiş Millətlər İqlim Dəyişiklikləri Konfransları, dünya liderlərinin, siyasətçilərinin və maraqlı tərəflərin beynəlxalq iqlim fəaliyyətlərini müzakirə etmək və inkişaf etdirmək üçün birləşdikləri əsas tədbirlərdir. Azərbaycanın Birləşmiş Millətlər İqlim Dəyişiklikləri Konfranslarında iştirakı ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə şəffaf mövqeyini sübut edir. Azərbaycanın dünyanın ən mühüm beynəlxalq tədbirlərindən olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsidir. Bu, ölkənin iqlim dəyişikliyi ilə mübarizədəki səmimiyyət və təşəbbüsünü təşviq etmək və dünya miqyasında iqlim dəyişiklikləri ilə mübarizədə liderlik rolunu gücləndirmək üçün əhəmiyyətli bir addımdır. Azərbaycanın COP29-a ev sahibliyi onun dünya ictimaiyyətinin diqqətini çəkməkdə və iqlim dəyişiklikləri ilə bağlı əlaqələrinin gücləndirilməsində əhəmiyyətli bir rol oynayacaqdır.

Şəbnəm Zeynalova

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Siyasət