Fransanın militarizasiya siyasəti Ermənistanın daxilində olan revanşist qüvvələrin həvəsləndirilməsinə xidmət edəcək bir addımdır. Ona görə də Fransanın Ermənistana hücum xarakterli, öldürücü silahlar təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının arealının genişləndirilməsi ciddi narahatlıq doğuran haldır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.
Hikmət Hacıyev, həmçinin deyib: "Hesab edirik ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq daha məsuliyyətli siyasət həyata keçirməlidir. Xüsusilə beynəlxalq münasibətlərdə belə bir yanaşma var ki, işğal və təcavüz törətmiş dövlətlərə münasibətdə onların növbəti hərbiləşdirmə və militarizasiya proqramlarına müxtəlif məhdudiyyətlər tətbiq olunmalıdır. Nəzərə almalıyıq ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir. Ona görə də işğalçı və təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçirilməsi heç bir halda məsuliyyətli hesab olunmur”.