İrəvan silh sazişinin arxasında nələri gizlədir?
Nədən Ermənistan konstitusiyası Azərbaycanla sülh sazişi bağlamaq üçün, sadəcə, formal deyil, həm də gələcəkdə praktiki çətinliklər yaratmağa qadirdir? Bakı ilə İrəvanın diplomatik münasibətlərdə irəli sürdükləri arqumentlər və əks arqumentlər hansılardır? Son vaxtlar gündəmdən düşməyən həm bu, həm də digər suallar ətrafında tanınmış siyasi icmalçı “Orxan Amaşovun düşüncələri” proqramında geniş və arqumentlərə söykənən maraqlı söhbət açılır. “Düşüncələr”in tərcüməsini qısa ixtisarla “XQ”-nin oxucularının diqqətinə çatdırırıq.
* * *
“Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Əslində, bu, hamının, o cümlədən Ermənistan siyasi rəhbərliyinin etiraf etdiyi məlum faktdır. Bakı hesab edir ki, bu cür müddəaların olması iki ölkə arasında sülh sazişinin bağlanmasına aşkar maneədir və bu məsələ tez bir zamanda öz həllini tapmalıdır. Bu il yanvarın 18-də baş nazir Nikol Paşinyan belə bir problemin olduğunu etiraf etmişdi: “Yeni geosiyasi və regional reallıqlar ölkənin həm mövcudluğunu, həm də rəqabət qabiliyyətini qorumaq üçün bizdən yeni konstitusiya tələb edir”.
Bundan bir qədər sonra, yanvarın 31-də Ermənistanın İctimai radiosuna müsahibəsində Paşinyan vəziyyətin ağırlığını metaforik formada izah edərək söyləmişdi ki, mövcud konstitusiya qırmızı paltar geyinərək, “düşmən qonşuları”, yəni, Azərbaycan və Türkiyəni təhrik etmək kimidir. Xatırladaq ki, Ermənistanın 1990-cı ildə qəbul etdiyi Müstəqillik bəyannaməsində Ankaraya qarşı ərazi iddiaları barədə müddəa var.
Bütün bunlara baxmayaraq, İrəvanın bu məsələ ilə bağlı rəsmi mövqeyi konstitusiyasındakı “miatsum” müddəasının ləğvi prosesini sürətləndirmək deyil, onu bir qədər ləngitmək və ikitərəfli danışıqlarda təsirini azaltmaq yolunu tutub.
* * *
Beləliklə, Ermənistanın dedikləri dörd “arqument”ə əsaslanır.
Birinci arqument: konstitusiyaya dəyişiklik və əlavələr etmək və ya yeni konstitusiyanın qəbulu ölkənin daxili işlərinə aiddir. İlkin ideya 2018-ci ildə yaranıb, amma yaranmış şəraitə görə, onun həyata keçirilməsi üçün heç bir real addım atılmayıb.
İkinci arqument: bu məsələ Azərbaycan–Ermənistan sülh prosesinin tərkib hissəsi deyil və Bakının bununla bağlı tələbləri İrəvanın daxili işlərinə müdaxilədir.
Üçüncü arqument: İrəvan iddia edir ki, ölkələr sülh müqaviləsinin mətnini razılaşdıqlarına görə, tərəflərdən heç biri saziş üzrə öhdəlikləri ləğv etmək üçün özünün daxili qanunvericiliyinə müraciət edə bilməz və Bakının belə bir tələbi lüzumsuz hesab olunur.
Dördüncü arqument: Ermənistan rəhbərliyi bu yaxınlarda yeni əks-arqumentlə çıxış edib. Rəsmi İrəvanın iddiasına görə, Azərbaycan Konstitusiyasında da qonşusuna qarşı ərazi iddiaları var.
Aydın məsələdir ki, Azərbaycanın bütün bu “arqumentlər”ə tutarlı cavabları var. Gəlin onları bir-bir nəzərdən keçirək.
Birincisi, Ermənistan konstitusiyası, prinsip etibarı ilə, onun daxili işidir. Amma əgər bir ölkənin qanunvericiliyində qonşusuna qarşı ərazi iddiaları olduqda, sonuncunun həmin müddəaların aradan qaldırılmasını tələb etmək hüququ var. Ələlxüsus da, bu iki ölkə uzunömürlü münaqişəyə son qoyacaq sülh müqaviləsini imzalamaq niyyətindədirsə, tərəflər ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması prinsipinə əməl etməlidirlər.
İkincisi, Ermənistanda konstitusiya dəyişikliklə bağlı referendumunun necə keçiriləcəyi Bakını maraqlandırmır. Əsas odur ki, onun qanunvericiliyində Azərbaycanın suverenliyinə kölgə sala biləcək heç nə qalmasın.
Üçüncüsü, sülh sazişinin mətninə daxili qanunvericiliyə istinadın göstərilmədiyi bəndin daxil edilməsi vacibdir, fəqət, bu, kifayət deyil.
Həqiqətən də, Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasının 27-ci maddəsində deyilir ki, “tərəflərdən biri müqaviləni yerinə yetirməməsi üçün əsas kimi öz daxili qanunvericiliyinin müddəalarına istinad edə bilməz”.
* * *
Yuxarıda deyilənlərə əsaslanaraq, belə bir nəticəyə gəlmək olar ki, müqavilənin ratifikasiyasından sonra bu məsələyə son qoyulmalıdır. İntəhası, məsələ göründüyü qədər sadə deyil. Gəlin sülhə mümkün maneələrə baxaq. Əvvəla, Ermənistanda sülh sazişinin ratifikasiyasında ortaya problem çıxa bilər. Bu ölkənin konstitusiyasının 116-cı maddəsində deyilir ki, “Konstitusiyaya zidd olan beynəlxalq müqavilələr ratifikasiya edilə bilməz”. Fərz edək ki, İrəvan bu maneəni də dəf edir, yəni, Konstitusiya məhkəməsinin hakimləri 1990-cı il Müstəqillik bəyannaməsinin müddəalarına baxmayaraq, sazişi imzalayır, parlament isə ratifikasiyanı başa çatdırır.
Bu halda Paşinyan və ya onun yerini tutanlar belə bir razılaşmanın Ermənistan konstitusiyasına zidd olduğunu şübhə altına ala bilərmi? Cavab budur ki, bəli, onlar bunu edə bilərlər. Çünki hayların Qarabağ məsələsində üç onillik “zehni gimnastika”sını və Alma-Ata Bəyannaməsi ilə saxtakarlıqlarını nəzərə alsaq, heç nəyi istisna etmək olmaz.
Həmin Vyana Konvensiyasının 46.1-ci maddəsində deyilir: “Dövlət müqavilənin bağlanmasına razılığını daxili qanunvericiliyinin müqavilələr bağlamaq səlahiyyəti ilə bağlı müddəasının pozulması ilə ifadə edilməsi faktını etibarsızlıq kimi əsaslandıra bilməz”. Gəlcəkdə Paşinyanı əvəz edən kimsə Ermənistan hökumətinin müqaviləyə əməl etməyə razılaşmaqla bəzi daxili qaydaların açıq-aşkar pozulduğunu iddia edə bilərmi? Xüsusilə onu da nəzərə alsaq ki, hazırda müxalifətdə olanların çoxu Paşinyanın “təslim aktı”nı imzalamaq hüququna malik olmadığını iddia edir.
Əslində, Vyana Konvensiyasında revanşistlərin sülh müqaviləsinin etibarlılığını şübhə altına almaq üçün arxalana biləcəyi digər maddələr də var. Məsələn, 50-ci maddədə deyilir: “Əgər dövlətin müqavilə ilə bağlı razılığının olması danışıqlarda iştirak edən digər dövlət tərəfindən onun nümayəndəsinin birbaşa və ya dolayı yolla rüşvət alması nəticəsində ifadə edilibsə, onda birinci dövlətin bu cür rüşvətxorluğu müqavilə üzrə razılaşmanın etibarsızlığı üçün əsas kimi göstərilir”. Sözümüzün canı ondan ibarətdir ki, hazırda Nikol Paşinyanın daxili bədxahlarının onu təhqiramiz şəkildə “türk nökəri” adlandırmasını, legitimliyini şübhə altına almasını və Ermənistanı “qeyri-qanuni yollarla satmaq niyyətində olan xain” deməsini nəzərə alsaq, müxalifət nəyəsə nail ola bilməzmi? İndiki hakimiyyəti devirəndən və ya onu seçkilərdə əvəz edəndən sonra həmin qüvvələr hansısa uydurma bəhanələrlə Azərbaycanla bağlanmış sülh müqaviləsinin etibarlılığını şübhə altına almazmı? Bunlar nəzərə alınması vacib sayılan suallardır. Qoyduğumuz sualların cavabı budur ki, heç nəyi istisna edə bilmərik. Doğrudan da, əgər İrəvan Bakı ilə bu cür davranmaq qərarına gələrsə, o zaman beynəlxalq ictimaiyyətin gözündə səfeh və son dərəcə ağılsız vəziyyətə düşəcək. Belə bir “strateji kurs” bu ölkənin, Paşinyanın hakimiyyəti dövrü daxil olmaqla, son 30 ildə yürütdüyü avantürist xarici siyasət proqramı olub.
* * *
Rəsmi İrəvanın ölkə qanunvericiliyindən irəli gələn problemlərin tez bir zamanda həll edilməsində barışmazlığının dördüncü elementi xarici işlər naziri Ararat Mirzoyan bu yaxınlarda səsləndirdiyi “Azərbaycan Konstitusiyasında Ermənistanla bağlı ərazi iddiaları təşkil edə biləcək müddəalar var” tezisidir.
Bu barədə artıq kifayət qədər şərh və açıqlamalar səsləndiyinə görə qısaca onu deyək ki, Ermənistan ikitərəfli danışıqlarda bir sıra səbəblərdən, o cümlədən inandırıcı görünmək üçün özünün konstitusiyası ilə Azərbaycan Konstitusiyası arasında “ekvivalentlik” yaratmağa çalışır. Amma məsələ burasındadır ki, Azərbaycan Konstitusiyasında “miatsum”un ekvivalenti yoxdur. Həm də bizim qanunvericilikdə dünyanın heç bir dövlətinə, o cümlədən Ermənistana qarşı ərazi iddialarını uzaqdan belə xatırladan müddəalar mövcud deyil. Ermənistan Azərbaycan Respublikasının “Dövlət Müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktının 2-ci maddəsinə əsasən müasir Azərbaycanın müstəqilliyini tanıdığını bildirib. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olsa da, bu gün Bakı keçmiş AXC-nin 114 min kvadratkilometr ərazisinə bütünlüklə iddia edə bilər. Hüquqi arqumentə və Azərbaycan Konstitusiyasında sülh müqaviləsinin bağlanmasına mane olan hər hansı bir şeyin olub-olmaması sualına gəlincə, bu iddia tamamilə əsassızdır. Bakı heç vaxt Konstitusiya Aktının yuxarıda qeyd olunan müddəasının belə şərh edilməsinə əsas verən hər hansı qanunvericilik aktı qəbul etməyib.
* * *
Bu gün Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası irəli sürmədiyini söyləmək olar. Son üç onillikdə Ermənistan öz konstitusiyasına əsaslanan konkret qanunvericilik aktları qəbul edib ki, bunlardan ən diqqət çəkəni 1992-ci il parlament qərarı olub. Milli məhkəmələr tərəfindən sonradan istinad edilən bütün bu aktlar və rəsmi yazışmalar birlikdə Ermənistanın öz qanunvericiliyi çərçivəsində Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımadığını ən bariz şəkildə göstərir. Bu, aydındır.
Azərbaycan hazırda həmin qeyri-müəyyənliyin aradan qaldırılmasını tələb edir. Ermənistanın bunu təmin edə bilmədiyi və ya qərar qəbul etmək istəmədiyi daxili problemidir. İrəvan iddia edir ki, bütün bu əlavə və düzəlişlər üçün ümumxalq referendumu tələb olunacaq və bu, müəyyən vaxt aparacaq. Biz onu da başa düşürük ki, elektorat referendumda Paşinyanın tərəfini tutacağına heç bir zəmanət yoxdur. Ona görə də İrəvan konstitusiya maneələrini dəf etmədən, ən azı, hansısa sövdələşməyə hazır olduğunu nümayiş etdirməkdən çəkinir. Üstəlik, əgər Hayastan elektoratı “miatsum”la qəti şəkildə vidalaşmağa hələ hazır deyilsə, bəlkə də gözləməyə, Paşinyana cəmiyyəti davamlı və uzunmüddətli sülhə hazırlayaraq bütün prosedurlardan keçmək imkanı verməyə dəyər. Bəs, görünən bu qəribə tələskənliyin arxasında nə dayanır? Maraqlı sualdır. Azərbaycan XİN bu yaxınlarda bəyan etdi ki, Ermənistanın gizli gündəliyi var. Yuxarıda təsvir etdiyimiz siyasi mənzərəyə əsasən, belə bir gizli plan, həqiqətən də, ola bilər”.
Təqdim etdi:
İ.HƏSƏNQALA, XQ