Ermənistan üçün presedentlər: Yaponiya, Almaniya, İtaliya, Fransa...
Dövlətin sosial sistemindən asılı olmayaraq, hər bir konstitusiyanın müəyyən funksiyaları vardır. Buraya hüquqi, sosial, daxili və xarici siyasət, sistemyaradıcı, təsisedici, səlahiyyətverici və mühafizəedici funksiyalar daxildir. Bu yazıda bizi maraqlandıran xarici siyasət funksiyasıdır ki, o da təkcə siyasi həyatı ehtiva etmir, eyni zamanda dövlətin xarici siyasət fəaliyyətinin də əsasını təşkil edir. Bu, konstitusiyaya xarici siyasət və müdafiə ilə bağlı xüsusi fəsillərin daxil edilməsi ilə ifadə olunur. Ermənilər də belə ediblər, əsas qanunlarında xarici siyasətlə bağlı müəyyən prioritetləri yazıblar. Lakin bunu bütün beynəlxalq normaları pozaraq həyata keçiriblər. Yəni Ermənistan konstitusiyasına Azərbaycana qarşı torpaq iddiası irəli sürən maddə daxil etmiş “unikal” ölkədir. İrəvan Azərbaycan ilə sülh imzalamaq istəyirsə, əsas qanuna dəyişiklik etməlidir və dünya tarixində belə addım atmış bir çox ölkə var.
Ölkə konstitusiyasının xarici siyasət funksiyası həm də ondan ibarətdir ki, o, dövlətdən kənarda da mühüm informasiya mənbəyi rolunu oynayır. Konstitusiya ictimai-siyasi quruluş və dövlət quruluşu haqqında təsəvvür yaradır. Konstitusiyada sosial-iqtisadi və siyasi sistemin hansı parametrlərinin təsbit edildiyi ilə tanış olan xarici dünya ölkənin mümkün inkişaf perspektivləri haqqında təsəvvür əldə edir. Ermənistanın əsas qanunu isə bu baxımdan pis mənada fərqlənir. Qonşu ölkənin konstitusiyasında birbaşa olmasa da, istinad etdiyi İstiqlaliyyət Bəyannaməsində həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiası irəli sürür. Bunu erməni konstitusiyasının 1-ci maddəsində ümumilli dəyərlərin mənbəyi kimi istinad edilən Ermənistanın “İstiqlaliyyət Bəyannaməsi” də təsdiqləyir. Buna görə də, Azərbaycan bildirir ki, İrəvan konstitusiyasına dəyişiklik etməsə, sülh imzalanması mümkün olmayacaq.
Bəs Ermənistan niyə dəyişiklik etməyə tələsmir? Ermənilər rahat və uzunmüddətli davamlı sülh şəraitində yaşamaq və inkişaf etmək istəyirlərsə, boş qürurlarını rəfə qoyub reallığa uyğun addım atmağa can atmalıdırlar. Münaqişədən sonrakı dövr-də konstitusiyanın dəyişdirilməsi adi bir təcrübədir və Ermənistan normallaşma prosesini səmimi şəkildə təşviq etmək istəyirsə, qonşularına qarşı ərazi iddialarını konstitusiyasından çıxarmalıdır. Məgər yaponlar ermənilərdən az qürurludurlar? 1947-ci ildə Yaponiya “Postmüharibə Konstitusiyası” olaraq adlandırılan, müharibədən imtina və fundamental insan hüquqlarının təminatı da daxil olmaqla, əhəmiyyətli dəyişikliklər edilən yeni konstitusiya qəbul etdi. 9-cu maddə ölkənin əsas qanununun “özəyini təşkil edir”: “Yapon xalqı beynəlxalq mübahisələrin həllində bir vasitə kimi millətin suveren hüququ olan müharibədən, həmçinin təhdid etməkdən və silahlı qüvvə tətbiqindən həmişəlik imtina edir”. Bununla yaponlar ölkədə demokratik və qeyri-militarist təməllərin bərqərar olmasını bir daha təsbit etmişdilər.
Eyni sözləri Almaniya barədə də demək olar. İkinci Dünya müharibəsində milyonlarla insanın ölməsinə, minlərlə şəhərin viran qalmasına məhz nasist Almaniyasının siyasəti səbəb olmuşdu. Bu qədər fəlakətin səbəbkarı olan almanlar özlərində güc və iradə taparaq reallığın gözünə dik baxmağı bacardılar və zəruri hüquqi islahatlara getdilər. 1949-ci il mayın 23-də təntənəli iclasda Parlament Şurasının sədri Konrad Adenauer Almaniyanın Əsas Qanununun qüvvəyə mindiyini elan etdi. Bu hadisə Almaniya Federativ Respublikasının yaranması günü hesab olunur. Əsas Qanunun mətni elə ertəsi gün Almaniya Ədliyyə Nazirliyinin Federal qəzetində dərc olundu. Sənədin əsli bu gün Almaniya Bundestaqında saxlanılır. Almanlar yeni konstitusiya qəbul etməklə işğalçı keçmişlərinə birdəfəlik “yox” demişdilər.
İkinci Dünya müharibəsindən və faşizmin süqutundan sonra İtaliya da 1948-ci ildə yeni konstitusiya qəbul etmişdi. Bu, Benito Mussolininin totalitar rejimindən demokratik və respublikaçı idarəetmə formasına əhəmiyyətli keçidini təsdiqləmişdi. Eyni yolu Cənubi Koreya da getmişdi. Belə ki, 1953-cüildə Koreya müharibəsi başa çatdıqdan sonra Seul 1963-cü ildə yeni konstitusiya qəbul etmişdi. İkinci Dünya müharibəsindən sonra Fransada da yeni konstitusiya qəbul olunmuşdu. Aparteidin sona çatmasından sonra Cənubi Afrika 1994-cü ildə müvəqqəti konstitusiya, ardınca 1996-cı ildə yekun konstitusiya qəbul etmişdi. Bu, irqi cəhətdən təcrid olunmuş cəmiyyətdən demokratik və multikultural bir millətə əhəmiyyətli transformasiyanı təsdiqləmişdi.
Daha bir presedent 1998-ci il noyabrın 19-da Böyük Britaniyada baş vermişdi. Ölkə parlamenti Şimali İrlandiya aktını qəbul etmişdi. Həmin qanuna əsasən 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitisiyası haqqında qanunlar ləğv olunmuşdu və Britaniya ilə İrlandiya Respublikası arasında 1998-ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən yeni qaydaları müəyyən etmişdi. Şimali İrlandiyanın Konstitusiyasının 2 və 3 maddələri çıxarılmışdı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olunmişdu.
İndi Azərbaycan Ermənistan Konstitusiyasından ona və Türkiyəyə qarşı ərazi iddialarını aradan qaldırmağı tələb edir. Bakı davamlı sülhə gedən yolun boş bəyanatlardan deyil, bu sülhə olan təhdidlərin aradan qaldırılmasından keçdiyini bildirir. Ermənistan da yuxarıda sadalanan ölkələrin getdikləri yola çıxmalıdır, eyni addımları atmalıdır. Azərbaycan ərazilərində daşı-daş üstə qoymayan ermənilər keçmişə boylanmaq vərdişindən əl çəkməli və gələcəyə istiqamətlənmiş əməllərə üz tutmalıdırlar. Bu əməl də qonşularına xoş münasibətin olduğunu de-yure təsdiqləməməkdən ibarət olmalıdır. Əgər Ermənistan! həqiqətən də sülh imzalamaqda səmimidirsə, münasibətləri birdəfəlik olaraq normallaşdırmaq istəyirsə, buna mane olan bütün maneələri aradan qaldırmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz gələcək nəsillərə Cənubi Qafqazda sülhü, sabitliyi miras qoymaq istəyirik. Əgər Ermənistan da bunu istəyirsə, üzərinə düşən öhdəlikləri yerinə yetirməli, o cümlədən də konstitusiyasında dəyişiklik etməlidir.
S.ELAY
XQ