Yaxud miskinlik mənzərəsi və cılız bəyanatın 5 məqamı
Beynəlxalq Rusiya – Ermənistan “Lazarev klubu” bəyanat yayaraq “həyəcan təbili” çalıb. Sən demə, klubun üzvləri “Qafqazda və çoxəsrlik tarixə malik Rusiya – Ermənistan münasibətlərində” baş verənlərdən çox narahat imişlər. Narahatlıq onların yaydıqları bəyanatda əksini tapıb. Bəyanatda konkret olaraq nələrdən söz açılır, mövzumuz bu barədədir. Ancaq əvvəlcə iki məqamın üzərində dayanaq.
Birincisi, Beynəlxalq Rusiya–Ermənistan “Lazarev klubu” 2018-ci ildə yaradılıb. O ildə Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəlmişdi. O Paşinyan ki, Rusiyaya yaxın olan “Qarabağ klanı”nı devirərək iqtidara yiyələnmişdi. Deməli, belə nəticəyə gələ bilərik ki, təşkilat Nikolun rəhbərliyə gəlməsinin Rusiya – Ermənistan münasibətlərinə təhlükə olduğuna dair ideyanı əsas götürülməklə formalaşıb.
Bəli, mənzərə tam təsvir etdiyimiz kimidir. Əks halda, “Qafqazda və çoxəsrlik tarixə malik” münasibətlərə hansısa sentimental baxışa ehtiyac qalmazdı. Nəzərə alaq ki, Paşinyana qədərki Ermənistan Rusiyanın vassalı idi. Yəni, zatulinlərin ağlından da keçmirdi ki, təşkilat yaradıb Ermənistan – Rusiya dostluğundan dəm vursunlar. Necə deyərlər, çərxi-fələk tərsinə dövran etdi.
İkincisi, “Lazarev Klubu”nun yaradılmasının ideya müəllifi Rusiyanın ən qatı ermənipərəsti, Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş komitəsinin sədr müavini Konstantin Zatulindir. Bu adın özü hər şeyi deyir. Yeri gəlmişkən, Zatulin Ermənistana giriş qadağası qoyulmuş şəxslərin sırasındadır. Yəqin, onun yaratdığı qurumun hazırkı mövqeyinin rəsmi İrəvanın əleyhinə olacağını təxmin etdiniz.
Digər tərəfdən, başlıca məqsədi Rusiya və Ermənistan xalqları arasında qarşılıqlı etimadı və müttəfiqlik münasibətlərini gücləndirməkdən ibarət olan “Lazarev klubu” adını hazırkı Moskva Dövlət Beynəlxalq Münasibətlər İntitutunun sələfi olan və XIX əsrdə formalaşmış Şərq Dilləri İnstitutunun yaradıcısı Lazerevler ailəsinin adından götürüb. Klub 2018-ci ildən bəri Moskva və İrəvanda beş əsas tematik sessiya keçirib. 2018-ci ilin dekabr ayında təşkilatın üzvləri Qafqaz regionunda müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər. 2019-cu ilin martında keçirilən görüşdə iqtisadiyyat, sahibkarlıq və investisiyaların cəlbi məsələləri qaldırılıb. 2019-cu ilin dekabrında müttəfiqlik münasibətlərinin formalaşmasında Rusiya və Ermənistan mediasının qarşılıqlı əlaqəsi və iki ölkənin müsbət imici diskussiya predmetinə çevrilib.
Klubun dördüncü iclası 2021-ci ilin iyununda İrəvanda keçirilib. Müzakirə zamanı 44 günlük müharibədən sonra Ermənistanda parlament seçkiləri ərəfəsindəki və Qarabağdakı ictimai-siyasi vəziyyət nəzərdən keçirilib. 2022-ci ilin oktyabrında isə klubun Moskva – İrəvan telekörpüsü formatında “Rusiya – Ermənistan münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusuna həsr olunmuş beşinci iclası olub.
Qeyd edək ki, Ermənistan daxilində və ölkənin xarici arenadakı durumunu izləyən “Lazarev klubu”, həmçinin xeyriyyəçilik, maarifləndirmə və nəşriyyat fəaliyyəti ilə də məşğuldur. Ən əsası isə təşkilatın səyləri ilə Ermənistanda bir sıra rusdilli media orqanlarının fəaliyyəti dəstəklənir.
***
Göründüyü kimi, “Lazerev klubu”, kifayət qədər, geniş fəaliyyət spektrinə malikdir. Elə qurumun haqqında söz açacağımız bəyanatında da onun iş diapazonunun ayrı-ayrı istiqamətləri nəzərə alınıb. Ümumən, klubun bəyanatında beş məqama diqqət yetirilib.
Birinci məqam Rusiya – Ermənistan münasibətlərini gözdən salmaq cəhdlərinin mövcudluğunun vurğulanmasıdır. Bildirilib ki, Ermənistanda hökumətin uğursuz daxili və xarici siyasət kursu nəticəsində ölkənin varlığı üçün təhlükə yaranıb. 2023-cü ildə Qarabağda on minlərlə erməni öz evlərini, kilsələrini və ata-baba məzarlarını tərk etmək məcburiyyətində qalıb. Buna görə hazırda Rusiya–Ermənistan xalqları arasında münasibətlərin qorunub saxlanılmasına ehtiyac böyükdür.
Deməli, əgər Ermənistan hakimiyyəti yaramaz siyasət yeritməsəydi, hazırkı xoşagəlməz durum alınmayacaqdı. “Zaman, şübhəsiz ki, qarşılıqlı etimadın itirilməsində, müttəfiqlik öhdəliklərindən imtinada, itkilərdə və qurbanlarda “günahkar kimdir?” qiymətləndirməsi baxımından hər şeyi öz yerinə qoyacaq. İnanır və ümid edirik ki, xalqların və vətəndaş cəmiyyətlərinin ən yaxşı nümayəndələrinin geniş əsasda cəlb olunması ilə “nə etməli?” sualına cavab tapılacaq” kimi fikirlərin yer aldığı bəyanatda Ermənistan iqtidarına qarşı hədə-qorxu tonu da seçilib: “Amma bu gün biz artıq “nə etməməyimizi” qəti şəkildə bilirik: rus və erməni xalqlarının, Rusiya və Ermənistanın birliyinin əsasında duran inamı, tarixi və coğrafiyanı, iqtisadiyyatı və mədəniyyəti şübhə altına almağa cəsarət etməyin”.
İkinci məqam. “Lazerevçilər”in bəyanatında bildirilir ki, qurum Ermənistanda güclənən vətənpərvərlik hərəkatının yüksəlişini dəstəkləyir və rəğbətini bildirir. Sənəddən gəlinən nəticə budur ki, Paşinyan iqtidarı xalqı azdırmaq, onun bir hissəsini uzun müddət aldatmaq istəyib: “Ümid edirik ki, baş verən hadisələr erməni xalqının şərəf və ləyaqətinə xələl gətirməyəcək. Buna görə biz Ermənistan Respublikasının polisinə, təhlükəsizlik orqanlarına və digər qüvvələrinə müraciət edirik ki, ölkənin şəhər və rayonlarında dinc etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqdan əl çəksinlər”.
Üçüncü məqam. Heç şübhəsiz, kilsə amili qabardılmalı idi. “Lazerevçilər” “Ermənistan hakimiyyət orqanlarının Erməni apostol kilsəsini ləkələmək və aşağılamaq üçün başlatdığı kampaniyanı” pislədiklərini açıqlayıblar. Mövcud xüsusda Paşinyan iqtidarının təmsilçilərinin mənəvi keyfiyyətlərinin aşağı olduğu vurğulanıb. “Biz Ermənistanda və bütün dünyada vicdanlı insanları dövlətin Erməni apostol kilsəsinin həyatına kobud müdaxiləsinə, onun iyerarxlarına və ruhanilərinə münasibətdə qarşı öz sözünü deməyə çağırırıq. Ermənistanın “xristiansızlaşdırılması” erməni xalqına qarşı cinayətdir” fikirlərinin yer aldığı bəyanatda dini zəmində təxribat yaratmaq istənildiyi, insanların mənəvi duyğuları ilə spekulyasiya edildiyi ortadadır.
Dördüncü məqam. “Lazerevçilər” sərsəm məntiqə güc verərək, qondarma “erməni soyqırımı” üzərində dayanıblar. Onlar bəyanatlarında Qarabağ ermənilərinin bölgəni tərk etmələrini də həmin qondarma məntiqlə əsaslandırmağa çalışıb və bildiriblər ki, bu, onilliklər ərzində çoxtərəfli danışıqların mövzusu olan Qarabağ münaqişəsinin həlli sayıla bilməz. Yəni, “Lazerevçilər” hesab edirlər ki, bölgənin erməni əhalisi geri qayıtmalıdır. Ən əsası isə psevdoermənipərəstlər bu fikirdədirlər ki, Qarabağdakı sabiq separatçı rejimin oyuncaq rəhbərləri Bakı həbsxanalarından qurtulmalı, azadlıqlarına qovuşmalıdırlar. Görəsən, onların başqa istək və arzuları yoxdur ki?!
Daha bir diqqətçəkən məqam budur ki, “Lazerevçilər” Ermənistan iqtidarının Qarabağ ermənilərinin geri qayıtmaları ilə bağlı heç bir iş görmədiklərini düşünür, Paşinyan və tərfdarlarını buna görə qınayırlar. “Biz Qarabağ liderlərinin və Azərbaycan həbsxanalarında qalan erməni məhbusların azad edilməsi tələbi ilə imza toplayan Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutunun təşəbbüsünə qoşuluruq”, – deyə bəyanatda vurğulanıb.
Beşinci məqam “Lazerevçilər” Qarabağda erməni dini və mədəni abidələrinin, kilsə və monastırların mövcudluğuna təhlükənin yarandığı” fikrindədirlər. Qeyd edək ki, belə bir əndişəni haqqında söz açdığımız ermənipərəst deputat K.Zatulin bir neçə gün əvvəl də dilə gətirmişdi. O bildirmişdi ki, Qarabağda erməni monastırlarının adı dəyişdirilir, onlardakı erməni izləri silinir. Zatulin çıxışında daha çox Kəlbəcərdəki Xudavəng monastrı ilə bağlı məsələni qaldırmışdı. Tarixi təhrif yolu tutan Rusiyanın baş ermənipərəsti onu da bildirmişdi ki, guya, alban kilsəsi erməni kilsəsinin tabeliyində olub. İndi “Lazerev klubu”nun bəyanatında da oxşar motiv qabardılıb və erməni mədəni-tarixi kimliyinə təhlükənin qarışısını almaq üçün qurumun xüsusi ekspert qrupunun yaradılması və fəaliyyətinin təşkili üzərində dayanılıb. Sən demə, belə bir qrup Azərbaycana təsir göstərəcəkmiş.
Sonda onu da deyək ki, Beynəlxalq Rusiya–Ermənistan “Lazarev klubu”nun bəyanatı Rusiya ermənipərəstlərinin Ermənistan hakimiyyətinin ölkəni Moskvanın orbitindən çıxarmaq istəklərinə qarşı olduqca miskin təsir bağışlayan müqavimətinin bariz nümunəsidir. Heç şübhəsiz, belə bəyanatların heç bir təsiri olmayacaq. Həm də ona görə ki, Ermənistan əhalisi, ümumən, Paşinyan hakimiyyətindən narazı olsa da, heç bir halda keçmişin qalıqlarına söykənmək istəmir. Yəni, zatulinlər və onların yaratdıqları bu sayaq qurumlar hazırda ölü qurumlardır. Onların nə Rusiyanın ictimai rəyində təsiri var, nə də Ermənistanda ciddi qarşılanırlar.
Ə.RÜSTƏMOV
XQ