Belçikada Müstəqillik Günü münasibətilə tədbir keçirilib

post-img

Azərbaycanın Belçikadakı səfirliyində 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Belçikanın Dövlət himnləri səsləndirilib.

Səfir Vaqif Sadıqov qəbulda çıxış edərək yaradılmasının 106-cı ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və keçdiyi müstəqillik yolu haqqında danışıb, müstəqilliyinin ilk günlərindən beynəlxalq tərəfdaşlığa yüksək dəyər verən AXC-də Belçika, Türkiyə, Fransa, İtaliya, Birləşmiş Krallıq, ABŞ, Gürcüstan və digər ölkələrin diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyini bildirib.

Daha sonra Azərbaycan-Belçika münasibətləri haqqında məlumat verən səfir Avropa İttifaqının (Aİ) təsisçi dövlətlərindən biri olan Belçikanın Azərbaycanın yenidən qazandığı müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu diqqətə çatdırıb, 1995-ci ildə Azərbaycanın Brüsseldə səfirliyinin təsis olunduğunu qeyd edib, hazırda hər iki ölkə arasındakı münasibətlərin daha da dinamik inkişaf etdiyini söyləyib. O, Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib.

Diplomat Azərbaycanın yaşıl enerji və iqlim dəyişikliyi kimi mövzuları üzrə də Aİ ilə qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə və cari ilin noyabr ayında Bakıda baş tutacaq “COP29” qlobal tədbirinin uğurlu keçməsi baxımından Aİ ilə qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirib.

Tədbirin bədii hissəsində tanınmış pianoçu Etibar Əsədi və triosu etno-caz konserti ilə çıxış edib. Həmçinin Azərbaycanın mədəniyyəti, təbiəti, COP29 haqqında videoçarxlar təqdim olunub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Siyasət