İqor Petrişenko: Belarus Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında əməkdaşlığa hazırdır

post-img

28 May – Müstəqillik Günü münasibətilə Minsk şəhərində rəsmi qəbul təşkil edilib.

Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Məhərrəm Əliyev çıxış edərək Müstəqillik Gününün müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə öz istiqlaliyyətini elan etməsi tarixi ilə əlaqədar olduğunu bildirib, 23 aylıq fəaliyyəti dövründə demokratik dövlət quruculuğu sahəsində mühüm addımlar atıldığını qeyd edib. M.Əliyev Azərbaycanın bugünkü inkişafının təməlini məhz Ümummilli Liderin uzaqgörən siyasəti sayəsində qoyulduğunu, hazırda bu siyasi kursun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.1991-ci ildə müstəqilliyin bərpa olunmasından ötən dövr ərzində ölkəmizin hərtərəfli inkişaf edərək beynəlxalq arenada öz layiqliyi yerini tutduğunu bildirən səfir, cari ildə Azərbaycanın COP29 tədbirinə ev sahibi seçilməsini beynəlxalq birliyin ölkəmizə etimadının bariz nümunəsi kimi qiymətləndirib.

Azərbaycan-Belarus münasibətlərinə toxunan M.Əliyev ötən dövr ərzində iki ölkə arasında əlaqələrin mütərəqqi və dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Prezidentlər arasında fəal siyasi dialoqun bu əlaqələrin inkişafına daim töhfə verdiyini qeyd edib.

Baş nazirin müavini İqor Pertrişenko çıxış edərək Belarusla Azərbaycan arasındakı münasibətlərin zamanın və ümumi tarixin sınağından üzü ağ çıxdığını, qarşılıqlı hörmət və etimada əsaslandığını vurğulayıb. İki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahədə əməkdaşlığın fəal inkişaf etdiyini qeyd edən İ.Petrişenko ölkələrimizin şəhərləri və rayonları arasında birbaşa əlaqələrin də genişləndiyini diqqətə çatdırıb.

Baş Nazirin müavini Prezident Aleksandr Lukaşenkonun Qarabağa səfərini xatırldaraq işğaldan azad olunmuş ərazilərin bərpasında da Belarusun əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Sonda ölkəmizin dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini və cari ildə COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini qeyd edərək Azərbaycan diplomatiyasının uğurlarının Belarusda sevinclə qarşılandığını əlavə edib.

Tədbirin bədii hissəsi ilə davam edib.

Ölkəmizin mədəniyyətini, milli adət-ənənələrini və turizm potensialını özündə əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirdə ölkəmizin mədəniyyətini, turizm potensialını, eləcə də işğaldan azad olunmuş ərazilərdəki bərpa-quruculuq işlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi, eləcə də Azərbaycan Ticarət Evinin təşkilatçılığı ilə milli məhsullarımızdan ibarət guşə təşkil olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Siyasət