Qazaxın 4 kəndinin 1 güllə atılmadan qaytarılması dövlət başçısının dediyi sözü əmələ çevirməsinin növbəti təsdiqi oldu
Yaxın Şərqin və postsovet məkanının siyasi coğrafiyasında son iki yüz ildə görünməmiş hadisələrin reallığa çevrilməsinə şahidlik edirik. Rusiya sülhməramlı kontingentinin Qarabağdan vaxtından əvvəl çıxarılması, 4 qeyri-anklav kəndin bir güllə atılmadan Azərbaycana qaytarılması çağdaş tariximizin şanlı səhifəsi, bu tarixi yazan İlham Əliyevin bölgədə və dünyada artan nüfuzunun göstəricisidir.
Dövlət sərhədinin delimitasiyası üzrə hökumətlərarası komissiyalarının 8-ci görüşünün yekunlarına dair açıqlaması, mayın 19-da imzalanmış protokola əsasən, işğaldakı 4 qeyri-anklav kəndin bir güllə atılmadan Azərbaycana qaytarılması faktı sülhə aparan yolun müjdəçisidir, – desək yanılmarıq. Bəli, son iki yüz il ərzində Azərbaycandan qoparılan torpaqlar indi, necə deyərlər, qarış-qarış öz sahibinə qayıdır.
Qeyri-anklav kəndlərin qaytarılması məsələsini Prezident İlham Əliyev 2020-ci ilin noyabrında üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra qaldırmışdı. Ötən müddət ərzində mövzu daim gündəmdə saxlanıldı, bu istiqamətdə məqsədyönlü, ardıcıl iş aparıldı. Cənab Prezident regional və beynəlxalq formatlı tədbirlərdəki çıxışlarında xəbərdarlıq edirdi ki, əgər Ermənistan davamlı sülh istəyirsə, öz gələcəyini düşünürsə, kənar dövlətlərin köləsi kimi yaşamaq istəmirsə, işğal etdiyi ərazilərdən qeyd–şərtsiz çıxmalıdır. Çünki, Azərbaycan rəhbərliyi torpağın bir qarışının belə işğal altında qalmasına imkan verməyəcəkdi. Sonda biz deyən oldu. Qərbdəki ermənipərəst dairələrin məkrli niyyətlərinə rəğmən, İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasəti nəticəsində ədalət zəfər çaldı.
Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqının süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq xəttin Bağanıs (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasından keçməsini razılaşdırdılar. Beləliklə, Vətən müharibəsindəki möhtəşəm Zəfərdən, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpasından, rusiyalı sülhməramlıların bölgədən çıxarılmasından sonra Azərbaycan lideri bir güllə atılmadan 4 qeyri-anklav kəndin işğaldan azad edilməsinə nail oldu. Bu ikitərəfli razılaşmanı delimitasiya istiqamətində atılan ilk addım saymaq olar. Delitimasiyanın məhz Tavuş–Qazax sərhədindən başlanmasına rəsmi Bakının təkidi ilə start verildi.
Beləliklə, Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş bölgəsi ərazisində sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində bu il aprelin 19-da başlanan proses uğurla sona çatdı. Artıq həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü və bu barədə Ali Baş Komandana məruzə edildi.
Şahidi və iştirakçısı olduğumuz hadisənin çox böyük tarixi əhəmiyyəti var. 1991-ci ildə SSRİ dağılandan sonra ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəldilər. Artıq iki ölkə arasında sərhədin 12,7 km uzunluğunda olan hissəsi şərti deyil, real sərhəd xəttidir. Qazaxın qeyri-anklav 4 kəndinin bir güllə atılmadan qaytarılması isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması yolunda çox önəmli addımdır.
Delimitasiya üzrə hökumətlərarası komissiyaların əldə etdikləri razılaşmanın icrası təkcə iki ölkənin deyil, ümumilikdə, Cənubi Qafqazın tarixində yeni səhifə açır, etimad mühiti yaradır. Bu, eyni zamanda, rəsmi Bakının irəli sürdüyü, sülh danışıqlarını üçüncü tərəf olmadan, birbaşa aparmaq təklifinin effektivliyini ortaya qoydu.
Cari ilin yanvarında yerli telekanallara müsahibəsində cənab Prezident Qazaxın anklav və qeyri-anklav 8 kəndi ilə bağlı konkret mövqeyini ortaya qoymuşdu: “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”. Göründüyü kimi, İlham Əliyevin dörd ay əvvəl dediyi söz reallığa çevrildi. Yaxın vaxtlarda Azərbaycanla Ermənistanın delimitasiya üzrə hökumət komissiyalarının işini şərti sərhədin digər istiqamətlərində davam etdirəcəyi və Azərbaycanın hələ də işğal altında qalmış digər anklavlarla bağlı ədalətli həll yolunun tapılacağı şübhəsizdir.
İrəvanın sərgilədiyi hazırkı konstruktivliyi Bakı ilə sülh müqaviləsinin tezliklə imzalanmasına töhfə verəcəyinə ümidləri xeyli artırır. Məhz bu kontekstdən yanaşanda Ermənistan hakimiyyətinin üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyi– Zəngəzur dəhlizinin açılması, eyni zamanda, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müddəaları konstitusiyasından çıxarması qarşıdakı qısa zamanda gerçəkləşəcəyi görünən reallıqdır.
Prezident İlham Əliyevin şəffaf və ədalətli xarici siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən seqmentdir. Onun tərəfindən irəli sürülən konkret təklif və tələblər tarixi baxımdan siyasi əhəmiyyətə malik olması ilə yanaşı, bölgənin yeni konfiqurasiyasını müəyyənləşdirməyə xidmət edir.
Bütün deyilənlərin fonunda bir həqiqət öz təsdiqini tapır ki, güclü və müdrik lideri olan xalq qarşısında duran bütün məqsədlərə nail ola bilir. Bu, həm də dediyi sözün arxasında durmağı bacaran, onu əmələ, milləti və dövləti üçün zəfərə çevirən liderin uğur salnaməsinin növbəti şanlı səhifəsidir.
Arzu ABDULLAYEV,
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru