İlham Əliyev: postmüharibə dövrünün memarı

post-img

VI MƏQALƏ

Siyasət ictimai nəbzin döyüntüsüdür.

Uendell Fillips

Postmüharibə dövrünün arxitektonikası

Bundan öncəki məqalənin yekun te­zisi – Prezident İlham Əliyevin yeni tarixi mərhələnin siyasi və geosiyasi konturla­rını və böyük güclərin regional maraqla­rının milli maraq fonunda yeni nisbətini müəyyənləşdirməsinin faktiki olaraq, postmüharibə dövrünün “geosiyasi konstruksiyası”nın nüvəsini təşkil etməsi ilə bağlı idi. Milli ideyanın dövlət başçısı tərəfindən məzmununun bəyan edilməsi ilə postmüharibə dövrünün regional miq­yasda tam mənzərəsi aydın olacaqdır. 

İndi biz yeni tarixi mərhələnin siyasi və geosiyasi konturlarının və böyük güc­lərin regional maraqlarının milli maraq fonunda yeni nisbətinin müəyyənləşdi­rilməsinin qarşılıqlı əlaqəsində Cənu­bi Qafqazın geosiyasi arxitekturasının başlıca özəlliyinin fəlsəfi və siyasi-nəzəri tərəflərinə nəzər salaq. 

Vurğulanan iki mühüm geosiyasi fak­torun sıx əlaqəsini ifadə edən ümumi ten­densiyalar artıq mövcuddur. Onlar Şərq–Qərb və Şimal–Cənub marşrutları üzrə enerji və nəqliyyat-logistika layihələrinin yeni səviyyədə geosiyasi dinamikanı nəzərə alaraq qarşılıqlı əlaqələrinin ya­ratdığı sinergetik effektlə bağlıdır. Həmin sinergizm Cənubi Qafqazın sülh, əmək­daşlıq və təhlükəsizliyin vəhdəti fonunda postmüharibə dövrünün arxitektonikası­nı müəyyən edir. Burada “arxitektonika” termini postmüharibə dövrünün struk­tur-funksional qanunauyğunluqlarının fəl­səfi ifadəsidir. Bundan sonrakı təhlilimizə bu tezisin əsasında davam edəcəyik. 

Yəni: birincisi, Azərbaycan Prezidenti postmüharibə dövrünün arxitektonikası­nın başlıca məqamlarını artıq müəyyən etmişdir. İkincisi, yeni tarixi mərhələdə milli ideyanın məzmununu Prezident bəyan edəndən sonra, ümumi mənzərə tamamilə aydın olacaqdır. Üçüncüsü, hazırkı mərhələdə vurğulanan iki yeni faktorun qarşılıqlı əlaqəsi regional və regionüstü miqyaslarda özünün konkret təsdiqini tapmaqdadır. Dördüncü, həmin təsdiq konkret olaraq Şərq–Qərb və Şi­mal–Cənub marşrutları üzrə baş verən yeni proqram xarakterli layihələrin məz­mununda özünü göstərməkdədir. Sonun­cu tezisin təsdiqi üzərində dayanaq.

Şərq–Qərb nəqliyyat və enerji dəhlizi

Azərbaycan Prezidenti gərgin rəqa­bət şəraitində Şərq–Qərb nəqliyyat və enerji marşrutunun Cənubi Qafqaz, Mərkəzi Asiya, Uzaq Şərq (əsasən Çin) və Avropa miqyasında geosiyasi rolunun saxlanmasına nail olmuşdur. Bunun üçün İlham Əliyev həm müstəqil dövlətin lideri, həm Türk Dövlətlər Təşkilatının aparıcı siyasətçilərindən biri, həm də Qoşulma­ma Hərəkatının sədri kimi siyasi-diploma­tik fəaliyyətini üzvi surətdə əlaqələndirə bilmişdir. Bu əlaqələndirmə fərdi müstəqil liderliklə təşkilat miqyasında təşəbbüskar və fəal siyasətçi funksiyalarının vəhdəti formasında reallaşdırılmışdır. Nəticədə İlham Əliyev Azərbaycanın fərdi təşəb­büs planlarını Orta Dəhliz çərçivəsində TDT və Qoşulmama Hərəkatı miqyas­larında qarşılıqlı fayda verən proqram statusuna transformasiya etmiş və onu çoxlu sayda ölkənin milli təhlükəsizli­yi ilə əlaqələndirmişdir. Nəticədə İlham Əliyevin təşəbbüsləri enerji təhlükəsizli­yi məsələsini regional və regionlararası səviyyədə proses iştirakçılarının hər biri üçün faydalı olan müstəviyə cəlb etmiş­dir. Siyasi olaraq maraqlı olan cəhətlər­dən biri ondan ibarətdir ki, İlham Əliyev diplomatik məharətlə çox ziddiyyətli Av­ropa–Şərq münasibətlərini ziddiyyətsiz bir məcraya yönəldə bilmişdir (nəqliy­yat-logistika və enerji aspektləri nəzərdə tutulur). 

Bundan başqa, Rusiya məsələsi­ni çox konstruktiv surətdə İlham Əliyev vurğulanan planlara daxil edə bilmişdir. Nəticədə Moskva həm maneedici davra­nışlardan çəkinmiş, həm də özünün daha fəal iştirakı üçün əlavə imkanlar əldə et­mişdir. 

Bütün bunların regionlararası miq­yasda geosiyasi nəticəsini türkiyəli nazir Alparslan Bayraktar bir neçə tezisdə la­konik və dəqiq ifadə etmişdir. Türkiyənin energetika naziri “Habertürk”ə verdiyi müsahibədə vurğulamışdır ki, “Türkiyə ilk dəfədir ki, Macarıstan, Bolqarıstan, Rumıniya, Serbiya kimi Avropa ölkələ­rinə qaz ixrac edir. Ümid edirik ki, Tür­kiyə qaza olan qiyməti müəyyən edən ölkə olacaqdır. Biz Rusiya tərəfi ilə birgə səylərimizə davam edirik...” A.Bayraqdar onu da vurğulamışdır ki, İstanbul dünya­nın maliyyə mərkəzlərindən birinə çevrilə bilər.

Türkiyəli nazirin fikirləri arxasında böyük bir həqiqət dayanır: bütün bu ye­niliklərin kökündə Azərbaycan Prezidenti İlham Əliyevin məharətli liderlik fəaliyyə­ti dayanır! Bunu Türkiyə rəhbərliyi daim böyük sevgi ilə vurğulayır. Məsələ ondan ibarətdir ki, Türkiyənin böyük qaz habı ro­lunu oynamasında İlham Əliyevin Çindən başlayan Orta Dəhliz və Mərkəzi Asiya dövlətlərinin enerji resurslarını əhatə et­məsi ilə yanaşı, Rusiyanın da bu prosesə cəlb olunmasını təmin edən möhtəşəm addımları həlledici rol oynamaqdadır. İlham Əliyev həmin aspektləri Cənubi Qafqazda postmüharibə dövrünün geosi­yasi arxitektonikasının yaradılması kon­tekstinə üzvi surətdə daxil edən liderdir!

Bununla Azərbaycan Prezidenti post­müharibə dövründə regional sülh, əmək­daşlıq və təhlükəsizlik şəbəkəsinin qurul­masını dörd region – Uzaq Şərq, Mərkəzi Asiya, Qafqaz və Avropa üçün eyni dərə­cədə aktual olan faktora çevirmişdir və yeni geosiyasi strukturlaşmanı regionla­rarası əlaqələrin təminatçısı səviyyəsinə yüksəltmişdir! Dövlətçiliyimizdə tarixi naliyyətdir! Çünki Azərbaycan faktiki ola­raq real surətdə postmüharibə dövrünün memarı funksiyasını bacarıqla yerinə ye­tirir! 

Şimal–Cənub: Azərbaycan ssenarisi üzrə diriliş 

Bu nəqliyyat-logistika və enerji mar­şrutu, sözün əsl mənasında, başı bəlalı­dır. İllərdir ki, ondan danışılır, lakin real addımlar gözə dəymirdi. İndi Azərbaycan Prezidenti bu marşruta yeni nəfəs verir. Qarabağ münaqişəsi həll olunandan və Azərbaycan ərazi bütövlüyü ilə suve­renliyini tam təmin edəndən sonra İlham Əliyev konkret təklifləri və addımları ilə Rusiya üçün ciddi əhəmiyyəti olan həmin istiqaməti canlandırır. 

Bu prosesdə İranın iştirakı ayrıca əhəmiyyət daşıyır. Hindistan (Mumbay portu vasitəsi ilə) bu marşrutdan fayda­lana bilər. Onu deyək ki, Şimal–Cənub marşrutu Xəzər regionunda üç budağa ayrılır – Qərb (Azərbaycan vasitəsi ilə), Şərq (Qazaxstan, Özbəkistan və Türk­mənistan istiqaməti) və Transxəzər. Bu üç istiqamət sistem halında çox geniş məkan üçün Şimal–Cənub marşrutunu cəlbedici edir. Rusiya, Qafqaz, İran və Hindistanın bura daxil olduğu çoxdan məlumdur. Hazırda Azərbaycanın fəallğı ilə Yaxın Şərq ölkələrinin də həmin mar­şruta maraq göstərdiyi müşahidə edilir. Konkret fakt kimi, Birləşmiş Ərəb Əmir­liklərini, Bəhreyni, Omanı göstərə bilərik. Bu ölkələrin rəhbərliyi ilə son zamanlar Rusiya rəhbərliyi arasında faydalı danı­şıqlar olmuşdur. Həmin istiqamətdə pro­sesin genişlənəcəyi proqnozlaşdırılır. 

Xatırladaq ki, vurğulanan istiqamə­tin yeni mərhələyə qalxması Prezident İlham Əliyevin ciddi fəaliyyəti ilə sıx bağlıdır. Belə ki, Azərbaycan Prezidenti Yaxın Şərq ölkələri ilə (məsələn, İraqla) enerji və nəqliyyat-logistika sferasında əməkdaşlıqla bağlı müzakirələr aparmış­dır. Eyni zamanda, Rusiya lideri ilə İlham Əliyevin bir neçə dəfə məsələni müzakirə etdiyi faktdır. Onu da deyək ki, bu marş­rut üzrə də Türkiyənin böyük əməkdaşlıq imkanları əldə etdiyi aydındır. 

Beləliklə, çox geniş bir geosiyasi mə­kanda Şimal–Cənub əməkdaşlıq marş­rutu üzrə Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqaza yeni geosiyasi status qazandırmaqdadır. Bu status post­müharibə dövründə sülh, əməkdaşlıq və təhlükəsizliyin multiparametrli mahiyyətli olması formasında həyata keçirilir. Hə­min kontekstdə regionda postmüharibə dövrünün yekun mənzərəsini formula edə bilərik.

Yekun mənzərə

Cənubi Qafqazın postmüharibə döv­rünün yekun geosiyasi mənzərəsinin arxitektonikası mahiyyətcə multifaktoral, multimodal və multilateral xarakter da­şıyır. O, multiregional arxitekturanın tər­kib hissəsi kimi formalaşır. Burada İlham Əliyevin liderlik nümunəsinin fəlsəfi as­pektdə bır sıra özəllikləri aydın olur. 

Hər şeydən öncə, Azərbaycan Prezi­denti lider kimi şəxsi qətiyyəti və ümumi mənzərəni yüksək strateji zəka ilə görə bilməsi ilə fərqlənir. Bu miqyasda geniş baxış İlham Əliyevin nəzəriyyə ilə prak­tikanı böyük məharətlə eyni məntiqi müstəvidə qarşılıqlı əlaqədə uyğunlaşdı­ra bilmək qabiliyyəti ilə birləşir. 

Bir dövrün geniş geosiyasi məkanda memarı olmaq böyük siyasi liderlik key­fiyyətindən xəbər verir. Xüsusilə, söhbət postmüharibə dövründə sülh, əməkdaşlıq və təhlükəsizliyin vəhdətində baş verən proseslərdən gedirsə, ikiqat mürəkkəb situasiyadan bəhs edilir. Çünki indi fəl­səfi və siyasi araşdırmalarda əsas diqqət böhran və münaqişə vəziyyətində liderlik nümunəsinə yönəldilməkdədir. Bunun fo­nunda münaqişədən sonrakı mərhələdə regionları inkişaf etdirmək nümunəsi daha aktual görünür. Çünki sonucda bəşəriyyə­tin mövcudluğu əsas mövzudur. 

Postmüharibə dövrünün memarı kimi İlham Əliyev liderliyinin çox özəl cəhətlə­rindən biri regional geosiyasi arxitektura­nı milli ideya faktoru ilə uyğunlaşdırmaq keyfiyyəti ilə bağlıdır. Bu, faktiki olaraq, Azərbaycan Respublikasını müasir tarixi mərhələdə regional miqyasda özəl geo­siyasi status səviyyəsinə qovuşdurmaq deməkdir. Yəni real zamanda və realpoli­tika çərçivəsində regional geosiyasi arxi­tektonika Azərbaycanın milli ideyasın­dakı məzmun və strateji məqsəd “çətiri” altında formalaşır ki, bu da geniş priz­mada regionun taleyinin Azərbaycanın dövlətçilik kursu ilə sıx bağlılığı demək­dir. Eyni zamanda, yeni tarixi mərhələdə Azərbaycanın milli ideyasında regional miqyasda uğur faktorunun ciddi surətdə nəzərə alınması zərurətinin meydana gəlməsi deməkdir. Son dərəcə əhəmiy­yətli məqamdır!

Nəhayət, İlham Əliyevin postmüha­ribə dövrünün arxitektonikasını bütöv­lükdə TDT kontekstində “inşa” etdiyi te­zisini irəli sürmək olar. Bu, müstəqil bir dövlətin strateji seçiminin ana punktudur. Azərbaycan XXI əsrin geosiyasi ruhuna uyğun olaraq, dövlətlər qrupunun ən fəal üzvü kimi regional və qlobal miqyasda in­kişafında qətiyyətlidir! 

Bununla Azərbaycan Prezidenti postmüharibə dövründə şəxsiyyət kimi liderliyinin təkamül dinamikasını, dövlət başçısı – lider kimi regional və şəxsiyyət – dövlət başçısı – lider kimi qlobal inkişa­fın dinamikaları ilə ziddiyyətsiz uyğunlaş­dıra bilən böyük lider olaraq özünü təsdiq etməkdədir! 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət