Qarabağın dirçəldilməsi qüdrətimizin göstəricisidir

post-img

İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən müddət ərzində Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, bir çox ölkənin bacarmadığı nəhəng layihələri təkbaşına reallaşdırmağa qadirdir. Heç bir ölkədən yardım almadan viran edilmiş şəhər, qəsəbə və kəndlərə yeni nəfəs verməklə Azərbaycan qüdrətli dövlət olduğunu təsdiqlədi. Bütün bu reallıqların yaradıcısı, şübhəsiz ki, Prezident İlham Əliyevdir.

Bu fikirləri siyasi şərhçi Emin Bağırov söyləyib. O bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları nəhəng tikinti meydançasını xatırladır. Azad olunmuş bütün ərazilərimizdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. İlk növbədə, mövcud olmayan infrastrukturun bərpası maliyyələşdirilir. Əslində, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunandan sonra dövlətimiz əsas diqqəti mənzil tikintisi və məcburi köçkünlərin geri qayıtması üçün texniki şəraitin təmin edilməsinə yönəldib.

Vətəndaşlarımızın tarixi yurd yerlərinə qayıtması üçün intensiv olaraq kifayət qədər irimiqyaslı bir neçə problem – nəqliyyat-yol infrastrukturu, həmçinin su, işıq və qaz təchizatı məsələləri həll edilir.

Bu torpaqlarda sosial infrastrukturun qurulması son dərəcə vacibdir, çünki onun olmaması əhalinin məşğulluğunun təmin edilməsi baxımından ciddi problemlər yaradır. Azərbaycan bütün çətinliklərin öhdəsindən uğurla gəlir. Görülən işlər isə bunun bariz nümunəsidir. Keçmiş qaçqın və məcburi köçkünlərin artıq qayıtdıqları qəsəbələrdə bu problemlər öz həllini tapıb, sakinlərin qayıdışına başlanılıb, Kəlbəcər və Qubadlı rayonlarında isə zəruri infrastruktur layihələri başa çatdıqdan sonra insanlar bu yurd yerlərinə də qayıdacaqlar.

Vətənə dönən keçmiş məcburi köçkünlərin işlə təmin olunmaları üçün işğaldan azad edilmiş ərazilərdə iş yerləri yaradılır. Buna nail olmaq üçün investisiyalar sənaye sektoruna, kənd təsərrüfatına və digər sahələrə yönəldilir. Bu prosesə xarici kapital da cəlb olunur. Məsələn, Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasında bizə qardaş dəstəyi təklif edən ilk ölkələrdən biridir. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda toxuculuq sektorunda birgə işlərin görülməsi nəzərdə tutulur. İlkin mərhələdə 400-dən çox yeni iş yerinin açılması planlaşdırılır. Statistikaya görə, 2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş rayonlarında 1271 iş yeri açılıb.

İkinci Qarabağ müharibəsindən sonra ən böyük problemlərdən biri işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Bu məsələ ölkə rəhbərinin, dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızda yerləşdirilmiş minalar haqqında məlumatları bütün beynəlxalq platformalarda çatdırır. Dövlət başçımızın bildirdiyi kimi, işğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Postmüharibə dövründə onlarla Azərbaycan vətəndaşı həlak olub, ağır yaralanıb.

Azad olunmuş ərazilərimizin dirçəldilməsi dövlətimizin əsas prioritetlərindən biridir və buna görə də minatəmizləmə prosesi sürətlə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə bağlı layihələr Azərbaycanın növbəti illərdə həyata keçirdiyi ən böyük iqtisadi siyasət təşəbbüsləri sırasındadır.

İşğaldan azad edilmiş ərazilərin bərpasının ikinci mərhələsində büdcə vəsaitləri əsasən şəhərsalma standartlarına uyğun müasir texnologiyalardan istifadə etməklə yaşayış komplekslərinin tikintisinə, zəruri infrastrukturun, mühafizə sisteminin yaradılmasına, əhalinin məşğulluğu, o cümlədən biznesin aparılması üçün şəraitin yaradılmasına yönəldiləcək. Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndlərində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası sürətlə həyata keçirilir.

Bununla yanaşı, nəqliyyat kommunikasiyalarının qurulması Azərbaycanın və bütün regionun iqtisadi inkişafına təkan verən amildir. Eyni zamanda, hava limanları regionun əhəmiyyətini artırır və onun dünya iqtisadiyyatına tam inteqrasiyası üçün yeni imkanlar yaradır. Hava limanlarının olması investorların bölgəyə daha fəal gəlməsinə səbəb olur. Hazırda fəaliyyət göstərən Füzuli, Zəngilan hava limanları və tikilməkdə olan Laçın aeroportu vasitəsilə ixrac əməliyyatlarının həyatın keçirilməsi, şübhəsiz ki, ölkə iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verəcək.

Emin Bağırov sonda qeyd edib ki, Qayıdış Proqramı sürətlə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur regionlarının iqtisadi inkişafı vətəndaşların rahat yaşaması və sosial təminatı üçün şərait yaradacaq. Bu prosesin həyata keçirilməsi böyük vəsait və vaxt tələb edir. Azərbaycan dövləti və xalqı güclü xarakter nümayiş etdirərək azad olunmuş ərazilərə yeni həyat gətirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu genişmiqyaslı layihələr Azərbaycanın yeni dövrdə daha da güclənməsinə xidmət edir. Ölkə rəhbərinin iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda sənaye müəssisələrinin və digər sosial obyektlərin təməlinin qoyulması, tikinti-quruculuq işlərinin geniş vüsət alması, ən müasir texnologiyaların tətbiqinə önəm verilməsi də bunu göstərir.



Siyasət