Helikopter qəzası və Ermənistanda “anti-Azərbaycan şousu”

post-img

Bir vaxtlar eyni yolu rəsmi İrəvan gedirdi

İran Prezidenti Seyid İbrahim Rəisinin helikopter qəzasında həyatını itirməsi dünyanın diqqət mərkəzindədir. Hadisə ilə bağlı müxtəlif fərziyə və mülahizələr irəli sürülür. Onların hamısının üzərində dayanmaq istəməzdik. Ən azından ona görə ki, İran tərəfindən gələn açıqlamalar olayda hansısa başqa motiv axtarmağa imkan vermir. 

Bəli, Ermənistandakı bəzi siyasi da­irələr çox aktiv şəkildə hadisədə Azər­baycan izi axtarmağa başlayıblar. On­lar İran Prezidentinin qəza nəticəsində həyatını itirməsini ölkəmizə qarşı siyasi təbliğat kimi istifadə edirlər. Üzərində dayandıqları iki məqam var. Birincisi, nə qədər paradoksal səslənsə də, Azər­baycanı Qərbə bağlamaq və mövcud xüsusda Qərbin anti-İran ab-hava­sından söz açaraq ölkəmizin, guya, həmin ab-havada iştirakı ilə bağlı saxta arqumentasiyaya baş vurmaq. İkincisi, bilavasitə Azərbaycan–İsrail əməkdaşlığının anti-İran trayektoriya­sını qabartmaq.

Əlbəttə, demək olmaz ki, Ermənistan­da belə təbliğat aparanlar birbaşa ölkə­nin hakim komandasının mənsubları və onlara yaxın şəxslərdir. Belələri əsasən hazırda ölkəni qarışdırmaq istəyən, Azərbaycanla sülh gündəmini pozmağa çalışan “beşinci kolon”un təmsilçiləridir­lər. Bu revanşist-şovinist kəsimin səsi isə daha çox eşidilməkdədir. 

Ermənistandakı revanşist qütb, əs­lində, İran daxilindəki ermənipərəst da­irələrlə əlbir durumdadır. Həmişə belə olub. Məsələ burasındadır ki, birincilər ikincilər üçün, bir növ, mövzu verməyə girişiblər. Onlar bildirirlər ki, Azərbaycan, guya, İsraillə birlikdə İranda pantürkizmi alovlandırmaqla məşğuldur. Yəni, Rəisi­nin ölümü müstəvisində məhz bu sayaq düşüncələr təbliğ olunur. Sən demə, Azərbaycan İrandakı daxili vəziyyətin gərginliyi paradiqmasını, dövlətçiliyin sağlam təməllərdən uzaqlığını qabardır­mış ki, durumin kəskinlik fazası yüksəl­sin. 

Belə deyimlərlə İranda sərt anti-Azər­baycan ritorikası yaratmaq niyyəti güdü­lür. Məqsəd ölkədə Azərbaycanı gözü götürməyən dairələrin hərəkətə keçmələ­rinə zəmin yaratmaqdır. Bu, öz yerində. Diqqətçəkən başqa bir məqam var. Er­mənistanda “Vətən naminə Tavuş” hərə­katı deyilən siyasi hərəkat baş qaldırıb. Son günlərədək onun lideri arxiyepiskop Baqrat Qalstanyan çox aktiv idi. Belə təəssürat yaranırdı ki, din xadimi tərəf­darları ilə birgə baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq. Maraq­lıdır ki, məlum helikopter qəzasından sonra Qalstanyanın fotoları artıq erməni mediasını bəzəmir. Hərəkatın səngidi­yinə dair rəy yaranıb. Görəsən, nə üçün? Səbəb çox sadədir. Revanşist-şovinist kəsim əsas gücü İran üzərinə yönəldib. Onsuz da Qalstanyanın hərəkatının uğur qazanmayacağı aydın idi. Helikopter qə­zası isə başlanılmış mənasız işi dayan­dırmaq üçün fürsət verdi. 

Məlum idi ki, Qalstanyanın hərəka­tının məqsədi Azərbaycanla sülhdən yayınmaqdır. Artıq erməni başbilənlər niyyətlərini İranla ölkəmizin arasını vur­maqla gerçəkləşdirmək istəyirlər. Hesab edirlər ki, Tehranın Bakıya qəzəblənməsi daha böyük “nəticələr” verə bilər, nəinki Qalstanyanın başlatdığı hərəkat. Amma digər cəhətə nəzər salaq. Əslində, Ermə­nistan rəhbərliyinin özü də dəfələrlə İran­la Azərbaycanı incik salmağa çalışıb. Bu yolla birincinin ikinciyə qarşı irimiqyaslı hücuma keçməsini, ümumən Cənubi Qafqaz siyasi akvatoriyasında mühari­bə ab-havasının formalaşmasını istə­yib. İstəyib ki, qarışıqlıq şəraitində yeni dəngələr dövriyyəyə girsin və nəticədə Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi təxirə düşsün. Rəsmi İrəvan, həmçinin yaranacaq potensial gərginlik durumunda 44 günlük müharibə ilə itirdiyi mövqeləri geri qaytarmağa da ümid bəs­ləyib. Lakin bütün bu hesablamalar nəti­cə verməyib. Ən maraqlısı isə ondadır ki, bir vaxtlar Paşinyan administrasiyasının yürütdüyü xətti hazırda revanşist-şovinist kəsim həyata keçirməkdədir. 

Söhbətimizin bu yerində bir məqamın üzərində dayanmağa ehtiyac duyuruq. Əlbəttə, İranla Azərbaycan arasında ötən il ciddi soyuqluq yaranmışdı. Vəziyyət o qədər dramatik şəkil almışdı ki, hətta, bəzi ekspertlər müharibə riski barədə də söz açırdılar. Lakin tezliklə işlər qaydası­na düşdü. 

Azərbaycan dövləti hər zaman İrana qarşı mehriban qonşuluq və dostluq si­yasəti həyata keçirib. Ölkəmiz ən çətin anlarda belə bu siyasətdən kənar da­yanmayaraq Qərbin anti-İran siyasətin­də yer almayıb, Tehrana qarşı plasdarm olmayıb. Görünür, cənub qonşumuzda bu reallığı düşünənlər də az deyilmiş. Belə düşünənlərdən birinin, bəlkə də birincisinin Prezident Rəisi olduğunu söyləyə bilərik. 

Bəli, Azərbaycanla İranın ötənilki soyuqluğunun aradan qalxmasında Pre­zident Rəisi administrasiyası böyük rol oynayıb. Nəticədə Tehran Bakının “regi­on region ölkələri üçündür” şüarını əsas tutan “3+3” platformasında aktiv mövqe tutmağa başlayıb. Bu mövqe həm də İranın region dövlətlərinin sərhədlərinin toxunulmazlığı prinsipi ilə həmahəng təş­kil edib. Yəni, Bakı da cənub qonşusunun siyasi xəttinin məqbulluğunu qəbul edib, qarşı tərəfə gəldikdə isə, o, ölkəmizin sə­mimiyyətinə inanıb. 

Bəs səmimiyyətdən uzaq davranış nümayiş etdirən hansı dövlət idi? Əlbət­tə ki, Ermənistan. Rəsmi İrəvan Tehrana qarşı açıq çəkildə çıxmasa da, məlum idi ki, onun Qərbə meyillənməsi gec-tez anti-İran ovqatının işə düşməsini şərtlən­dirəcək. Bu tendensiyanın aktuallaşması indinin özündə də gözləniləndir. Müm­kün deyil ki, anti-Rusiya xəttinə üstünlük verən Ermənistan anti-İran dalğasında yer almasın. 

Ancaq konkret məqam var. İş onda­dır ki, Ermənistan rəhbərliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərt­lərini yerinə yetirməkdən boyun qaçırır. Söhbət sırf Naxçıvana yol məsələsində olan şərtdən gedir. İrəvan həmin bəya­nata əsasən, Azərbaycana tam maneə­siz yol verməli olduğu təqdirdə, məsələni özünün ərazi bütövlüyünə və suverenli­yinə təhdid qismində görməyi seçir. Əs­lində, zaman-zaman İranın region döv­lətlərinin sərhədlərinin toxunulmazlığı prinsipi həm də bu səbəbdən gündəm­də idi. Ancaq artıq İran administrasiyası daha çox “region region ölkələri üçündür” deyimi ilə hərəkət edir. Bu o deməkdir ki, rəsmi Tehran Qərbin Ermənistanda həlle­dici faktor olması reallığı ilə barışmır. 

Qərbin məqsədi Ermənistanı hansısa formada ayaqda tutmaq, erməni amilini avantürizm qaynağı kimi gündəmdə sax­lamaqdır. Hazırda mövcud istiqamətdə canfəşanlıq edən Fransadır. Ancaq buna­dək Qərbdən Azərbaycana qarşı təpkilər var idi. Həmin təpkiləri hansı vəziyyət do­ğurmuşdu, bu barədə fikirlərimizi bölüşək. 

Məlum olduğu kimi, Ermənistan haqqında söz açdığımız üçtərəfli Bəya­nata məhəl qoymayaraq, Naxçıvana yol vermədiyindən, ölkəmiz həmin yolun İran ərazisindən keçməsi ilə bağlı Rəisi ad­ministrasiyası ilə razılığa gəlib. Təsadüfi deyil ki, mayın 19-da Azərbaycan və İran Prezidentlərinin dövlət sərhədində görüş­mələri, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız qalası” hidroqovşağının açılış mərasimi əsnasında söhbət Kə­lalə–Ağbənd yolundan düşdü. Prezident Rəisi gələrkən ora baxış keçirdiyini, tikinti işlərinin çox gözəl şəkildə getdiyini bildir­di və əlavə etdi ki, Azərbaycan ilə İran arasındakı əməkdaşlıqların nəticələri açılışı edilən su bəndi və eyni zamanda, həmin körpü və yoldur. Dövlətimizin baş­çısı da Ağbənd istiqamətində inşa edilən körpünü həm növbəti nəqliyyat bağlantı­sı, eyni zamanda, növbəti dostluq rəmzi kimi dəyərləndirdi. Cənab Əliyev Şimal–Cənub Nəqliyyat Dəhlizinin bir istiqaməti­nin də Ağbənd istiqamətindən salındığını diqqətə çatdırdı.

Qərbin, xüsusən də Fransanın məqsədinin Ermənistanı ayaqda tutmaq olduğunu nəzərə alsaq, Azərbaycan – İran münasibətlərinin hazırkı dinamik fazası, yəni Prezidentlərin mayın 19-da səsləndirdikləri fikirlər İrəvanı təcriddə saxlayır. Yeri gəlmişkən, dövlətimizin başçısı təcrid məsələsini bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahi­bəsində də qabartmışdı. Ölkəmizin lideri Naxçıvana gedən yolun İran ərazisindən keçməsinə qarşı beynəlxalq müqavimə­tin mövcudluğundan söz açarkən belə demişdi: “Onlar indi, necə deyərlər, bun­dan duyuq düşərək əl-ayağa düşdülər ki, biz kənarda qaldıq və hətta bildiyiniz kimi, Amerika Dövlət Departamentinin rəhbəri­nin müavini də bir anlaşılmaz açıqlama vermişdi ki, ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik. Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənis­tandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Er­mənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlər­lə, onda digər varianta ehtiyac qalmaya­caq. Yoxsa bu da anlaşılan deyil. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Er­mənistan–İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsul­luq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gə­tirmir və “biz buna imkan verməyəcəyik” deyəndə, – mən artıq bunu demişəm, – Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir. Bizim İranla bu yaxınlarda As­taraçay üzərində körpünün açılışı olmuş­dur. Nə üçün? Çünki Şimal–Cənub dəhli­zində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün o yükləri götürə bilmir. Rusiya ilə ikinci ke­çid açmışıq Xanobada və indi Rusiya–Azərbaycan sərhədində iki keçid var. Bir idi. İranla da iki keçid var. Yəni, bu, bizim suveren işimizdir”.

Ə.CAHANGİROĞU
XQ



Siyasət