Yeni dünya köhnə qəlibləri qəbul eləmir

post-img

Reallığa müqavimət göstərmək çağdaş donkixotluqdur

Dünya da dəyişib, onun düzə­ni də. XXI əsrdə cərəyan edən ha­disələrin təbii axarının yaratdığı obyektiv reallıqlar planetin siyasi nəbzini yeni ritmdə döyünməyə vadar edir. Üzünü qütbləşmə bəlasından qurtulmağa çevir­miş sivil dünya artıq beynəlxalq müstəvidə qüvvələr nisbətinin dəyişdiyinin və bəşəri dəyərlərin nəyə qurban verilməyə çalışıldı­ğının da fərqindədir. Bu reallığı olduğu kimi qəbul etmək nə qə­dər doğru seçimdirsə, bundan imtina, yaxud müqavimət göstər­məyin hansı fəssadlara gətirib çıxaracağını da göz önünə almaq vacibdir. 

Son otuz ildə planetin ən həssas “qaynar nöqtələrindən” biri sayılan Cə­nubi Qafqaz da yeni tarixinin həlledici mərhələsini yaşamaqdadır. Bir tərəf­dən bölgə ölkələri öz aralarında sülhə və əməkdaşlığa yönəlik səylərini artırır, digər tərəfdən isə Şərqlə Qərbi birləş­dirən bu strateji coğrafiyada korporativ maraqlarını yürüdən üçüncü qüvvələr heç cür “suların durulmasına” imkan vermək istəmirlər. Azərbaycan və Er­mənistan sülhün bir addımlığındadır. Amma kənar qüvvələr, “böyük güclər” ən müxtəlif bəhanə və üsullarla onlara sonuncu addımı atmaqda mane olmağa çalışırlar. Rəsmi İrəvanın siyasi kompa­sını tez-tez dəyişməsinin, ziddiyyətli bə­yanatlar verməsinin, bu gün bir söz de­yib, sabah dediyinin əksini etməsinin az şahidi olmamışıq. Üstəlik, Ermənistan­da mövcud hakimiyyəti qeyri-konstitusi­on yolla devirmə riski, Nikol Paşinyana daxildən və xaricdən təzyiqlərin artması təhlükəsi hələ də qalmaqdadır.

*** 

Birmənalı demək olar ki, xarici qüv­vələr Ermənistan cəmiyyətinin müxtəlif vektorları arasında ziddiyyətlər ya­ratmaq və bunun üzərində oynamaq yolunu tutublar. Bu zaman həmin qüv­vələr ermənilərə çeşidli “nemətlər” vəd etməklə yanaşı, eyni zamanda, onu xəyali “qisas ssenarisi”nə hazırlamağın cizgilərini çəkməyə girişiblər. İctimai rəy üzərində qurulan bu cür manipulyasi­yaların hərdən ən kobud formalarının, hətta şantaj taktikasının şahidi oluruq. Bu taktikanı daha çox Fransanın timsa­lında görmək mümkündür. Təxmin edə bilərik ki, Parisin “qara qitə”yə qarşı aciz qəzəbi Yeni Kaledoniya hadisələrindən sonra daha da artıb. Fransanın daxili işlər naziri Cerald Darmaninin həmin hadisələrdə Bakını günahlandırmağa tələsməsi isə məhz acizliyin təzahürü idi. Bu şəraitdə güman etmək olar ki, Yelisey sarayının müvəqqəti kirayəni­şini və onun nazirləri Cənubi Qafqaz­da müharibə məşəlini yandırmaq üçün yeni cəhdlərə baş vuracaqlar. İntəha­sı, yuxarıda qeyd etdiymiz kimi, daha dünya əvvəlki dünya deyil və Fransanın Cənubi Qafqaza yönəlik məkrli və təx­ribatçı siyasətinə qarşı çıxmağa qadir güc və söz sahibləri var. 

“Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə nüma­yiş etdiriblər və biz Ermənistan rəhbər­liyindən də eyni münasibəti gözləyirik”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin ic­lasının yekunlarına dair brifinqdə söylə­yib. R.T.Ərdoğan Ermənistan–Azərbay­can münasibətlərinin normallaşması prosesindən danışarkən “xarici güclərin təxribatlarından” da söz açıb. Bu zaman Türkiyə liderinin, ilk növbədə, Fransanı nəzərdə tutduğunu söyləyə bilərik. Tür­kiyə Prezidenti bildirib ki, Ankara Bakı­nın İrəvanla apardığı sülh danışıqlarını diqqətlə izləyir. O, 4 kəndin Azərbayca­na verilməsi ilə bağlı son razılaşmanı alqışladığını vurğulayıb. Rəcəb Tayyib Ərdoğan bunu Cənubi Qafqazda əldən qaçırılması mümkün olmayan “tarixi şans” adlandırıb: “Regionumuzun qey­ri-sabitliyindən qidalanan xarici güclərin təxribatlarına son qoyulmalıdır. Türkiyə bölgədə davamlı sülhə nail olmaq üçün hər cür səy göstərəcək”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ər­doğan bölgədə sülhə nail olmanın va­cibliyi ilə bağlı eyni fikirləri və reaksiyanı Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında da dilə gətirib. İki gün əvvəlki telefon danışığında R.Tay­yib Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh prosesinin müsbət is­tiqamətdə irəliləməsindən məmnunlu­ğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib. Türkiyə Pre­zidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələ­ri üçün yeni bir mühit yaradacağını vur­ğulayıb. 

Bu, Türkiyə liderinin İrəvana və onu yanlış yola çəkməyə çalışanlara bi­rinci ismarıcı deyil. R.T.Ərdoğan Bakı ilə sülhün müqabilində Ermənistanla sərhədin və kommunikasiyaların açıa­lacağını dəfələrlə bəyan edib. Həmin kontekstdə Azərbaycan Prezidenti İl­ham Əliyevin Şuşadakı çıxışından bu cümləni bir daha xatırlatmaq yerinə düşər: “Əgər kimsə – minlərlə kilometr uzaqda yerləşən ölkələrin rəhbərləri bu regionda müəyyən nəticələr əldə etmək istəyirlərsə, qoy bizimlə danışsınlar”. Bu xəbərdarlıq Cənubi Qafqazda Bakının özünün yaratdığı yeni reallığın bütün mahiyyətini özündə ehtiva edir. 

*** 

Ermənistanda Azərbaycanla sülh tərəfdarlarının çoxaldığı, son vaxtlar onların səslərinin gücləndiyi barədə yazmışdıq. Belə insanların sırasında hətta bu günədək Nikol Paşinyan iqtida­rına və sülh prosesinə müxalif mövqedə dayanmış siyasi ekspetlərin, eks-na­zirlərin, alimlərin, blogerlərin olduğunu da qeyd etmişdik. “Cənubi Qafqazda regional kommunikasiyaların açılması müasir geosiyasi təsirlərsiz mümkün olmalıdır”. Bunu “Report”a açıqlama­sında britaniyalı jurnalist Onnik Ceyms Krikorian bildirib. Onun sözlərinə görə, İrəvanın regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun işini (Azərbaycan, Rusiya və Ermənis­tan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə - red.) dondurmasının səbəb­ləri məlum deyil: “Yəni, Ermənistanın bu qərarı təzyiq altında verdiyi, yaxud Ru­siya FTX-nin İrəvanın böyük nəqliyyat qovşağı üzərində hər hansı nəzarətə malik olmasını istəmədiyi aydın deyil”. 

Erməni əsilli britaniyalı jurnalist və fotoqraf Onnik Krikorian daha sonra vurğulayıb ki, hazırda Bakı və İrəvan ikitərəfli danışıqlara üstünlük verir: “Bu formatın prioritet sayılmaması üçün heç bir səbəb görmürəm”. Onun fikrincə, Zəngəzur dəhlizi layihəsinin artıq Rusi­ya vəə Qərb arasında rəqabət mərkəzi orbitindən çıxması çox vacibdir. 

Sağlam və praqmatik düşüncə sahi­bi olan erməni əsilli britaniyalı jurnalist Krikorianın açıqlamasından daha bir sitat: “Bu layihənin (Zəngəzur dəhlizi –red.) gələcəyi Azərbaycan və Ermənis­tandan, həmçinin ondan faydalanma­ğa ümid edən ölkələrdən asılı olacaq. Amma hesab edirəm ki, regional kom­munikasiyaların açılması və Naxçıvan­la əlaqələri bərpa etmək arasında fərq qoymalıyıq. Əslində, bu layihə mövcud geosiyasi proseslər nəzərə alınmadan mümkün olmalıdır. Amma Ermənistan dəmir yolu şəbəkəsi Cənubi Qafqaz də­mir yollarının inhisarında və 2037-ci ilə qədər Rusiyanın nəzarəti altında oldu­ğundan ikinci mərhələ daha uzun çəkə bilər”.

İndi İrəvanın reallıqdan çıxış edərək, sülh və əməkdaşlıq yolunda konkret ad­dımlar atmalı olduğu məqamda Fran­sa rəsmən bəyan edir ki, Ermənistana Azərbaycandan müdaxilə təhdidi var və onu mütləq müdafiə etməlidirlər. Yəni, Yelisey sarayı, guya, Ermənista­nı müdafiə etmək üçün əlindən gələni etməyə çalışır, bu məqsədlə ona yeni silahlar göndərir. Əlbəttə, vasitəçilikdən və danışıqların platformasından məh­rum olan Fransanın əsas məqsədi sülh sazişinin imzalanmasına mane olmaq­dır. Ermənistanın bəzi media qurumları yaxın gələcəkdə Fransa hərbçilərinin bu ölkədə peyda olacağı barədə xəbər­ləri tirajlayırlar. Artıq hamıya aydındır ki, Emmanuel Makronun niyyəti Ermə­nistanı müdafiə etməkdən daha çox Cənubi Qafqaz uğrunda apardığı mü­barizədə Türkiyə və Rusiya qarşısında üstünlük əldə etməkdir. Yoxsa, balaca Ermənistana geniş radiuslu GM-200 ra­diolokasiya sistemlərini verməzdi. Əra­zini əhatə dairəsi 250 kilometrə çatan həmin sistemlər Fransaya nəinki Azər­baycan, eləcə Türkiyə, İran və Rusiya təyyarələrini gecə-gündüz izləməyə im­kan verəcək. 

*** 

Dünənə qədər kollektiv Qərbin, ABŞ-nin analitik mərkəzləri Ermənis­tanla Azərbaycan arasında yeni hərbi münaqişənin qaçılmaz olduğunu proq­nozlaşdırırdılar. Əslində, sülh danışıqla­rında yaranan fasilə onlara ən müxtəlif ehtimal və fərziyyələr irəli sürmək üçün “meydan” yaratmışdı. İndi Azərbaycan və Ermənistan arasında birbaşa, va­sitəçisiz dialoq start götürüb. Sadəcə, İrəvan Bakının bir sıra vacib şərtlərini qəbul etməli, konstitutsiyanı dəyişdir­məlidir. Çünki hayların ana qanununda açıq şəkildə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Bunu ən azı ona görə etməlidir ki, Cənubi Qafqazda əsas oyunçunun Azərbaycan olduğunu özü də yaxşı anlayır. Ermənistan rəh­bərliyinin bunu dərk etməsinin sübutu isə sərhədlərin delimitasiyası və de­markasiyası prosesi ilə bağlı protokolu imzalaması və ikitərəfli münasibətlərin normallaşması istiqamətində atdığı ad­dımlardır. Nikol Paşinyan bu prosesin Ermənistanın suverenliyinin və təhlükə­sizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşına çevrildiyini təkrarla­maqdan yorulmur. Siyasi məntiq də onu deyir ki, Azərbaycanın suverenliyinin möhkəmlənməsi, bununla paralel ola­raq, Ermənistanın suverenliyinin möh­kəmlənməsinə, ümumilikdə, Cənubi Qafqazın beynəlxalq subyektivliyinin güclənməsinə zəmin yaradacaq. Amma özlərini “qlobal aktor”, “böyük güclər” sayan bəzi ölkələr məlum səbəblərdən bu reallığı həzm etməkdə çətinlik çəkir­lər. Bizim vəzifəmiz onlara dönə-dönə başa salmaqdır ki, bu reallığa müqa­vimət göstərmək əbəsdir. Artıq dünya­nın yeni düzəninə köhnə nümunələri sırımaq cəhdləri fayda verməyəcək. Bu cəhdlərin kənardan Servantesin Don Kixotunun yel dəyirmanı ilə “döyüş­məsi” kimi miskin səhnəyə bənzədiyini üçüncü tərəflər, nəhayət, anlamalıdırlar.

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri 

Əlbəttə, Rəcəb Tayyib Ərdoğa­nın nəzərdə tutduğu ölkə Fransa­dır. ABŞ-nin sülh sazişinin imzalan­ması ilə bağlı mövqeyi konstruktiv xarakteri daşıyır. Bu da anlaşılan­dır. Amma onu da demək lazımdır ki, rəsmi Paris tərəfindən son gün­lər Ermənistan–Azərbaycan mü­nasibətlərinin normallaşması, sülh danışıqları kontekstində kəskin çıxışlar müşahidə olunmur. Fran­sa Almatı görüşü barədə, sadəcə olaraq, neyrtal bir bəyanatla çıxış edib. Çox güman ki, Azərbayca­nın atdığı adekvat addımlar, Yeni Kaledoniya məsələsində Bakının əks-tədbirləri Parisi düşünməyə va­dar edib. Yəni, Yelisey sarayında­kılar artıq anlayırlar ki, Azərbaycan heç də Cənubi Qafqazda yerləşən balaca, gücsüz, iradəsiz bir ölkə deyil. Əgər, o, Azərbaycana qarşı əvvəlki təxribatçı fəaliyyətini davam etdirərsə, Bakının da onun ma­raqlarına toxuna biləcəyini nəzərə almalıdır. Hadisələrin bundan son­rakım inkişafı bu məsələyə tam aydınlıq gətirəcək. Hər halda, xarici işlər nazirlərinin Almatı görüşündən sonra Parisin kəskin reaksiyasını görmədik. 

Bəlkə indi biz Fransanın böl­gəyə yönəlik münasibətində han­sısa dönüşün yarana biləcəyini ehtimal edə bilərik. Ola bilsin, onlar Azərbaycana qarşı qərəzli fəaliy­yətdən çəkinmək barədə düşü­nürlər. Doğrudur, bunu söyləmək hələ tezdir, vaxt hər şeyə aydınlıq gətirəcək.

İmran BƏDİRXANLI
XQ



Siyasət