İyulun 4-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Parlamentin sədri iclasın gündəliyinə 22 məsələnin daxil olunduğunu deyib.
Gündəliyin birinci məsələsi qərar layihəsi olub. Bildirilib ki, Prezidentin təqdimatına əsasən, Milli Məclis Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi məsələsinə baxmalıdır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məsələ barədə məlumat verib. O, Azərbaycan Prezidentinin Otari Qvaladzenin, Fərhad Tutayukun, Rauf Quliyevin və Rəşid Rzayevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi məsələsinə baxılması üçün Milli Məclisə müraciət etdiyini deyib. Deputat namizədlərin ikisinin icra hakimiyyətinin, digər iki nəfərin isə məhkəmə hakimiyyətinin təmsilçiləri olduğunu söyləyib, onların fəaliyyəti və iş təcrübəsi barədə məlumatı təqdim edib. Sonra qərar layihəsi səsə qoyularaq qəbul edilib. Yeni təyin edilmiş hakimlər iclasda and içiblər.
Növbəti məsələni - “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. İclasda çıxış edən maliyyə naziri Sahil Babayev 2024-cü ilin Azərbaycan üçün uğurlu olduğunu, həm makroiqtisadi sabitliyin, həm makrofiskalsabitliyin qorunduğunu, önəmli dövlət proqramlarının uğurla icra edildiyini vurğulayıb.
Növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və bir oxunuşda qəbul edilib. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə qanun layihəsini təqdim edib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov isə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiqlənməsi haqqında qanun layihəsini təqdim edib. Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Gündəliyin növbəti 13 məsələsi ikinci oxunuşda qanun layihələri olub. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsini, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsini, həmçinin “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə, "Müdafiə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Komitə sədri Tahir Rzayev, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov, “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim ediblər. Komitə sədri Əli Hüseynli, həmçinin Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.
Gündəliyin son 5 məsələsi isə birinci oxunuşda qanun layihələri olub. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edib.
İclasda diqqətə çatdırılıb ki, növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-biri ilə bağlıdır. Ona görə də layihələrin təqdimatları və müzakirəsi birlikdə aparılıb.
Gündəliyin 19-cu məsələsi olan "Xüsusi icra məmurları haqqında" qanun layihəsi (birinci oxunuş) ilə bağlı Komitə sədri Əli Hüseynli bildirib ki, sənəd icra sisteminin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb. Əli Hüseynli gündəliyin 20-ci məsələsi olan Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd hazırda Milli Məclisin müzakirəsinə təqdim edilmiş "Xüsusi icra məmurları haqqında" qanun layihəsinə uyğunlaşdırmaq məqsədilə hazırlanıb.
Gündəliyin 21-ci məsələsi - "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında olub.
Gündəliyin sonuncu məsələsi olan Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Notariat haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" qanunlarda dəyişiklik edilməsi barədə olub.
Qanun layihələri birinci oxunuşda qəbul edilib.