“Anklav” və “eksklav” nə deməkdir?

post-img

Siyasi açıqlamalarda “anklav” və “eksklav” terminləri işlədilir. Amma oxucuların bir çoxu bu terminlərin mənasını ya başa düşmür, ya da bir-birindən fərqləndirə bilmir. Bunu nəzərə alaraq həmin terminlərin mənasını izah etmək üçün beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirova müraciət etdik. 

M.Dəmirov dedi ki, siyasi məkanda tamamilə başqa bir siyasi regionun sərhədləri daxilində yerləşən əraziyə “anklav torpaq” deyilir. Başqa sözlə, anklav bir ölkənin başqa bir ölkə tərəfindən mühasirə edilmiş torpaq parçasıdır. Digər dövlət sərhədləri içərisində qalan bu torpaq parçası bir dövlətin torpağı ola biləcəyi kimi müstəqil dövlət də ola bilər.

Analitik bildirdi ki, “eksklav torpaq” isə siyasi olaraq bağlı olduğu bölgə ilə coğrafi cəhətdən əlaqəsi olmayan, bu bölgə ilə arasında başqa bir siyasi bölgə olan ərazidir. Başqa sözlə, bir dövlətin başqa bir dövlət tərəfindən onunla əlaqəsi kəsilmiş torpağı “eksklav torpaq” adlanır. 

Eksklav torpağa Naxçıvan Muxtar Respublikası nümunə göstərilə bilər. Ermənistanın sərhədlərinin təşkil etdiyi region vasitəsilə Naxçıvanın Azərbaycanla əlaqəsi kəsilib və bundan əlavə, İran və Türkiyə ilə də sərhədləri var. Buna görə də Azərbaycanın eksklavı olmasına baxmayaraq, bir neçə ölkə ilə sərhədi olduğu üçün anklav deyil.

Yeri gəlmişkən, bir ərazini, eyni zamanda, həm anklav, həm də eksklav adlandırmaq olar. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət