Məkanı səhv salmış “Keyhan”

post-img

Tehranın Bakı–Tbilisi–Ceyhan kəmərinə əl uzatmaqda məqsəd nədir? 

Tehran növbəti dəfə Bakını təhdid edir. Bölgədə söz və güc sahibi olan Azərbaycanın bostanına daş atanlar hələ də anlamaq istəmirlər ki, bizə dil uzatmaq münasibətlərimizə zərbə vurur. Bu qüvvələr, doğrudanmı, başa düşmürlər ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinə qarşı təxribat törədən bu marşrutun qurulmasında və fəaliyyətində maraqlı olan böyük güclərin qəzəbinə tuş gələ bilər? Tehrandan bu xarakterli avantürist bəyanatlar səsləndirənlər bölgədə cərəyan edən böyük geosiyasi proseslərin nə ilə nəticələnəcəyini unutmamalıdırlar. Hər halda, bu gedişlə prosesin heç də İranın xeyrinə başa çatmayacağını göz önünə almaları məsləhətdir.

“SEPAH” və ona bağlı mühafizəkar qanad Azərbaycan–İran münasibətlərini daimi gərginlikdə saxlamaqda maraqlıdır. Rəsmi Bakı İranla son ilyarımda soyumuş münasibətlərin istiləşməsi üçün lazımi addımları atsa da, qarşı tərəf yenə də təfriqəçi və məzhəbçi siyasətindən əl çəkmək istəmir. Keçən ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terrordan sonra İran, faktiki olaraq, ölkəmizin üzərinə “narkotik hücum əməliyyatı”na başlayıb. Sərhədçilərimiz, hüquq-mühafizə orqanlarımız tərəfindən, demək olar ki, hər gün Azərbaycana narkotik keçirmək istəyən bir neçə İran vətəndaşı yaxalanır. Amma cənub qonşumuz “ağ zəhər”li siyasətindən əl çəkmir. 

İİR-in Ali dini rəhbəri Əli Xameneinin ofisinin əsas mətbu orqanı sayılan “Keyhan” qəzeti İsrail–Fələstin hərbi münaqişəsi ilə bağlı dərc etdiyi məqalədə Azərbaycana qarşı qərəzli və təhdidedici ifadələrə yol verib. Qəzetin Məsud Əkbəri imzalı əməkdaşı “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!” sərlövhəli məqaləsinin bir neçə yerində İsrail–Azərbaycan münasibətlərini hədəfə alıb. İsrailin enerji ehtiyaclarının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu vurğulayan müəllif onu da yazır ki, Asiyadan Hind okeanı–Ədən körfəzi–Bab əl-Məndəb boğazı və Qırmızı dəniz marşrutu vasitəsilə İsrailin Eylat limanına mal daşınmalarının qarşısı husilər tərəfindən alınır: “Qeyd etdiyimiz başqa bir strateji marşrut da var ki, o da Bakı–Tiflis–Ceyhan kəməridir. Bu dəhlizin sıradan çıxarılması sionist rejimin iqtisadiyyatında ciddi böhrana səbəb ola bilər”. 

Oxucularımıza xatırladaq ki, “Keyhan”ın baş redaktoru kəskin radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari Əli Xameneinin birbaşa göstərişi ilə bu posta təyin olunub. Bu qəzetdə dərc olunan yazılar məhz Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın – SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir. Maraqlıdır ki, “Keyhan”nın bu təxribatçı çıxışına ilk reaksiya xaricdə fəaliyyət göstərən müxalif ekspertlərdən gəldi. Onlar qəzetin bu məqaləsini neft kəmərinə qarşı təxribata çağırışı kimi dəyərləndiriblər. 

***

İranın özünün gərgin siyasi durumda olduğu bir dönəmdə Azərbaycanla münasibətləri normallaşdırmaq, onu yenidən qazanmaq əvəzinə, bu cür təxribatçı, yanlış siyasətə əl atmasının səbəbi nədir? Yəqin, əsas səbəb İran kimi teokrat rejimlərin yalnız belə, siyasi məntiqə sığmayan üsullarla hakimiyyətdə qala bilməsini düşünmələridir. İranın bir dövlət kimi forma və məzmunu 1979-cu ilin fevralında baş vermiş “yaşıl inqilabdan” dərhal sonra ortaya çıxmışdı. Açıq demək lazımdır ki, Orta əsrlərdən qalma təfəkkürlə indikindən fərqli idarəçilik sistemini gözləmək də sadəlövhlük olardı. İslam bayrağı altında, əslində, dinimizə uyğun olmayan əməlləri əlində silaha çevirmiş bu rejimin 45 il ərzində ayaqda qalmasına təəccüblənməmək olmur. Yəni, belə rejimlər mütləq hərdən qəzəblənməli, şişməli, daxildə və xaricdə ona qarşı gedənlərə hədə-qorxu gəlməlidir. Təzada diqqət yetirin: Qərbi söyən, başına əmmamə qoymuş ayətullaların övladları öz bizneslərini həmin Qərbdə qururlar, “barışmaz düşmən” ABŞ iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyurlar... Amma rejim İsrailin “sionist rejimini yer üzündən silməklə” hədələyir. Artıq hər kəsə məlumdur ki, İsrailin İranın Dəməşqdəki səfirliyinə hava zərbəsinin “qisası” kimi, Tehran məhz Tel-Əvivin “icazəsi ilə” onun “dərinliklərdəki hədəflərinə” birbaşa raket hücumu təşkil etdi. Üstəgəl, bu zaman çox öyündüyü silahlarının nəyə qadir olduğunu bütün dünya gördü... 

Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov hesab edir ki, Tehranın son hərəkətlərinə heç cür haqq qazandırmaq olmaz. Bu yaxınlarda Azərbaycan və İran prezidentlərinin Xudafərin su bəndinin açılışı ilə bağlı görüşəcəklərini diqqətə çatdıran politoloq bu ərəfədə belə təxribatçı bəyanatların, yazıların Tehranın maraqlarına cavab vermədiyi qənaətindədir: “Belə hərəkətlər yolverilməzdir. Azərbaycan kifayət dərəcədə özünə arxayın bir dövlətdir. Həmin məqalənin müəllifi getsin içində yaşadığı rejimin aqibəti barədə düşünsün. İran xalqı molla rejimindən, SEPAH-dan çoxdan bezib. Öz problemləri ilə məşğul olmaq əvəzinə, sağa-sola əl uzatmaqla məşğuldur. Halbuki bu ölkənin vətəndaşları düşdükləri ağır vəziyyətdən çıxmağın yollarını axtarırlar. Aydın məsələdir ki, belə cızma-qaraların Azərbaycana heç bir təsiri ola bilməz. Sadəcə olaraq, onlar növbəti dəfə özlərinin təxribatçı simalarını açıqlayıblar”.

Azərbaycanda Tehran rejimi ilə bağlı heç bir ümidə və illüziyaya yer qalmadığını deyən deputat bu səbəbdən ölkəmizin ünvanına səsləndirilən təhdid və iddiaların əks-təsirə deyil, sıfıra bərabər olduğu qənaətindədir.   

*** 

Əslində, təəccüb doğuracaq heç nə baş vermir. İİR-in molla rejiminin Azərbaycana qarşı təhdid və hədə-qorxularına baxdıqda, tamamilə əmin olursan ki, Tehran ölkəmizə qarşı düşmənçilik, məzhəbçilik və aşağılama siyasətindən əl çəkməyib. Yenə də Azərbaycanı müttəfiqimiz və dostumuz İsraillə əməkdaşlıqda ittiham edir. Biz isə bunu gizlətmirik. Bəli, dünyanın ən güclü diasporuna, lobbiçiliyinə sahib yəhudilər Azərbaycana dünən də, bu gün də siyasi dəstəklərini əsirgəməyiblər. 44 günlük Vətən müharibəsində İsrail yenə bizim yanımızda idi. Fəqət rəsmi Tehran işğal altındakı torpaqlarımızdakı müsəlman məscidlərində ermənilərin donuz saxlamasına nəinki göz yumdu, onlara hər cür yardım etdi. 

Tehrandakı molla rejiminin Bakı–Tbilisi–Ceyhan neft kəmərində hansısa terror aktını törədə biləcəyinə qətiyyən şübhə etmirik. Adı beynəlxalq terrorizmi dəstəkləyən ölkələrin siyahısında olan İran nəyi bacarmasa da, bunu yaxşı bacarır. İş o yerə çatıb ki, biz artıq cənubdan hər cür pisliyi gözləyirik. Məgər son 32 ildə onlar tərəfindən bunu görmədikmi? Cənubi Azərbaycanda yaşayan 40 milyonluq Azərbaycan türkündən çəkinən molla rejimi günlərin birində onların da, Şimali Azərbaycan kimi, öz müqəddəratını təyin edə biləcəyindən qorxur. Məhz bunun baş verməməsindaən ötrü müstəqil və suveren Azərbaycana qarşı hər cür təxribatlara baş vurur. Amma divarın qurtaran yeri olduğu kimi, bunun da bir sonu var. 

*** 

Tehran rejimi Azərbaycanın İsrailə enerji daşıyıcıları verməsi ilə bağlı ittihamlarını daim gündəmdə saxlamaqla, geniş ictimaiyyətin Bakıya münasibətini özünün maraqlarına uyğun şəkildə formalaşdırmaq məqsədini güdür. Dini də siyasi alətə çevirən rejim, eyni zamanda, Azərbaycanın bir qədər sadəlövh inanclı kəsiminə təsir etməyə, məzhəbçilik siyasəti ilə onların dövlətə münasibətini istiqamətləndirməyə cəhd edir. 

Digər tərəfdən, İran indiyə qədər fələstinlilərin hüquqlarının qorunması, Qüds məsələsində Fələstinin üstünlük əldə etməsi üçün heç bir şey etməyib. Köməyi o yana qalsın, bu gün Qəzza bölgəsində baş verən qanlı hadisələrin günahkarlarından biri də elə İrandır. 

İmran BƏDİRXANLI
XQ

 



Siyasət