Gürcüstan və Ermənistanda yaşananlar fonunda Azərbaycan nümunəsi

post-img

Yaxud Qərbin ikili standartlar siyasətinin Cənubi Qafqaz gündəmi

Qərbin ikili standartlar siyasəti Ermənistanda və Gürcüstanda baş verən proseslər fonunda özünün ən pik həddinə çatıb desək,– yanılmarıq. Avropanın və ABŞ-ın aparıcı media orqanları elə rəy formalaşdırırlar ki, guya, Ermənistanda baş verənlər hakimiyyətə qarşı üsyandır, Gürcüstanda yaşananlar isə xalq azadlıq hərəkatı. 

Əlbəttə, biz bilavasitə Gürcüstandakı prosesləri təhlil etmək niyyətindən uzağıq. Eləcə də həmin proseslərin motivindən əhatəli söz açmaq, detallara varmaq da istəmirik. Əslində, Cənubi Qafqazdakı etirazların Ermənistan plasdarmı da bir o qədər maraqlı olmazdı. Ancaq burada Azərbaycanla sülh prosesi ilə bağlı durum olduğundan, istər-istəməz, həssaslıq yaranır. 

Elə isə Ermənistanda və Gürcüstanda yaşananların oxşar motivlərinə diqqət yetirək. Əlbəttə ki, bu məsələdə Qərbin ikili standartlar siyasətinin də ayrı-ayrı təzahür formalarına nəzər salacağıq. O siyasətin ki, onunla Azərbaycan müstəqilliyini əldə etdiyi ilk gündən qarşılaşıb. Ölkəmizə yönələn bu siyasət otuz ildən artıq bir müddətdir davam edir və bu gün də aktuallığını qoruyur. 

Ümumən, Qərbin öz maraqları naminə həyata keçirdiyi ikili standartlar siyasəti fonundakı destruktiv yanaşmanın Ermənistanı və Gürcüstanı saldığı durum göz önündədir. Bu, o deməkdir hazırda Azərbaycan deyil, məhz bu iki dövlət həmin siyasətdən əziyyət çəkirlər. Ölkəmiz isə özündə müqavimət formalaşdırıb. Müqavimət nəticəsində nəyə nail olunub, bu barədə yazının sonunda. İndi isə mətləbə keçək.

Birinci məqam. Bəzi müşahidəçilər son illərdə postsovet ölkələrindəki etirazlara nəzər salarkən, tanış universal izahat sxemi təklif etməkdən çəkinmirlər. İstənilən küçə aksiyasını ya “rəngli inqilab” və ya buna cəhd adlandıran fikirlər üzərində dayansaq, hər şey aydın olacaq. Lakin bu yanaşma ilə heç nə müəyyənləşmir. Əksinə, ən maraqlı, belə demək mümkünsə, maddi hissə gözdən kənarda qalır və situasiyanı adekvat qiymətləndirməyə mane olur. 

O zaman bu məsələyə diqqət yetirək: Ermənistanda etiraz nəyədir, Gürcüstanda nəyə? Gürcüstanda insanlar xarici agentlərlə bağlı qanunvericiliyin qəbulundan narazılıq bildirirlər. Halbuki, ABŞ-nin özündə belə bu sayaq qanunlar var. Üstəlik, Qərbin xüsusi xidmət orqanlarının Gürcüstanın daxili işlərinə qarışmalarına dair faktlar yetərincədir. Bu mənzərəyə parlamentli idarəçilik quruluşuna malik ölkədəki hakimiyyətin prezident üsul idarəsi ilə yaşadığı böhranı əlavə etsək, Qərbin hansı cinahı dəstəklədiyini nəzərə alsaq, kifayət qədər aydın mənzərə yaranar. 

Ermənistanda mövcud xüsusda problem yoxdur. Ölkə tamamilə Qərbpərəst siyasət yürüdən baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi sistemdədir. O sistemin Azərbaycanla sülh prosesinə pozitiv yanaşdığına dair siqnallar var və müsbət meyillərin sayı artmaqdadır. Burada məsələ yalnız onda deyil ki, rəsmi İrəvan konstruktiv mövqe tutur. Başlıca məqam onun konstruktivlikdən başqa yolunun qalmamasıdır. Əslində, Ermənistan kimi, Qərb də bu baxımdan eyni durumdadır. 

İkili standartlar siyasətindən bəhrələnən Qərb 2020-ci ildən ötən dövr ərzində çox çalışdı ki, Ermənistanı Cənubi Qafqazda İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqlardan sığortalasın. Amma buna nail ola bilmədi. İndi kilsə müxalifətinin başlatdığı aksiya həm də nəinki Paşinyan və komandasının, eləcə də onun arxasında dayanan Qərbin Azərbaycana diplomatik-siyasi və hərbi cinahda məğlubiyyətinin nəticəsidir. Ermənistandakı müxaliflər bu məğlubiyyətə görə təzminat istəyirlər və tələb edirlər ki, hazırkı iqtidar getsin. Əslində, öz aləmlərində haqlıdırlar. Bu haqqın böyük haqla, ədalətlə əlaqəsi var və ya yoxdur, başqa söhbətin mövzusudur... 

İkinci məqam. İrəvanda və Tbilisidə yaşananlarda oxşarlıq varmı? Fikrimizcə, oxşarlıq və ümumilik danılmazdır. Həm birinci, həm də ikinci halda küçə aksiyalarının iştirakçıları və onların əleyhdarları milli-dövlət kimliyi axtarışı ilə məşğuldurlar.

Təsəvvür formalaşıb ki, Ermənistan hakimiyyəti realizmin xeyrinə tarixilikdən uzaqlaşmağa çalışır ki, bu, praktikada Ermənistan SSR-ə bərabər olan kompakt respublikanın xeyrinə müxtəlif variasiyalardakı “böyük Ermənistan” layihəsindən imtina deməkdir. Bu seçim, istər-istəməz, xarici oyunçulara – ilk növbədə, Azərbaycana və Türkiyəyə güzəştlərin həcmi məsələsini gündəmə gətirir. Belə yanaşma Ermənistan dövlətçiliyindən tam imtinanın qarşısını alan formuldur. Ancaq, görünür, erməni dövlətçiliyinin mövcudluğunu istəməyənlər də var...

Gürcüstan hakimiyyəti isə ölkə konsepsiyasının xeyrinə Qərblə periferik qruplaşmaya əsaslanan münasibətlərdən əl çəkmək istəyir. Müxalifət üçün xarici və daxili siyasi qərbləşmə dünyəvi inancın analoquna çevrilib. Onu da qeyd etmək lazımdır ki, həm Ermənistanda, həm də Gürcüstanda indiyədək heç vaxt siyasi proseslərdə görünməyən insanlar etiraz aksiyalarına çıxırlar. Baqrat Qalstanyan erməni apostol kilsəsinin keşişidir, deputat və ya eks-nazir deyil. Tbilisidə isə belə demək mümkünsə, “köhnə ulduzlar” – eks-prezident Mixeil Saakaşvili tərəfdarları və müxtəlif “üçüncü qüvvələr” mitinq keçirirlər. Bununla belə, hərəkatda, bəlkə də, AvroAtlantik “dünyəvi inanc” istisna olmaqla, indiyədək partiyası və siyasi mənsubiyyəti olmayan gənclər də var.

Üçüncü məqam. Ermənistanda “ənənəçilər” küçələrə çıxıblar, Gürcüstanda isə “ənənəvilər” hökumətdə və hakim partiyada çalışırlar. Kompakt Qərbyönlü quruluşun tərəfdarları da küçələrdədir. Etirazlara Qərbin dəstəyi məsələsi üzərində dayanaq. Arxiyepiskop Baqratın arxasında Avropa fondlarını və ya USAID-i təsəvvür etmək çətindir. Ancaq bu, ən vacib şey deyil. Pul ikinci plandadır. Ona tələb “kompaktlıq” və “periferiya” arzusu olduqda yaranır. Yəni iki şəraitdə. Birincisi, münaqişələrdən yorğunluq nəticəsində kömək edəcək xaric amili olduqda. İkincisi, digər güc mərkəzlərindən gələn zəif siqnallar fonunda Qərb təchizatının üstünlüyü zamanı. 

Bir məqam var ki, artıq onun haqqında da danışmağa ehtiyac duyulmaqdadır. Söhbət Rusiyanın Ermənistanda və Gürcüstanda iqtisadi və sosial təsirindən gedir. Bu təsir çox güclü olub və var. Lakin o, Moskvanın media sahəsindəki üstünlüyünə  çevrilmir, ya da zəif çevirir. Nəticədə Qərb mediası ikili standartlar siyasətinin gerçək katalizatoru qismində çıxış edir. Baxın, Qərb mediası Gürcüstanda yaşananları xalqın demokratiya uğrunda mücadiləsi kimi təqdim edir. Ermənistanda isə sanki demokratiya qalib gəlib, hazırda əks-inqilabi proses gedir. Hər bir halda, ortada, obrazlı desək, bətnində siyasi təbəddülatlar bəsləyən Cənubi Qafqaz gündəmi var. Görəsən, bu məkanda dinclik olmamalıdırmı? Yaxud nə zaman yaranmalıdır? Mütləqdirmi ki, SSRİ bərpa olunsun və Qərb onun gücü ilə hesablaşaraq, mövcud müstəvidəki siyasi avantürizmindən kənar dayansın? 

Sonda əvvəldə haqqında söz açdığımız məqama keçid alaq. Söhbət Azərbaycandan gedir. Bəli, ölkəmiz istisnadır. Sabitliyi, təhlükəsizliyi, güclü, qüdrətli və daim inkişaf etməsi, möhkəm, çevik və oturuşmuş dövlətçilik sistemi ilə nümunədir Azərbaycan. Dövlətçiliyin Azərbaycan modeli Qərbin ikili standartlar siyasətini, o cümlədən göstərdiyimiz məsələlər müstəvisində meydana çıxan problemlərlə üzləşməmək üçün immunitetdir. Elə bir immunitet ki, həm inkişafı təmin edir, həm də kənar təsirləri zamanında müəyyənləşdirərək neytrallaşdırır. 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət