Dincliyi pozan kim oldu?

post-img

Qonşularla dinc yaşamaq düşüncəsini şovinizm və işğalçılıq mərəzinin əvəzlədiyi hay beyninin “şokaterapiya”ya ehtiyacı var  

Bəli, danılmaz həqiqətdir ki, hayların azərbaycanlılarla qonşu kimi dinc yanaşı yaşamaq deyil, müharibə təcrübəsi var. Həm də bu təcrübənin kökləri yüz, yüz əlli il bundan əvvəlki tarixə gedib çıxır. On doqquzuncu əsrin əvvəllərində Türkmənçay və Gülüstan müqavilələri ilə başlanan separatizm, işğalçılıq və etnik ayrıseçkilik siyasəti ilə neçə hay nəslinin beyni yuyuldu. Onlarda Azərbaycan türkləri ilə yanaşı və ya birgə yaşamağın qəbuledilməzliyi fobiyasını yaradan amillərdən çox danışmaq və yazmaq olar. Amma indi Ermənistan cəmiyyəti qüsurlarla zəngin keçmişi bir tərəfə qoyub, gələcəyini necə və kiminlə birgə qurmaq barədə düşünməlidir.      

 “Ermənistan və Azərbaycanın dinc yanaşı yaşamaq təcrübəsi və anlayışı yoxdur”. Bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının İrəvanda keçirilən illik toplantısındakı çıxışında Nikol Paşinyan deyib. Baş nazlr əlavə edib: “Müstəqilliyin ilk günlərindən bu iki respublika qarşıdurma içərisindədir, siyasi danışıqlar və dinc prinsiplərlə yanaşı, mühüm ilkin şərt var: dinc yaşamağı öyrənmək. Bu, son dərəcə çətin prosesdir. Bunun nə olduğunu, necə göründüyünü nə biz, nə də Azərbaycan bilir”. 

Yəni Ermənistan baş naziri iki qonşu ölkənin dinc yanaşı yaşamasının forma və prinsiplərini bilmədiyini açıqlayır. Əslində, o, haqqında danışdığı prosesin şərtlərini axtarmaqdansa, bu təzahürü doğuran səbəblərə nəzər salsaydı daha doğru olardı. Axı Nikol Paşinyan bu gün millətinin üzləşdiyi durumun səbəb deyil, nəticə olduğunu yaxşı bilir.      

“Ermənistan və Azərbaycan üçün bir-biri ilə dinc yanaşı, sülh şəraitində yaşamaq yad bir fenomendir”. Bəli, 2024-cü ildə yaşanan reallıq Ermənistan baş nazirinin dediyindən ibarətdir. Amma sizi bu cahilliyə gətirib çıxaran “tarixi təcrübəniz” əsasında formalaşdırdığınız və içinizə gömdüyünüz etnik natamamlıq kompleksi, qonşunun malına, torpağına xor baxmağınız, “yersız gəldi, yerli qaç” xəstə təxəyyülünüzdür. Burada araşdırmaya, dərin təhlilə ehtiyac duyulmur.

“Ermənistanla Azərbaycan arasında dinc həyat üçün alətlərə ehtiyac var. Bu vasitələrdən biri də İrəvanın təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsidir. Əhəmiyyətli məqam ondan ibarət ola bilər ki, Ermənistan və Azərbaycan bir-biri üçün avtomobil və dəmir yolları açsın, qarşılıqlı hörmət əsasında ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bir-birinin ərazisindən neft, qaz kəmərləri, elektrik xətləri və kabellər çəkmək imkanı olsun”, – Nikol Paşinyan çıxışında qeyd edib. 

Belə yerdə deyirlər, “avazın yaxşı gəlir...”. Amma gərək ortada sülh müqaviləsi ola ki, Paşinyanın arzuları da həyata keçsin. Yəqin, Ermənistan baş naziri vaxtın onun ziyanına işlədiyinin fərqindədir. Bakı iki qonşu ölkə və xalq arasında öz haylarının yandırdığı körpüləri bərpa etməkdən ötrü Paşinyana vaxt da verir, imkan da. Qalır daxili və xarici təhdidləri adlamaq və konkret addımlar atmaq. O ki, qaldı cəmiyyətin rəyinin faydalı məcraya yönəlməsinə, pozduqları dincliyin yenidən bərqərar olmasına, bu məsələni zaman həll edəcək.          

İndi bu sualın cavabını ermənilər düşünməlidir: əgər onlar bizimlə yanaşı, sülh şəraitində yaşamaq istəyirlərsə, beyinlərini dumanı hələ də çəkilməmiş “miatsum” tiryəkindən, qonşularına “nifrət patologiyası”ndan təmizləməli, Azərbaycan türkünə düşmən kimi baxmaq fobiyasından əl çəkməlidirlər. Hayastan cəmiyyəti, bir növ, “şokaterapiyaya” ehtiyac duyur. Amma, təəssüf ki, erməni xalqı, bütövlükdə, hələlik buna hazır deyil. “MPG/Gallup” Beynəlxalq Assosiasiyasının 1.100 erməni respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də özlüyündə bu həqiqəti təsdiqləmiş oldu. “Sülh və təhlükəsizliyə təminat verilərsə azərbaycanlılarla birgə yaşamağa hazırsınızmı?” – sualına hay respondentlərin 81,8 faizi “yox” cavabını verib. 

Bizim üçün bu sorğunun nəticələrini maraqlı edən məqamı odur ki, erməni respondentlərin 18,2 faizi onlara verilən suala “hə” cavabını deyib. Yəni hayların bir qismi artıq tarixi reallığı qəbul edir, şovinist düşüncədən azaddır və Azərbaycanla qonşuluq münasibətlərinin bərpasına tərəfdardır.   

“Su çanağı suda sınar” deyiblər. Bu gün Ermənistan özünün rəmzi dövlətçiliyini qoruyub saxlamaq, dünyanın siyasi xəritəsindən silinmək istəmirsə, qayıdıb təbii qınına girməli, “miatsum”, “dənizdən–dənizə böyük Ermənistan” kimi sərsəm və utopik iddialardan birdəfəlik əl çəkməlidir. Həm də bunu xoşluqla, dinc yolla etməlidir. Əks–təqdirdə Azərbaycan bu məsələni məqbul saydığı üsulla həll etməli olacaq.

Arzu ABDULLAYEV,
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru

–Nikol Paşinyanın dünənki açıqlamasında müstəqillikdən bu günədək Azərbaycanla Ermənistanın dinc yanaşı yaşamaq təcrübəsinin olmadığını deyir. Ardınca qeyd edir ki, dinc yaşaya bilməməyimizdən bu gün çətin durumla üz-üzəyik və bundan necə qurtulacağımızı da bilmirik. Paşinyan bu sözləri deməklə, əslində, reallığı etiraf edir, təəssüf ki, məsələnin alt qatını, uzaqlaşmaya gətirib çıxaran amilləri dilə gətirmir. Bu amilləri Paşinyan, eləcə də Ermənistan höküməti çox yaxşı anlayır, amma etiraf etmək istəmir. 1990-cı ilin mayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni hərəkatının qalib gəlməsi nəticəsində müharibəni təbliğ edən ifrat millətçi və şovinist qüvvələr hakimiyyətə yiyələndilər. Bu isə onların işğalçı müharibəyə başlamasını daha da sürətləndirdi. 2020-ci il noyabr ayına qədər Ermənistan hərbi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal altında saxladı. Birinci Qarabağ müharibəsində 20 mindən çox azərbaycanlı öldürülüb, 50 mindən çoxu isə əlil olub. İşğalçı Ermənistan BMT-nin qətnamələrinə heç vaxt məhəl qoymadı. 

2018-ci ildə inqilab yolu ilə hakimiyyətə gələn Paşinyan və onun komandası sülhə gəlmək, işğal etdikləri torpaqların qaytarılması üçün nəinki təşəbbüs göstərmədi, əksinə, münaqişəni qızışdırmaqla məşğul oldu. Baş nazir 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması ilə əsl məqsədlərini aydın şəkildə göstərdi. Bu, artıq Bakının səbr kasasının daşması demək idi. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi bütün sualların cavabını Zəfərimizlə verdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla kapitulyasiya ilə razılaşan İrəvan 2023-cü ilin sentyabrında “Dağlıq Qarabağ” adlı münaqişənin tarixin arxivinə göndərilməsi faktını da qəbul etdi.  

Bütün bunları Paşinyan yaxşı anlayır. Onu da bilir ki, münaqişə dövründə Bakının xoşməramlı, ­sülhpərvər çağırışlarına İrəvanın cavabı adekvat olmayıb. Məgər qonşuluq münasibətləri yalnız bir tərəfin təşəbbüsü ilə bərpa edilir? Belə görünür ki, dinc yanaşı yaşamaq üçün reallıqla hesablaşmalı, irəli baxmalı olan Nikol Paşinyanda siyasi iradə çatmır. Sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, regional layihələrdə əməkdaşlıq daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Rəsmi Bakı bunu reallaşdırmaq üçün bütün addımları atır, İrəvana səmimi və dürüst qonşu olmağın yollarını göstərir.  

İ.HƏSƏNQALA
XQ

 



Siyasət