Bədxahların gözləntilərinin əksinə olaraq, bu missiyaya vaxtından əvvəl xitam verildi
2020-ci ilin noyabrında Zəfərimizlə başa çatmış İkinci Qarabağ savaşından sonra Azərbaycan hakimiyyəti atdığı konkret və məqsədyönlü addımlarla, 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbiri ilə bölgədə separatizmə son qoymaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi.
Birsutkalıq antiterror tədbiri, sadəcə, Qarabağda deyil, bütövlükdə, Cənubi Qafqaz bölgəsində siyasi gündəmi və reallığı dəyişdi. Son səkkiz ayda bölgədə geosiyasi hadisələr məhz bu reallığın fonunda cərəyan etməkdədir. İstinad etdiyimiz həmin tarix həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin o vaxtadək yerinə yetirdiyi missiyasına zərurəti aradan qaldırmış oldu.
İstər 8 ay əvvələ qədər, istərsə də ondan sonrakı dönəmdə Qərbdəki bədxahlarımız, şübhəli mənbələrdən maliyyələşən anti-Azərbaycan mediası rus sülhməramlılarının nəinki 2020-ci il 10 noyabr tarixli Bəyanatda göstərilən son müddətdə – 2025-ci ilin noyabrında, ümumiyyətlə, heç vaxt Azərbaycandan çıxmayacaqları barədə vay-şivən qoparırdılar. Onlar sayı iki mindən az olan sülhyaratma qüvvələrini “işğalçı rus qoşunu” kimi qələmə verir, bu kontingentin 2025-ci ilin noyabrından sonra “Rusiyanın Azərbaycandakı hərbi bazasına” çevriləcəyi barədə özlərinin uydurma tezislərini ictimai rəyə sırımağa çalışırdılar. Təkcə onların deyil, eləcə də son üç il ərzində bu mövzu üzərində çirkin manipulyasiyalar edən daxildəki qaraguruh müxalifətin iddiaları da tamamilə iflasa uğradı.
* * *
Cənubi Qafqazda reallığı dəyişmiş Azərbaycan hakimiyyəti dövlətin və xalqın milli maraqlarını hər şeydən üstün tutaraq, neytral müşahidəçilərdə belə müəyyən suallar doğuran rus sülhməramlılarının səlahiyyəti və Qarabağda qalma müddəti məsələsini də beynəlxalq hüquqa uyğun şəkildə, qonşu ölkə ilə ikitərəfli münasibətlərə zərrə qədər xələl gətirmədən, qarşılıqlı hörmət və razılaşma əsasında həll etməyi bacardı. Məhz iki ölkə liderinin birgə verdikləri qərara əsasən, sülhməramlılar bölgəni vaxtından əvvəl tərk etməyə başladılar.
* * *
Dünən Xocalı rayonunda Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına həsr olunmuş mərasimdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər iştirak ediblər. “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Moskva və Bakı sülhməramlı fəaliyyətin öz hədəfinə çatdığı üçün Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması prosesinə başlanmasına dair birgə qərar qəbul ediblər”. Bu sözləri Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi, general-polkovnik Yevgeni Nikiforov deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlıları qarşıya qoyulmuş vəzifələri yerinə yetiriblər: “Sülhün bərqərar olunması prosesində istehkamçılarımız tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib”.
Rus generalının çıxışında inciklikdən əsər-əlamət yox idi. O, komandanlıq etdiyi qoşun növünün Azərbaycan ərazisində gördüyü işlərdən, həyata keçirdiyi missiyadan qürurla danışırdı. Axı həmin sülhməramlı kontingentə Azərbaycan tərəfi daim pozitiv yanaşıb, fəaliyyətinə hər cür yardım göstərib. Ermənistan tərəfi isə bir çox hallarda onlara, az qala, “Bakıdan təlimatlandırılan xüsusi hərbi dəstə” kimi münasibət göstərirdi. 2023-cü ilin sentyabrından sonra isə bu münasibət düşmənçilik səviyyəsinə qədər dəyişmişdi. Amma Azərbaycan rəhbərliyi özünün uzaqgörən siyasəti, uğurlu diplomatik addımları ilə iki ölkə arasındakı münasibətlərə, azacıq da olsa, kölgə düşməsinə imkan vermədi. Bunun tamamilə əksinə olaraq, Azərbaycan–Rusiya münasibətləri daha da gücləndi, ikitərəfli faydalı əməkdaşlıq bütün sahələr üzrə yeni mərhələyə qədəm qoydu.
Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Qarabağdan çıxarılan Rusiya sülhməramlılarına göstərdikləri xidmətlərinə görə təşəkkür edib: “Sizə Qarabağda sülh və stabitliyin təmin olunması üçün cəsarətli xidmətinizə görə təşəkkür edirəm”.
General-polkovnik çıxışında xatırladıb ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri keçirilib: “Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı. Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi tərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentinin missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edildi”.
Sonda Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı, general-mayor Kirill Kulakov Rusiyanın “Şücaət” ordeni ilə təltif olunub. Eləcə də bir qrup rus hərbçiyə sülhməramlı kontingentdə fərqləndiklərinə görə medallar təqdim edilib.
* * *
Azərbaycan və Rusiya generallarının iştirak etdiyi bu tədbirin özü rəsmi İrəvana göz dağı olmaqla yanaşı, həm də yuxarıda qeyd etdiyimiz bədxahların, xaricdə oturub dövlətimizin ünvanına ermənisayağı hədyanlar yağdıran “sapı özümüzdən olan baltalara” ən tutarlı cavabdır. Bəli, bu, nəyi, nə zaman və necə edəcəyini dəqiq bilən Azərbaycan Prezidenti İlham Əliyevin uğur paradlarının siyahısına əlavə olunacaq növbəti diplomatik qələbəsidir. Bölgədə güc və söz sahibinə çevrilmiş Azərbaycanın yolu bütün qonşuları ilə ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmətdən, xoşməramlı tərəfdaşlıq və faydalı əməkdaşlıqdan keçir. Bu sağlam mövqeyi, siyasi reallığı artıq bütün dünya qəbul edir.
İ.BƏDİRXANLI
XQ