Paşinyanın “2 stulda əyləşmək” oyununun Moskva səhnəsi

post-img

Kreml görüşündən sonra da İrəvanın siyasi mövqeyi sabitləşmir

Ermənistan–Rusiya münasibət­lərində xeyli müddətdir davam edən “buzlaşma dövrün”dən sonra Putin və Paşinyan arasında Moskvada baş tutan təkbətək görüşün ikitərəfli mü­nasibətlərdə “istiləşmə” mərhələsinin başlanmasına ümidlər vardı. Bu görü­şün hansı notlar üzərində köklənəcəyi və onun nəticələri iştirakçılardan daha çox Qərb üçün xüsusi maraq kəsb edir­di. Həm Rusiya, həm də onun qərbli opponentləri bu görüşdən, ən azı, İrə­vanın “ikistullu” və “ikiüzlü” siyasə­tinə son qoyacağını gözləyirdi. Əlbəttə, maraqlı tərəflərdən hərə bu gözləntilə­ri öz “arşınına” uyğun ölçürdü. 

Mayın 8-də Kremldə Rusiya Preziden­ti Putin və Ermənistan baş naziri Nikol Pa­şinyan görüşünün ardından mediaya verilən məlumatlarda deyilir ki, tərəflər əsasən “iqti­sadi və təhlükəsizlik mövzularını” müzakirə ediblər. Amma görüşün məzmununa, dia­loqun xarakterinə diqqət yetirəndə aydın olur ki, bu, heç də ölkələrarası iqtisadi əlaqələrin müzakirə edildiyi format olmayıb, daha çox, Ermənistanın Rusiyadan nə qədər asılı vəziy­yətdə olduğunun əyani nümayişi idi. Və bu nümayişin heç də təsadüfi xarakter daşımadı­ğı hamıya məlum idi. 

Rekord göstərici 

Rusiya Prezidenti Ermənistanın öz ölkə­sindən və Avrasiya İqtisadi İttifaqından (Aİİ) asılılığının göstərici sayılan rəqəmləri, əlinin altındakı vərəqdə qeyd olunan real statisti­kanı Ermənistan baş nazirinin üzünə oxudu. Məlum oldu ki, Ermənistanla Rusiyanın ti­carət dövriyyəsi keçən il 7 milyard ABŞ dol­larını keçib (dəqiq desək – 7,3 milyard dol­lar). Ermənistanın Aİİ ilə ticarət dövriyyəsi isə 2015-ci ildən sonrakı dövr ərzində 14 dəfə (!) artıb. Bu statistikanı xüsusi olaraq vurğu­layan Vladimir Putin əldə olunan nəticəni rekord göstərici adlandırdı. Bunun izahını verərək, “tarix boyu Rusiyanın Ermənistanla belə ticarət dövriyyəsinin heç vaxt olmadığı­nı” bəyan etdi. V.Putin bunun ardınca sözlə­rinə onu da əlavə etməyi unutmadı ki, amma Ermənistanın Rusiyaya ixracı kəskin artıb. 

Görüşün iqtisadi gündəmi ilə bağlı oxu­cuların nəzərinə onu da çatdıraq ki, Ermə­nistan əsasən BƏƏ-dən, o cümlədən Çindən idxal etdiyi və sanksiyalar altına düşən mal­ları məhz Rusiyaya ixrac etməklə belə “yük­sək inkişaf tempinə” nail olub. Məhz buna görə də Rusiyaya mal-məhsul ixracı son bir ildə 5 dəfəyə yaxın artıb, o cümlədən BƏƏ və Çinlə ticarət dövriyyəsi 2 milyardı aşıb. Bu səbəblərə görə Ermənistan iqtisadiyyatı “fan­tastik rekord göstəricilər” əldə edib.

Yeri gəlmişkən, rusiyalı ekspertlər, eləcə də rəsmilər təsadüfən demirlər ki, Aİİ ölkələ­ri ilə heç bir sərhədi olmayan Ermənistan bu qurumdan ən böyük qazanc əldə edəndir. “Təbii ki, ikitərəfli münasibətlərdə müəyyən problemli mövzular var. Amma digər tərəf­dən, Rusiya və Ermənistan arasında qarşılıqlı təmaslar nə qədər sıx, ikitərəfli münasibətlər kompleksi nə qədər geniş olarsa, o zaman problemlər bir o qədər tez aradan qalxar”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu sözləri iki ölkə liderinin “tet-a-tet” görüşündən əvvəl söyləmişdi. 

Deməli, rəsmi İrəvan bir tərəfdən Avro­pa İttifaqından, ABŞ-dan ianələr umur, digər tərəfdən Rusiyanın hesabına iqtisadiyyatı­nı formalaşdırır. Yəni, eyni zamanda, həm Qərb, həm də Rusiya ilə ikibaşlı oyunlarını davam etdirən Ermənistan hakimiyyəti nə özünün müstəqil siyasətini yeridə bilir, nə də bölgə ölkələri ilə normal ikitərəfli əməkdaş­lıqdan faydalanmaq barədə düşünür.

Elə Kremli də qəzəbləndirən odur ki, Ermənistan Rusiyanın hesabına yaşaması bəs deyilmiş kimi, üstəlik, ona arxa çevirir. Apreldə Nikol Paşinyan bəyan etdi ki, Ermə­nistan və Azərbaycan sərhədlərinin delimita­siyası və demarkasiyası aparıldıqdan sonra Rusiyanın sərhəd dirəkləri Tavuş vilayətinin sərhəd zonasından çıxarılacaq. Ermənistan XİN-in İrəvanın KTMT-ni maliyyələşdir­məsini dayandırması barədə rəsmi bəyana­tının məhz Kremldə görüşün keçirildiyi gün – mayın 8-də yayılması da təsadüfi sayıla bilməz. Bu bəyanat Paşinyan artıq Moskvada olarkən, Putinlə görüşə hazırlaşarkən verildi. Məgər, bu, Nikol Paşinyanın Kremldəki gö­rüşünə qədər qurduğu oyunun tərkib hissəsi deyildimi? Bütün bunları görən və anlayan rusiyalı siyasi ekspertlərin rəsmi İrəvanın, Paşinyan komandasının ünvanına açıq şəkil­də: Xəyanətkar, – demələri qalıb. 

Həm də Qərbə xəyanət 

Maraqlı vəziyyət yaranıb: Ermənistan Qərbin sanksiya siyahılarına daxil etdiyi malları Rusiyaya ötürən forpost kimi həm avropalı tərəfdaşlarına xəyanət edir, həm də hərtərəfli yardım umduğu Rusiyanı lazımi dəstəyi göstərməməkdə ittiham edərək, ona arxa çevirir. O da məlumdur ki, Rusiya Uk­rayna cəbhəsində istifadə etdiyi raketlərin hazırlanmasında tələb olunan xüsusi elekt­ron avadanlıqları Ermənistandan idxal edir. Bu faktı Aİ üzvləri də bilir və Qərbin ən nü­fuzlu analitik mərkəzləri də bunu dəfələrlə öz hesabatlarında yayıblar. İntəhası, rəsmi İrəvan bu cür xidmətin müqabilində KTMT ilə əlaqələri “dondurmaq”, ona üzvlük haqqı ödəməmək kimi ikibaşlı siyasi oyunlarını oy­nayır. Bütün bunlar ona dəlalət edir ki, özünə hələ də kənarda “etibarlı və təminatlı çətir” axtaran rəsmi İrəvan Qərbin və Rusiyanın arasında vurnuxmalara son qoymaq barədə qəti qərara gəlməyi bacarmır. Ona görə ki, müstəqil deyil, öz iradəsi ilə hərəkət etmək gücü də yoxdur. Nikol Paşinyanla söhbətin­də Vladimir Putin bölgədə (Cənubi Qafqaz­da – red.) təhlükəsizliklə bağlı müəyyən sualların qaldığını bildirib. Bir saatdan çox davam edən görüşün mediaya leqal hissəsin­də Rusiya lideri həmin suallar barədə açıq danışmayacaqlarını, amma Aİİ-dən kənarda ikitərəfli münasibətlərin bütün kompleksinə, o cümlədən regional təhlükəsizlik məsələlə­rinə toxunmaq imkanının olacağını diqqətə çatdırıb. 

Kollektiv Qərb Ermənistan baş nazirinin Moskvaya səfərinə ciddi yanaşır və diqqətlə izləyirdi. Belə anlaşılır ki, Nikol Paşinyan, sanki, Kremllə razılaşdırılmış formada qərbli tərəfdaşalrına növbəti “jestini” etdi. O, bu­nunla Moskvaya səfərini “reabilitasiya” et­məklə bərabər, həm də hərbi baxımdan Rusi­yanın “nəzarətindən”, guya, çıxmağa davam etdiyini göstərir. Amma, əslində, o, bununla Kremllə razılaşdırdığı iqtisadi oyuna qarşı mümkün təzyiqləri neytrallaşdırmağa çalışdı.

İndi bu sual Qərbi daha ciddi düşündürür: Ermənistan, doğrudanmı, Rusiyadan qopur? Bu zaman reallığı da nəzərdən qaçıra bilmir­lər. Bu çılpaq reallıq isə ondan ibarətdir ki, ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistanın enerji şəbəkəsi bütünlüklə Moskvanın əlindədir və bu ölkənin ən böyük sərmayədarları rusiyalılardır və ən əsası – xarici ticarət dövriyyəsinin, az qala, 70 faizi Rusiyaya bağlıdır. Bu “hörümçək toru”ndan qurtulmaq asan məsələ deyil. Belə məlum olur ki, Paşinyan oyun qurub və bu ikibaş­lı oyundan külli miqdarda vəsait qazanır. Bu zaman, o, həm Qərbə, həm də Rusiyaya sərf edən mövqe nümayiş etdirir və yenə də eyni vaxtda iki stulda oturmaqda davam edir. Amma onun gec, ya tez stullardan birini seç­mək məcburiyyərində qalacağı qaçılmaz ak­siomdur. Əgər bu seçim çox ləngiyərsə, onu hər iki stuldan məhrum olub, yerə yıxılmaq təhlükəsi də gözləyir. 

Yeri gəlmişkən, Putinin Paşinyanla gö­rüşdə heç də ciddi və sərt danışıqlara hazır­laşdığı qətiyyən hiss olunmurdu. Əksinə, onun “gecikmiş qonaq”la kifayət qədər meh­riban davrandığı nəzərdən yayınmadı. Bir də ki, Rusiya liderinin ictimailəşdirdiyi iqtisadi rəqəmlər elə yumşaq diplomatik təzyiqin bir forması idi.

Fərhad MƏMMƏDOV, 
siyasi şərhçi

– Vladimir Putinlə Nikol Paşinya­nın Moskva görüşündə həm iqtisadi, həm də təhlükəsizlik məsələləri müza­kirə olundu. Bunu görüş iştirakçıları da qeyd etdilər. Ermənistan hökumətinə yaxın media qurumları isə yazırlar ki, Kreml görüşünün nəticəsi olaraq Rusi­ya sərhədçiləri “Zvartnots” hava lima­nından çıxarılır, eyni zamanda, onların Azərbaycanla şərti sərhəddə xidmət müddəti 2021-ci ildə başa çatıb. Bu faktın Rusiya rəhbərliyinin nəzərinə çatdırıldığı və qəbul edildiyi barədə də xəbərlər verilir. 

Aydın məsələdir ki, Moskvanın İrəvana qarşı qırmızı xətləri var. Bun­lar inteqrativ və ikitərəfli sazişlərdən çıxmamaqla bağlıdır. Məhz bundan kənarda Ermənistan özünün siyasi, iq­tisadi manevrlərində sərbəstdir. Amma rəsmi Moskva bu zaman Paşinyana təzyiq forması kimi, daxili amillərdən də istifadə edir. Məhz həmin qırmızı xətləri keçməməsindən ötrü İrəvanı daim təzyiq altında saxlayır. KTMT, Aİİ formatlarından, eləcə də ikitərəfli hərbi-siyasi müqavilələrdən çıxmama­sı üçün müəyyən addımlar atır. Nikol Paşinyan da öz növbəsində, bu qırmı­zı xətlərə yaxınlaşsa da, hələlik onları keçmir. Düşünürük ki, 8 may görüşü­nün əsas mesajı da ondan ibarət idi ki, yaxın gələcəkdə İrəvanın bu qırmızı xətləri keçməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər.

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq 

– 8 may görüşünün ən maraqlı tərəfi odur ki, Putinlə Paşinyan ara­sında əldə olunan razılıq hər iki tərəfi qane edir. Yəni, Ermənistan baş naziri öz xalqına bəyan edir ki, mən Rusiya sərhədçilərinin hava limanından və di­gər məntəqələrdən çıxarılmasına nail oldum. Rusiya Prezidenti isə hesab edir ki, o, yumşaq diplomatik təzyiq üsullarından istifadə edərək, Paşinyanı özünə daha da yaxınlaşdırmağı baca­racaq. 

Əslində, bu ikili təmaslar davam etdirilməlidir. Çünki, hələlik iki ölkə arasında hərbi-texniki əməkdaşlıq da­vam edir, ticarət dövriyyəsi yüksək sə­viyyəyə çatıb. Ermənistan iqtisadiyyatı Rusiyadan birbaşa asılı olan bir ölkə­dir. Bu mənada ikibaşlı, ikiüzlü siyasət Paşinyana çox baha otura bilər. Hər halda, eyni vaxtda iki əks qütblə yaxın partnyor olmaq çətin və mümkünsüz məsələdir. Nikol Paşinyan kimi, eyni vaxtda iki stulda əyləşməyə çalışan siyasətçi sonda həmin stulların arasına düşə bilər. Bəs, yerə yıxılandan sonra ona qalxması üçün kim əlini uzadacaq? Heç kəs! O, bunu yaddan çıxarmama­lıdır. 

Beləliklə, Moskva görüşü onu göstərdi ki, Ermənistanın Rusiyadan asılılığı hələ kifayət qədər böyükdür. Nikol Paşinyan bu amili nəzərdən qa­çırmayaraq müəyyən qənaətə gəlməli, nəticə çıxarmalıdır. Rusiya sərhəd­çilərinin Ermənistanı tərk etməsini isə qələbə saymaq olmaz...

İmran BƏDİRXANLI
XQ





Siyasət