Davakar kilsənin maskası yırtıldı

post-img

Erməni cəmiyyəti Paşinyanla açıq qarşıdurmaya keçən keşiş oyunlarına dəstək vermir

Erməni apostol kilsəsi ilə Nikol Paşinyan iqtidarı arasında xeyli vaxtdır gizli şəkildə gedən qarşıdurma artıq açıq müstəviyə keçib. Baş nazirin mayın 7-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər bunun göstəricisi sayıla bilər. 

Nikol ilk dəfə mayın 7-də bildirdi ki, bütün ermənilərin katolikosu II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir. Hərəkatın benefisiarı isə keçmiş prezident Robert Koçaryandır. Onun sözlərinə görə, kilsənin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır. Ermənistan hökumətinin rəhbəri onu da dedi ki, R.Koçaryan hələ 2021-ci ildə kilsənin dəstəyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib.

Qarşı tərəfin Paşinyana cavabı da özünü çox gözlətməyib. Günün sonlarına yaxın erməni apostol kilsəsinin ali ruhani şurası bəyanat yayıb. Kilsə delimitasiya və demarkasiya prosesinə qarşı çıxdığını bəyanatda bu sözlərlə ifadə edib: “Ali ruhani şura hərtərəfli və zəmanətli həll yolları olmadan sərhədyanı Tavuş bölgəsində delimitasiya və demarkasiya adı altında həyata keçirilən, xalqımız üçün yeni təhlükələr yaradan fəaliyyəti son dərəcə təhlükəli hesab edir. Müqəddəs Eçmiədzin ana taxt-tacı Tavuş vilayəti ərazilərinin Azərbaycana birtərəfli təslim olunmasının (?) real mənzərəsi və danışıqlar zamanı Ermənistan hakimiyyətinin qəbuledilməz mövqeyi ilə əlaqədar əvvəllər bəyan etdiyi mövqeyini bir daha təsdiqləyir. Yaranmış vəziyyət bütün dünya erməniləri, xüsusilə Tavuşun sərhədyanı icmalarının sakinləri arasında haqlı etiraza, “Vətən naminə Tavuş” vətəndaş hərəkatının başlanmasına səbəb olub. Din xadimləri, indiki halda, Tavuş yeparxiyasının ruhaniləri, öz mənəvi missiyalarına (?) sadiq qalaraq, insanların qayğı və ehtiyaclarına biganə və etinasız qala bilməzlər”.

Ali ruhani şura, bir qrup şəxsin qarışıqlıq, iğtişaş salmaq cəhdlərinin “xalqın övladlarının ədalətli qayğı və narahatlıqları” adlandırıb. Eyni zamanda, onları qanunsuz hərəkətlərdən çəkinərək, sakitlik və təmkin nümayiş etdirməyə, etirazlarını yalnız dinc yolla bildirməyə çağırıb: “Həmçinin ictimai asayişin qorunmasına cavabdeh olan xidmətlərdən qanuna ciddi şəkildə riayət edən iş tərzi gözləyirik”.

Onu da qeyd edək ki, ermənilərin inzibati cəhətdən müstəqil olan digər katolikosluğunun – mərkəzi Livanın paytaxtı Beyrutun 5 kilometrliyindəki Antelias şəhərində yerləşən Böyük Kilikiya evinin katolikosu I Aram da Tavuşdakı etirazlarla bağlı Eçmiədzinin mövqeyini tam dəstəklədiyini bildirib. İki katolikos telefon danışığı zamanı Tavuşdakı vəziyyəti müzakirə edərək, narahatlığın aradan qaldırılmasında erməni apostol kilsəsinin əsas rolunu vurğulayıblar.

Bu arada Azərbaycanla başlanan delimitasiya prosesinə mane olmaq və revanşist arzulara qol-qanad vermək məqsədilə ölkəmizin Xeyrımlı (Kirants) kəndindən başlayan yürüş İrəvana yaxınlaşır. Keşiş B.Qalstanyanın başçılığı ilə hərəkət edən yürüş iştirakçıları bu gün – mayın 9-da İrəvanda böyük mitinq keçirməyi nəzərdə tutublar. Lakin dünən səhər saatlarından yürüş iştirakçılarının dronla havadan çəkilən görüntüsü yürüşün təqdim ediləndən ciddi surətdə fərqləndiyini göstərir. Belə ki, bu görüntülərdə yürüş iştirakçılarının sayının azlığı aydın görünür. Bu isə mayın 9-da keçirilməsi nəzərdə tutulan mitinqin iştirakçılarının da sayının az olacağını deməyə əsas verir.

Kilsənin öz mövqeyini açıq-aydın ortaya qoyması, faktiki olaraq, hakimiyyətə qarşı çıxanların cəbhəsində yer alması erməni cəmiyyətinin böyük əksəriyyətinin etirazına səbəb olub. Cəmiyyətin avanqard qüvvəsi olan jurnalistlər kilsənin hərəkətlərinin yanlış olduğunu haylara çatdırmağa, onların necə deyərlər, gözlərini açmağa çalışırlar. Belə yazılardan biri kifayət qədər ciddi media resursu olan “Armenian Report” saytında yerləşdirilib. Yazıda bildirilir ki, sabiqlərlə (keçmiş hakimiyyət nümayəndələri–S.H.) bağlı hər şey aydındır. Qeyd edilir ki, indiki hakimiyyətlə bağlı pis hallar nə qədər çox olsa, onların Paşinyanı devirmək və bəlkə də dövləti idarə etməyə qayıtmaq şansları bir o qədər çox olur: “Onlar Tavuşda və bütün Ermənistanda etiraz aksiyalarına sponsorluq edir, delimitasiya və demarkasiya prosesini “Ermənistan ərazilərinin növbəti dəfə təslim olunması” kimi təqdim edirlər. Onlar baş verənlərin mahiyyətini dərk etməyən insanları küçələrə çıxmağa, yolları bağlamağa çağırır, vətəndaşlar arasında münaqişə və qarşıdurma yaratmağa xidmət edən təxribatlar törədirlər. Bütün bunlar isə “Tavuşun xilası” kimi təqdim olunur. Üstəlik, onlar əhalini Azərbaycan əsgərlərinin, guya, Voskepar (haylar Əskiparanı belə adlandırırlar – S.H.) ərazisində irəliləməsi ilə qorxudurlar. Hərçənd, aydındır ki, indiki vəziyyətdə Azərbaycanın Ermənistanla yeni hərbi toqquşmalara ehtiyacı yoxdur. Müharibə edən iki dövlət çətinliklə ümumi dil tapmaqda nail olub və öz aralarında razılığa gəlməyə çalışır. Bu isə yenə deyirəm, Qarabağ klanının və onun arxasında duran qüvvələrin maraqlarına ziddir”.

Müəllif Tevos Arşakyan daha sonra yazır: “Amma mənim anlaya bilmədiyim kilsənin Qarabağ klanının tərəfində dayanaraq, proseslərə müdaxilə etməsidir. Tamamilə aydındır ki, Ermənistan daxilində iğtişaşlar törətməyi qarşısına məqsəd qoyan qüvvələr təkcə Eçmiədzinə deyil, həm də kilsənin ayrı-ayrı nümayəndələrinə arxalanırlar. Kilsənin Tavuş yeparxiyasının rəhbəri Qalstanyan sülhə qarşı kəskin mübarizənin önündə yer alıb. Son günlər Tavuşdakı etiraz aksiyalarını məhz o yönəldir. İnsanları polisə qarşı çıxmağa çağıran, sonra isə “dinc nümayişçilərə” qarşı güc tətbiq edildiyi barədə qışqıran da odur”.

Bildirilir ki, Qalstanyanı destruktiv fəaliyyətə, heç şübhəsiz, indiki hökumətlə çoxdan düşmənçilik münasibətində olan katolikosun özü həvəsləndirir. Katolikos kütləvi aksiyalar keçirməsi üçün Baqrata da maliyyə dəstəyi verir: “Onlar Tavuşdakı vəziyyətin baş nazir Paşinyanı devirmək və əvvəlki qayğısız həyatlarını yaşamaq üçün son şans olduğunu düşünürlər. Təəssüf ki, kilsə xadimləri bu məsələdə zorakılığa əl atmaq, məsələni qanla həll etmək yolunu tutublar”.

Ancaq qeyd edilir ki, qaydalara görə, kilsə bu proseslərdə rol ala bilməz. Kilsə sülh və əmin-amanlığa çağırış etmək əvəzinə, hakimiyyətə qarşı mübarizədə kənar qüvvələrin alətinə çevrilib: “Buna görə də II Qareginin rəhbərlik etdiyi qurum dövlətin təhlükəsizliyinə təhdidə çevrilib, cəmiyyətdə parçalanmanı gücləndirir. Son vaxtlar “beşinci kolon”a çevrilməsi ilə bağlı onun ünvanına səsləndirilən bütün ittihamlar əsassız deyil. Kilsə ilkin missiyasından geri çəkilib və bu, təəssüf doğurmaya bilməz. Bu gün kənardan gələn sifarişlə ölkənin sularını bulandıran bütün bu qüvvələrə elə gəlir ki, onlar Paşinyanı hədəfə alır və onunla vuruşurlar, əslində isə bütün hərəkətləri Ermənistanın özünə qarşı yönəlmiş olur. Nə yaxşı ki, Ermənistan əhalisinin əksəriyyəti bu oyunu çoxdan dərk edib. Ona görə də Koçaryanın, Sarkisyanın, daşnakların və kilsənin aksiyalarına bu qədər az sayda adam qoşulub”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev mövzu üzrə “XQ”-yə şərhində bildirdi ki, əslində, kilsənin belə addımlar atması gözlənilən idi. Onun sözlərinə görə, diaspor, kilsə və Qarabağ klanı daşnak ideologiyasının təsiri altında olan qruplaşmalardır. Bu qruplaşmalar indi də Azərbaycanla münasibətlərin normallaşması prosesinə qarşı çıxırlar. Çünki ölkəmizlə normallaşma prosesi olarsa, sülh sazişi imzalanarsa, bu qrupların mövcudluğu aradan qalxar: “Onlar özlərini hər zaman Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik ideologiyası üzərindən formalaşdırıblar. Həmin qruplaşmanın maddi sərvətlər əldə etməsi də bu əsaslar üzərindən olub. Cəmiyyətdən də düşmənçilik şüarları səsləndirmələri səbəbindən dəstək alıblar. Ona görə deyirik ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sülh əldə edərsə, dövlətlərarası münasibətlər qurarsa, bu qüvvələrin var olma səbəbi aradan qalxacaq. Bu baxımdan İrəvanın Bakı və Ankara ilə münasibətlərdə konstruktiv mövqe tutması hazırda onları, necə deyərlər, təhdid edir. Onlar hər vəchlə çalışırlar ki, düşmənçilik bitməsin”.

C.Vəliyev qeyd etdi ki, Qarabağ klanı Tavuşdakı etirazları, eyni zamanda, hakimiyyətə qayıtmaq vasitəsi kimi görür: “Əgər bu məsələdə cəmiyyətdə çaxnaşma yarada, özlərinə siyasi dəstək qazana bilərlərsə, təkrar siyasi hakimiyyətə gedən yollarının açıla biləcəyini düşünürlər. Onlar gedən proseslərlə bağlı Ermənistan cəmiyyətində bir çaşqınlıq, qarışıqlıq olduğunun fərqindədirlər. Özlərini 30 il qalib tərəf olaraq təqdim edənlər indi ölkələrinin Azərbaycana bir çox məsələdə güzəştə getmək məcburiyyətində qaldığını hiss edirlər. Bunda da Paşinyanı təqsirləndirərək, özlərinə daha çox ictimai dəstək qazanmağa və prosesi gecikdirməyə çalışırlar”.

Müsahibimiz onu da bildirdi ki, bu prosesdə kilsə tək deyil. Kilsə siyasi oyunun bir parçasıdır. Onun təmsilçiləri dindən uzaqlaşaraq siyasi oyun oynayırlar. Əgər onlar cəmiyyətdə dəstək qazana, delimitasiya və demarkasiya prosesini dayandıra bilərlərsə, o zaman bunu uğur kimi təqdim edəcək və mövqelərini daha da gücləndirəcəklər. Bu səbəbdən prosesi davam etdirirlər.

Səxavət HƏMİD 
XQ

 



Siyasət