Dialoq müxtəlif formalarda, nikbin ruhda davam edir

post-img

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi sülh prosesində mühüm irəliləyişin olduğunu deyib

“Azərbaycan hakimiyyətinin daha öncəki fürsətlərdə də dəfələrlə bəyan etdiyi kimi, erməni və ya azərbaycanlı olmasından asılı olmayaraq bütün köçkün əhalinin öz evlərinə könüllü qayıtmaq hüququna qarşılıqlı əsasda hör­mət edilməlidir. Unutmayaq ki, 1980-ci illərin sonlarında münaqişənin lap əvvəlində Ermənistanda 250 mindən çox mülki azərbaycanlı etnik təmizləməyə məruz qalıb”.

Vatikanda işgüzar səfərdə olan Azərbaycan Prezi­dentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “Sir” İnformasiya Agentliyinə müsahibəsində İrəvan və Bakı arasında davam edən sülh danışıqlarından, Azərbaycan cəmiyyətimizin çoxmillətli və multikultural xarakterindən, eləcə də Cənubi Qafqazda gələcək birgə­yaşayış imkanlarından bəhs edib. 

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Papa Fransisk həzrətlərinin Ermənistan və Azərbaycan arasın­da sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiy­mətləndirdiyini qeyd edib. Azərtac-ın dərc etdiyi müsahi­bəsində E.Əmirbəyov Bakı ilə İrəvan arasındakı dialoqun müxtəlif formalarda və müsbət ruhda davam etməsindən danışıb. Onun sözlərinə görə, təxminən iki il əvvəl sülh danışıqlarının və sülh müqaviləsinin layihəsinin təşəbbüs­karı qismində məhz Azərbaycan olub və o vaxtdan sülh prosesində mühüm irəliləyişlər əldə edilib. Xüsusi elçi ən son müsbət irəliləyişin isə ötən ilin sentyabr ayında Azər­baycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən, Qarabağ regionu üzərində özünün effektiv nə­zarətinə nail olduqdan sonra mümkünlüyünü vurğulayıb.

“Ermənistanla birlikdə bütün yerdə qalan məqsəd­lərimizə siyasi vasitələrlə və nisbətən daha qısa müddət ərzində nail ola bilərik”

İrəvan və Bakının sülh müqaviləsini nə zaman imza­layacaqları ehtimalı ilə bağlı sualı cavablandıran E.Əmir­bəyov Azərbaycanın Ermənistanla birlikdə yerdə qalan məqsədlərə siyasi vasitələrlə və nisbətən daha qısa müd­dət ərzində nail ola biləcəyinə əminliyini ifadə edib. 

“İki həftə əvvəl Ermənistan öz qüvvələrini Azərbay­canın şimal-qərbində yerləşən Qazax rayonunun otuz ildən çox işğal altında qalan dörd kəndindən çıxarmağa razılaşdı və bunun ardınca ölkələrimiz arasında bir gün dövlət sərhədinə çevriləcək ikitərəfli delimitasiya və de­markasiya prosesi başlandı. Paralel olaraq, Azərbaycan otuz ildən bəri davam edən münaqişə və qanunsuz işğal nəticəsində dağıdılmış bütün ərazilərinin yenidən qurul­ması və bərpası istiqamətində genişmiqyaslı səylərini qətiyyətlə davam etdirir”,– deyən Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi jurnalistin “Papa Fransiski regionun səlahiyyətlilərinin və sakinlərinin “yerli mədə­niyyətin bir hissəsi, inancın ifadəsi və fərqliliklərə bax­mayaraq, birlikdə yaşamağa imkan verən qardaşlığın əlaməti kimi hörmətlə davranılacağına və qoruna biləcə­yinə” ümidvar olduğunu bildirmişdi. İndi onların evlərinə qayıtma prosesinə necə yardım etmək olar?”– sualına bu formada cavab verib: 

– “Əvvəlcə bir məsələyə aydınlıq gətirmək istərdim ki, Azərbaycanın Qarabağ bölgəsinin ərazisini tərk edib Ermənistana getmək qərarı orada məskunlaşmış əhali tərəfindən könüllü şəkildə qəbul olunub. Baxmayaraq ki, Azərbaycan hakimiyyəti onlara dəfələrlə müraciət edərək ölkəni tərk etməməyə çağırıb. Bir gün davam edən anti­terror əməliyyatından dərhal sonra Ermənistanın bizə qar­şı başlatdığı dezinformasiya kampaniyasına baxmayaraq, Azərbaycan yerli mülki əhaliyə orada qalıb, qanunlarımız çərçivəsində dinc şəkildə cəmiyyətimizə inteqrasiyanı təklif edib. Amma həqiqət ondan ibarətdir ki, gedənlərin bir çoxu, Azərbaycanın həmin regionunda ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşamalarına qarşı çıxan yerli qanunsuz separatçıların liderləri tərəfindən, əslində, buna “israrla sövq edilib”. Azərbaycan hakimiyyətinin daha öncəki fürsətlərdə də dəfələrlə bəyan etdiyi kimi, erməni və ya azərbaycanlılığından asılı olmayaraq, bütün köçkün əhalinin öz evlərinə könüllü qayıtmaq hüququ­na qarşılıqlı əsasda hörmət edilməlidir. Unutmayaq ki, 1980-ci illərin sonlarında münaqişənin lap əvvəlində Er­mənistanda 250 mindən çox mülki azərbaycanlı etnik tə­mizləməyə məruz qalıb”.

“Ümid edirəm ki, ermənilərlə azərbaycanlıların meh­riban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək”.

Daha sonra E.Əmirbəyov “Sir” İnformasiya Agentli­yinin əməkdaşının Roma Papası Fransiskin tərəflərə mü­raciətinə istinadla verdiyi: “Hər şeydən əvvəl xristianlar Cənubi Qafqaz ölkələrində hansı “rolu” oynaya bilərlər? Orada onlara yer varmı?” – sualını da cavablandırıb: 

“Artıq qeyd etdiyim kimi, biz Azərbaycanda Papa Fransiskin, eləcə də dünyanın bir çox digər yüksək səviy­yəli şəxslərinin Ermənistanla Azərbaycan arasında sülh və münasibətlərin normallaşması məsələsinə göstərdikləri diqqəti yüksək dəyərləndiririk. Azərbaycan özünün mədə­ni və dini müxtəlifliyi, tolerantlığı ilə fəxr edən dünyəvi ölkədir. Burada müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri əsrlər boyu harmo­niya, əmin-amanlıq və dostluq şəraitində birgə yaşayıblar. Biz, doğrudan da, inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh müqaviləsi nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə rəsmi olaraq son qoyacaq, həmçinin ermənilərlə azərbaycanlılar arasında etimadın yaranmasına xidmət edəcək, onların yaxşı qon­şu və ola bilsin bir gün hətta dost kimi yaşamasına yol açacaq”.

Hazırladı:
İ.HƏSƏNQALA
XQ

Siyasət