Qurumdan ayrılmaqla bağlı növbəti anons
Rəsmi İrəvan özünün anti-Rusiya təbliğatının vacib seqmentini gündəmdə saxlamaqda israrlıdır. Söhbət Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı çıxmasından gedir. Bu barədə söz açacağıq. Mövzuya toxunmağımıza səbəb isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirdikləridir. A.Mirzoyan deyib ki, KTMT-nin mexanizmləri işləməlidir. Onun mövcud xüsusda daha nələri dilə gətirdiyinə diqqət yetirəcəyik. Hələlik bəzi digər məqamlara nəzər salaq.
Başlayaq Ermənistan–KTMT münasibətlərinin pozulmasının tarixçəsindən. Məlum olduğu kimi, 2022-ci ilin sentyabrında Azərbaycan – Ermənistan şərti sərhədində hərbi toqquşma yaşanmışdı. O zaman ölkəmizin silahlı qüvvələri erməni təxribatını önləmək üçün bəzi yüksəklikləri ələ keçirmişdilər. Bu, rəsmi İrəvan tərəfindən suveren Ermənistana qəsb kimi qiymətləndirilmişdi. Məsələ, hətta, KTMT-nin həmin ilin noyabrında İrəvanda keçirilmiş yüksək səviyyəli zirvə toplantısında da müzakirəyə çıxarılmışdı. O toplantıda ki, orada Rusiya Prezidenti Vladimir Putin və quruma üzv ölkələrin rəhbərləri iştirak edirdilər.
Ermənistan baş naziri Nikol Paşinyan zirvə görüşündə KTMT-nin Azərbaycanla bağlı siyasi qərar verməsinə nail olmağa səy göstərdi. O, çox çalışdı ki, sentyabr eskalasiyası ölkəsinin ərazilərinin işğalı faktı kimi təsdiqlənsin. Lakin istəyinə çata bilmədi. Əlbəttə, İrəvan zirvəsinin bəzi pərdəarxası məqamları da var idi ki, bu barədə təfərrüatlar indilərdə açıqlanır. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ay bildirmişdi ki, KTMT-nin Ermənistana missiya, habelə silah-sursat göndərməsi ilə bağlı XİN rəhbərləri səviyyəsində razılıq əldə edilsə da, sonda Paşinyan çıxış edərək məsələdə konsensusun olmadığını dilə gətirdi. Sonrakı proseslər isə sübut etdi ki, Ermənistan qurumun missiyasına deyil, Avropa İttifaqının müşahidəçilərinə üstünlük verir.
Ümumən, rəsmi İrəvan 2022-ci ildən başlayaraq anti-KTMT xəttini rəhbər tutub. Daha doğrusu, bu xətti özünün anti-Rusiya təbliğatının mühüm elementi kimi dəyərləndirib. Mövcud xüsusda, bir qayda olaraq, ənənəvi şablonları dilə gətirib. Bildirib ki, KTMT Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirmək potensialından uzaqdır, təhlükəsizlik təminatı baxımından dişsizdir və sair. Hətta, N.Paşinyan bu ilin martında yerli televiziyaya müsahibəsində Ermənistanın qurumdan tamamilə uzaqlaşması məsələsi ilə bağlı da anons vermişdi. Belə bir durumda A.Mirzoyanın “Əl-Cəzirə”nin efirindən söylədikləri tam yenilik kimi qarşılanmaya da bilər. Hərçənd, prinsipcə rəsmi İrəvan üçün önəmli olan KTMT ilə bağlı mənfi yönümlü təbliğat xəttinin aktiv tutulması, Ermənistanın təşkilatdan çıxmasına dair fikirlərin yenidən gündəmə gətirilməsidir.
Beləliklə, A.Mirzoyan KTMT-dən, belə demək mümkünsə, köhnə üslubda şikayətlənib. “Bilirsiniz ki, son bir neçə ildə Ermənistan Respublikasının suveren ərazisinə bir neçə dəfə müdaxilə edilib və biz KTMT-nin üzvüyük. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını üzv dövlətlərin, o cümlədən Ermənistanın suveren ərazilərini və sərhədlərini qorumalıdır. Lakin biz təşkilatdan lazımi tədbirlər görmədik”, – deyən erməni XİN rəhbəri əlavə edib ki, ölkəsinin çağırışlarına düzgün reaksiya verilməməsi cəmiyyətdə KTMT ilə bağlı bir sıra suallar doğurub. Ən əsası isə Mirzoyan vurğulayıb ki, Ermənistan “işləməyən mexanizmin bir hissəsi olmaq istəmir”.
Əlbəttə, XİN rəhbəri, öz aləmində, diplomatikliyini də qoruyub. Məsələn, o, ölkəsinin KTMT-yə üzvlüyünün davam etdiyini diqqətə çatdırarkən, qurumun işləməyən kimi qələmə verdiyi mexanimzlərinin işlək hala salınması istiqamətində çalışmaqdan dəm vurub. Məsələ burasındadır ki, Mirzoyan yanız gəlişigözəl ifadələr işlədir. Çünki rəsmi İrəvan hazırda açıqdan-açığa KTMT-ni boykot yolunu tutub. Ermənistan nümayəndələri qurumun son vaxtlar keçirilmiş yüksək səviyyəli toplantılarına nəinki qatılmır, eyni zamanda, qərarını son dərəcə nümayişkəranə şəkildə mövzuya çevirir. Bu, azmış kimi, Ermənistan təşkilatın hətta nisbətən aşağı səviyyəli tədbirlərində iştirakdan da boyun qaçırır.
Bəli, Mirzoyanın da tərkibində təmsil olunduğu hakim erməni siyasi komandasının nəyə çalışdığı aşkardır. Erməni XİN rəhbəri “Əl-Cəzirə”yə müsahibəsində KTMT ilə bağlı ziddiyyətləri gündəmə gətirməklə, ölkəsinin qurumdan tamamilə uzaqlaşması istiqamətində götürdüyü xəttə əlavə dividend qazandırır. Bu, Qərbə İrəvanın anti-Rusiya ritorikasını diri tutduğunu göstərmək üçün lazımdır. Belə nəticəyə gəlmək mümkündür ki, qarşıdakı müddətdə Ermənistan rəhbərliyi KTMT ilə yollarını tamamilə ayrımaq qərarını verəcək. Əgər Paşinyanın martda bildirdikləri sözügedən qərarın anonsu idisə, Mirzoyanın dilə gətirdikləri qeyd edilən məqsədə doğru əməli fəaliyyətə start verilməsinin təsdiqidir.
Sonda Ermənistanın anti-KTMT xəttinin aktivliyi məsələsində bir məqamın da üzərində dayanaq. Əgər əvvəllər Rusiya rəsmiləri İrəvanın ritorikasına dözümlü yanaşırdılarsa, artıq Moskva məsələyə münasibətdə təmkinli davranmamağa üstünlük verir. Lavrovun bir müddət əvvəl bildirdikləri də fikrimizin təsdiqidir. O, Ermənistan üçün KTMT-dən uzaqlaşmağın Rusiyanın hakim rol oynadığı digər qurumdakı perspektivini şübhələndirmişdi. Digər qurum dedikdə, söhbət Avrasiya İqtisadi İttifaqından gedir. Məsələ ondadır ki, hazırda Ermənistanın iqtisadi inkişafında başlıca yeri bu ittifaq müstəvisindəki əlaqələr tutur. Deməli, ölkə KTMT-dən uzaqlaşacaqsa, müvafiq olaraq Aİİ ilə bağlı imtiyazlardan da məhrum duruma düşə bilər. Həmin imtiyazlardan gələn mənfəətin təzminatı baxımından isə rəsmi İrəvanın heç bir real mexanizmi yoxdur. Yəni, Qərbdən gələn yardımlar hazırkı iqtisadi inkişaf dinamikasını təmin etmək gücündən uzaqdır. Belə olan halda, həm Mirzoyanın, həm də Ermənistanın digər rəsmilərinin düşünmələri lazımdır. Nəinki düşünmələri, hətta, hadisə və proseslərə proqmatik yanaşmaları gərəkdir. Belə yanaşma isə yoxdur.
R.ƏVƏZ
XQ