Ermənistanın XİN rəhbəri sağa-sola vurnuxur
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, Ermənistan və Azərbaycan liderləri 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını dəfələrlə təsdiqləsələr də, rəsmi Bakı hələ də açıq və birmənalı şəkildə həmin sənədə istinad etməkdən çəkinir. Əlbəttə, məsələ Mirzoyanın dediyi kimi deyil. Burada iki başlıca məqam var. Birincidən başlayaq.
Əvvəla, obyektiv olmaq, ədalətli davranmaq, haqqı nahaqqa qurban verməmək lazımdır. Əlbəttə, ən mühüm məsələ Azərbaycanın maraq və mənafelərinin qorunmasında prinsipial və ardıcıllıq nümayişidir ki, ölkəmizin rəhbərliyi buna hər zamankı kimi sadiqdir. A.Mrizoyan isə bildirir ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi kontekstində Alma-Ata Bəyannaməsi ilə bağlı razılığa gəldiyi vaxt yekun sazişin imzalanması asanlaşacaq.
Qeyd edək ki, Ermənistanın XİN rəhbəri ölkəsinin ənənəvi manipulyativ xəttindən əl çəkmir. Məsələn, o, sülh müqaviləsi kontekstindəki vacib məsələni – regional kommunikasiyaların açılması məsələsini qaldırır və nədənsə bu barədə xoş məram ifadəsi qismində rəsmi İrəvan tərəfindən irəli sürülmüş “Dünyanın kəsişməsi” təşəbbüsündən söz açır. Məsələ ondadır ki, sözügedən təşəbbüs Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında üzərinə götürdüyü öhdəliklərə ziddir. Bakının tələbi budur ki, bəyanata ciddi şəkildə riayət olunsun, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolu açılsın. Prezident İlham Əliyev də aprelin 23-də ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda mövcud məqama diqqət yetirdi: “İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar nə edirlər? Onlar, sadəcə olaraq, Naxçıvan Muxtar Respublikası ilə quru yolu əlaqəsini qurmaq imkanını bloklayırlar. Bu davranış, sözsüz ki, çox məyusedicidir. Üçtərəfli bəyanatın necə imzalanması ayrı söhbətin mövzusudur. Şəraitin necə olduğunu da hər kəs bilir. Amma Ermənistan baş nazirinin imzası var idi və buna hörmət edilməlidir”.
Onu da bildirək ki, rəsmi Bakı Naxçıvana yola “Azərbaycandan Azərbaycana yol” məntiqi ilə yanaşır. Yəni, həmin yolda heç bir gömrük və sərhəd nəzarəti olmamalıdır. Mirzoyanın haqqında danışdığı “Dünyanın kəsişməsi” ideyasında isə Ermənistan başlıca fiqurdur. Təsəvvür edin ki, bütün yollar orada kəsişir. Burada söhbət heç də ondan getmir ki, İrəvan məsələdən yüksək gəlir götürür. Başlıca məqam ölkənin istənilən an regional kommunikasiyaları blok etmək şansının yaranmasıdır. Axı Ermənistanın qlobal siyasi oyunların aləti olduğu hər kəsə yaxşı məlumdur. O zaman Azərbaycan niyə İrəvanın mühüm nəqliyyat və kommunikasiya xabında əsas oyunçuya çevrilməsinə imkan versin? Nəzərə alaq ki, belə bir imkan Ermənistana avantürizmini gerçəkləşdirmək üçün dividend qazandıra bilər. Ona görə də Mirzoyanın “Dünyanın kəsişməsi” fonunda Şərqi Qərblə, Şimalı Cənubla birləşdirəcək layihə məntiqini şişirtməsi tam yolverilməzdir.
Ermənistanın XİN rəhbəri “Dünyanın kəsişməsi”ndən söz açarkən, sözügedən ideyanın Fars körfəzi ölkələrini Qara dəniz iqtisadi regionu ilə birləşdirməyin daha maraqlı yoluna çevriləcəyinin üzərində dayanır. Məsələ ondadır ki, ölkəmizin İrəvanın qəbul etmədiyi “Zəngəzur dəhlizi” təşəbbüsü, yəni Naxçıvana yol məntiqində də Mirzoyanın bildirdiklərinə zidd təmayül yoxdur. Yəni, Ermənistan hər bir halda körfəz ölkələrini Qara dənizlə birləşdirəcək yoldakı əhəmiyyətini saxlayacaq. Elə isə ölkə nəyə görə Azərbaycanın təşəbbüsü ilə razılaşmır? Səbəb çox sadədir. Rəsmi İrəvan anti-Rusiya oyunlarında iştirak edir. Məqsəd Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırmaqdır ki, bu da Qərbin baş nazir Nikol Paşinyan qarşısında qoyduğu başlıca tələbdir.
Məsələ heç də onda deyil ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazdan çıxmasını istəyənlərə cəbhə açır. Başlıca məqam Bakının öz prinsipləridir. Həmin prinsiplərdən birini vurğuladıq. Digər məsələyə gəldikdə, dövlətimiz regionun ona bağlı ölkələrin əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır. Belə bir mövqe Cənubi Qafqazı qlobal konfrantasiyalardan uzaq tutmaq məramına, işlək “Qafqaz evi” platformasını formalaşdırmaq niyyətinə söykənir.
Rusiya, Tükiyə və İran regionla tarixən əlaqəyə malik ölkələrdir. Onların mövcud coğrafiyadakı mənafeləri təmin edilməlidir. Bu gün Moskva üçtərəfli bəyanata əsasən Naxçıvana yoldakı təhlükəsizlik təminatında maraqlıdır. Elə həmin bəyanata uyğun olaraq Qarabağa da sülhməramlılarını yerləşdirmişdi. Amma hazırda hərbi kontingentini bölgədən çıxarır. Nəyə görə? Ona görə ki, Azərbayacana etimad göstərir. Yəni, Kreml tarixdə çox nadir hallardan biridir ki, öz maraqlarının müdafiəsində qeyri-hərbi yola üstünlük verir. Bu, gələcəkdə Naxçıvana yol xüsusunda da presedent ola bilər. Nəzərə alaq ki, etimad və işbirliyi yarandıqdan sonra silahlı güc amilinə heç bir ehtiyac qalmır. Deməli, Ermənistan rasional düşünməlidir. Amma düşünmür. Əslində, Mirzoyanın “Əl– Cəzirə”yə söylədikləri də düşüncəsizlikdən qaynaqlanır. Elə isə ikinci məqama keçid alaq.
***
Ermənistanın XİN rəhbərinin bildirdikləri həm də ona görə yolverilməzdir ki, onun fikirlərində haqqında söz açdığı Alma-Ata Bəyannaməsi, bir növ, ehkamlaşdırılır. Deməli, digər erməni rəsmilərinin də dediklərinin əksinə olaraq, delimitasiya və demarkasiya prosesində bilavasitə həmin sənədə söykənmək doğru deyil.
Əlbəttə, Alma-Ata Bəyannaməsindəki sabiq SSRİ dövrü sərhədlərinin toxunulmazlığı məntiqinin haradasa keçərli sayılması mümkündür. Götürək Qazaxın kəndləri ilə bağlı məsələni. Orada prinsip etibarilə heç bir problem yox idi. Bəs digər ərazilər? Nəzərə alınmalıdır ki, ümumən delimitasiya özlüyündə mürəkkəb prosesdir. Bu mürəkkəblik xüsusunda A.Mirzoyanın haqqında söz açdığı Alma-Ata Bəyannaməsi həm də o səbəbdən mütləq sənəd deyil ki, orada “bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və ona hörmət etmək” müddəası var, ancaq sərhədin haradan başlayıb harada bitdiyinə dair heç nə yoxdur. Yəni, bəyannamə ümumi xarakter daşıyır.
Bir cəhətə də diqqət yetirək. Heç kəs deyə bilməz ki, rəsmi İrəvan Alma-Ata Bəyannaməsini ehkamlaşdırmaqla gələcəkdə hansısa avantürist niyyətlər güdməyəcək. İzah edək görək Ermənistan bunu necə edə bilər? Beləliklə, sözügedən bəyannamə 1991-ci il dekabrın 21-də imzalanıb. Həmin vaxtadək Qarabağda separatçı rejim yaradılmışdı və bu baxımdan ermənilər deyə bilərlər ki, sənəd geriyə işləmir. Başqa sözlə desək, onların ölkələrin ərazi bütövlüklərinin tanımasında Qarabağ motivini inkar etmələri ehtimalı var. Bu günlə sabaha etibar yoxdur. Ermənistanda revanşist qüvvələr aktivdirlər. Onların hakimiyyətə yiyələnəcyi təqdirdə, vəziyyətin hansı şəkil alacağına təminat yoxdur. Digər yandan, nəzərə alaq ki, Azərbaycan Alma-Ata Bəyannaməsinə 24 sentyabr 1993-cü il tarixdə qoşulub. Həmin vaxt təkcə Qarabağ deyil, Azərbaycanın digər əraziləri də işğal altında idi. Belə olan halda, Ermənistanın bu məqamı da perspektivdə mübahisə predmetinə çevirməsi mümkündür. İndiki halda bütün beynəlxalq platformalarda anti-Azərbaycan təbliğatına üstünlük verən, səmimiyyətdən uzaq mövqe tutan Mirzoyanın təmsil olunduğu erməni iqtidarından hər şey gözləmək olar.
Məsələnin başqa bir yönünə diqqət yetirək. Azərbaycan Respublikası 1918–1920-ci illərdəki Azərbaycan Xalq Cümhiriyyətinin hüquqi varisidir. Bu, müxtəlif dövlət sənədlərində, eyni zamanda, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Müstəqillik haqqında Konstitusiya Aktında əksini tapıb. Məlumdur ki, AXC-nin ərazisi indiki Azərbaycanınkından çox olub. O da məlumdur ki, Azərbaycan SSRİ-yə həmin ərazilərlə daxil olub. Lakin illər ərzində torpaqlarımızdan Ermənistana peşkəşlər edilib. Belə olan halda sual yaranır: Nə üçün 1991-ci ilin Alma-Ata Bəyannaməsinə əsasən, SSRİ-dən çıxarkən mövcud olan sərhədlər əsas götürülməli, ancaq Sovetlər Birliyinə daxil olunduğu dövrdəki ərazi amilinə diqqət yetirilməməlidir? Məsələn, 1929-cu ildə Azərbaycan SSR torpaqları hesabına Ermənistan SSR tərkibində Meğri rayonu yaradılıb. Ümumən, respublikamızın əraziləri hesabına Ermənistana torpaq hədiyyələri 1969-cu ilin mayınadək olub və prosesə həmin ilin iyulunda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması ilə son qoyulub.
***
Sonda belə nəticəyə gəlirik ki, Ermənistanın XİN rəhbəri A.Mirzoyanın “Əl-Cəzirə” telekanalına müsahibəsində dilə gətirdiyi və barəsində söz açdığımız məqamlar Bakı–İrəvan münasibətlərinin nizamlamasında haqq-ədalətin təmin edilməsi nöqteyi-nəzərindən bir o qədər praktik sayıla bilməz. Bu, Mirzoyanın özünə də, baş nazir Nikol Paşinyana da yaxşı məlumdur. Lakin onlar erməniliklərindən qalmırlar. Görək nə zamanadək belə davam edəcəklər. Hər halda, çox vaxtları da yoxdur. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına başlanılması oxun yaydan çıxmasıdır.
Ə.CAHANGİROĞLU
XQ