Ermənistanın keçmiş liderləri Robert Köçəryan və Serj Sarkisyan öz qüvvələrinin mənfi reytinqinə görə rəhbərliyi erməni kilsəsinə keçirmək qərarına gəliblər.
“Caliber”in xəbərinə görə, bu barədə Xristian Demokrat Partiyasının vitse-prezidenti Hayk Sukiasyan Ermənistan mətbuatına bildirib.
Sukiasyan xatırladır ki, Ermənistan qanunvericiliyinə görə kilsə dövlətdən ayrılıb, ruhanilərlə siyasət bir araya sığmır: “Əgər bu doğrudursa, onda belə çıxır ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin beyni yoxdur.
Kilsimizin mənəvi quruluşu saxta gündəmlə, yalançı vətənpərvərliklə Ermənistana qarşı çıxır. Bizim kilsə xalqımız arasında nüfuz sahibidir, lakin nüfuzlu ruhani təbəqəyə malik deyil. Onlar dövlət çevrilişinə çağırırlar, onların məqsədi budur. Ermənistanın xalqına, müstəqilliyinə hücum edir, Rusiya, Türkiyə və Azərbaycanla müharibəyə təhrik edirlər”.
Onun sözlərinə görə, bu cür addımlar Ermənistanı dini dövlətə çevirmək cəhdidir. Nəticədə beynəlxalq ictimaiyyət Ermənistanla hər hansı tərəfdaşlıqdan tamamilə imtina edəcək, həm də Azərbaycanı Ermənistana qarşı yönəldəcək.
Rizvan FİKRƏTOĞLU
XQ