“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

post-img

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinə start verilib. Bu barədə “XQ”-yə nazirlikdən məlumat verilib.

Festival-müsabiqənin keçirilməsində məqsəd milli mədəniyyət və incəsənətin təbliği, uşaqları vətənpərvərlik, adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla anmaq, Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gəncləri maarifləndirməkdir.

Festival-müsabiqə ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (uşaq musiqi və incəsənət məktəbləri istisna olmaqla) istedadlı şagirdləri arasında üç yaş qrupunda (6-10, 11-14 və 15-17) aşağıdakı istiqamətlər üzrə keçirilir:

•        ifa üzrə respublika müsabiqəsi;

•        rəqs üzrə respublika müsabiqəsi;

•        təsviri incəsənət və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqəsi;

•        dram üzrə respublika müsabiqəsi.

Festival-müsabiqə aşağıdakı mərhələlər üzrə keçirilir:

Rayon (şəhər) mərhələsi: 15 – 30 aprel tarixlərində keçirilir. Bu mərhələdə təhsil müəssisələri festival-müsabiqədə iştirak edəcək şagirdlər barədə məlumatları 10 aprel tarixindən gec olmamaq şərti ilə aidiyyəti üzrə regional təhsil idarələrinə təhvil verməlidirlər. Regional təhsil idarələrinin təşkilatçılığı ilə rayon və şəhərlərdə yaradılmış münsiflər heyətinin iştirakı əsasında şagirdlərin seçimi aparılır. Rayon (şəhər) mərhələsində I yerin qalibi olanlar zona mərhələsində iştirak etmək hüququ qazanırlar. 

Zona mərhələsi: 2024-cü ilin may ayında keçirilir. Rayon və şəhərlər üzrə I yerlərin qalibləri zona mərhələsində iştirak etmək hüququ qazanırlar. Qaliblər haqqında protokollar zona mərhələsi keçirilən regional təhsil idarəsində yaradılmış təşkilat komitəsinə təqdim edilir.  

Final mərhələsi: bu ilin may ayında Bakı şəhərində keçiriləcək. Nominasiya və yaş qrupları üzrə I yerin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanırlar. 

Qaliblərin mükafatlandırılması və yekun tədbir 2024-cü ilin oktyabr ayında Bakıda keçiriləcək. 

Qeyd edək ki, yaş qrupu və nominasiyalar üzrə I, II və III yerlərin qalibləri Elm və Təhsil Nazirliyinin fəxri fərmanı və hədiyyələrlə mükafatlandırılacaqlar. 

Rizvan FİKRƏTOĞLU
XQ

Mədəniyyət