Aprelin 20-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən Helsinki Azərbaycan Evinin təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərindəki “Azərbaycan Evi”ndə “Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir keçirilib, “İZ” sənədli filmi nümayiş olunub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Finlandiyada yaşayan həmvətənlərimizlə yanaşı, Türkiyə, Rusiya, İngiltərə, Almaniya, Moldova, Qazaxıstan, Gürcüstan, Ukrayna icmalarının nümayəndələri, Cənubi Azərbaycandan olan soydaşlarımız və Azərbaycanın İsveç Krallığındakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Helsinkidəki “Azərbaycan Evi”nin rəhbəri Ülviyyə Cabbarova azərbaycanlıların öz ata-baba yurdlarından, Qərbi Azərbaycandan deportasiyaya məruz qalmaları ilə bağlı həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, tədbirdə Helsinkidən və Kembric Universitetindən elm adamlarının iştirakının Azərbaycan həqiqətlərinin öyrənilməsi və təbliğində böyük əhəmiyyət daşıdığını bildirib.
“Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı çıxışında bir əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı 4 dəfə soyqırımı həyata keçirdiyini vurğulayıb. O, soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, Qərbi Azərbaycanda bir nəfər belə olsun azərbaycanlının qalmadığını söyləyib.
Sonra “İZ” sənədli filminin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov bir çox ölkələrin Azərbaycan həqiqətlərini görməzdən gəlməsinə baxmayaraq, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın özünün tarixi ədaləti bərpa etdiyini deyib. Qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda mövcud olan mədəniyyət abidələrinin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsini, azərbaycanlıların soyqırımına məruz qalmasını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, layihə üzrə köməkçi Firuzə Babayevanın filmin hazırlanması və yayılmasında gördüyü işlərdən danışıb.
Tədbir “İZ” sənədli filminin nümayişi ilə davam edib. Filmdən sonra əslən Gəncədən olan, Helsinki şəhərində yaşayan gənc fəal Mona “Sarı Gəlin” və “Gündüz-gecə” mahnılarını səsləndirib.
Sonda tədbir iştirakçıları Avropada belə tədbir və təqdimatların keçirilməsinin vacibliyini vurğulayıblar.