Səfirin məsələhətləşmələr üçün geri çağırılması beynəlxalq münasibətlərdə nəzəri və praktiki nöqteyi-nəzərdən çox ciddi diplomatik demarşdır. Adətən, belə addımlar üç halda atılır: birincisi, dövlətin siyasi rəhbərliyinin öz səfirinin yerləşdiyi ölkədəki fəaliyyətinin səmərəli olmasından narazılığı, bu cür vəziyyət onun geri çağırılması və ya istefası ərəfəsində yaranır; ikincisi, dövlətin siyasi rəhbərliyi səfiri qəbul edən ölkəyə münasibətini kəskin şəkildə dəyişmək niyyətindədir və səfir xarici siyasət prioritetlərində belə bir dəyişikliyin nəyə səbəb ola biləcəyini rəhbərliyə izah etməlidir; üçüncü, ölkə rəhbərliyi artıq səfiri qəbul edən ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib və o, yalnız səfirlik əməkdaşları arasından müvəqqəti işlər vəkili təyin etməklə, diplomat qayıtdıqdan sonra bunu elan etmək üçün geri çağırılır. Təbii ki, Yelisey sarayının Azərbaycandakı səfirini “məsləhətləşmələr üçün” geri çağırarkən hansı prinsipi rəhbər tutduğunu bilmirəm. Lakin dünya praktikası və son bir neçə ildə Fransa-Azərbaycan münasibətlərinin inkişafının məntiqi göstərir ki, bu, heç də yaxşı nəticəyə gətirib çıxarmayacaq.
Bu fikirləri AZƏRTAC-a rusiyalı tarixçi-qafqazşünas, tarix elmləri namizədi Oleq Kuznetsov Fransanın Azərbaycandakı səfirini geri çağırmasını şərh edərkən söyləyib.
Onun sözlərinə görə, Fransa çox uzun müddətdir ki, unudulmuş ATƏT-in Minsk qrupunun üzvü olmaqla, əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəfi olub, işğalçılıq siyasətində rəsmi İrəvanı tam dəstəkləyib, hətta bunun xüsusi sirrini də açıb. “Emmanuel Makronun prezidentliyi illərində rəsmi Bakının münasibətləri normallaşdırmaq üçün bütün səylərinə baxmayaraq, Fransanın Cənubi Qafqazdakı ermənipərəst siyasəti ən yüksək zirvəsinə çatıb. Lakin bu, arzu olunan effekti vermədi. Fransız siyasətçiləri ənənəvi müstəmləkəçilik təfəkkürünə uyğun olaraq, nədənsə, beynəlxalq məsələlərdə ədəb-ərkanı özlərinin adi dünya anlayışı səviyyəsində zəiflik kimi qəbul edirlər. Öz illüziyalarının əsiri olan rəsmi Paris Azərbaycan hakimiyyətinə meydan oxumağı mümkün hesab edir. Mən bu məsələni Makronun şəxsi ambisiyalarının təzahürü deyil, nəhayət, gözümüzün qarşısında xarabalığa çevrilən Fransa müstəmləkə imperiyasının şüur səviyyəsini həmin dövrün stereotiplərindən azad ola bilməyən Fransada zərərli siyasi təfəkkür tərzində görürəm”, -deyə ekspert bildirib.
Eyni zamanda, həmsöhbətimiz Yelisey sarayının bu diplomatik demarşının Cənubi Qafqaz regionu üçün heç bir yaxşı nəticəyə gətirib çıxarmayacağına əminliyini ifadə edib. O.Kuznetsov sözlərinə yekun vuraraq deyib: “Bu addımın Azərbaycanın Ermənistanı öz qanuni tələblərini dinc və ya hərbi yolla yerinə yetirməyə məcbur etməsinə mane olacağını düşünmək sadəlövhlükdür. Ola bilsin ki, rəsmi Parisin hərəkətləri İrəvandakı siyasi elitanın bəzi nümayəndələrində Fransanın siyasi təsir gücü və ya silahı ilə bağlı təhlükəsizlik illüziyası yaradacaq. Amma faktiki olaraq, Parisin hərəkətləri əks nəticəyə gətirib çıxaracaq: Fransa hakimiyyəti regiondakı vəziyyətlə bağlı Bakı ilə siyasi və diplomatik dialoqdan imtina etməklə, həm də ona regionu öz maraq və iradəsinə uyğun yenidən qurmaqda sərbəstlik verir. Deməli, bu addım nə Parisə, nə də İrəvana heç bir üstünlük vermir. Bunu başa düşməyən ya sarsaqdır, ya da təxribatçıdır”.