Prezident İlham Əliyevin apardığı siyasət ölkəmizi qlobal risklərdən sığortalayır
İran – İsrail hərbi qarşıdurması başa çatmış kimi görünür. Maraqlıdır ki, hər iki tərəf öz məqsədinə çatdığını bəyan edir. Söhbət hansı məqsəddən gedir, rəsmi qaydada açıqlananlar ağlabatan deyil. Hər halda, əlahəzrət tarix nələrin yaşandığını ortaya qoyub, bu qarşıdurma üçün də ad tapacaq. Hələlik isə yalnız onu demək olar ki, Tehran – Tel-Əviv qarşıdurması bəzi həqiqətləri ortaya çıxarıb. Yazımızda bu həqiqətlər fonunda Azərbaycanın durumuna, Cənubi Qafqazdakı vəziyyətə nəzər salmağa çalışacağıq.
Başlayaq ondan ki, İran–İsrail müharibəsi beynəlxalq aləmdəki düzənin çox ciddi şəkildə pozulmağa meyilli olduğunu göstərdi. Belə bir həqiqət ortaya çıxdı: artıq dünya əvvəlki kimi təhlükəsiz deyil. Əslində, hazırda davam edən Rusiya – Ukrayna müharibəsinə nəzərən də oxşar fikirlər səsləndirmək mümkündür. Moskva – Kiyev hərbi qarşıdurması bir çox məsələlərə təsir göstərir və bu təsirin getdikcə artacağı, arealının genişlənəcəyi şübhəsizdir. Çünki müharibə bitmək bilmir.
İndi, faktiki olaraq, ABŞ və Qərb dövlətləri Rusiyaya qarşı döyüşürlər. Nəzərə alsaq ki, beynəlxalq aləmin anti-İran köklənişi aktualdır, o zaman Tehran–Tel-Əviv qarşıdurmasını daha böyük müharibənin məşqi kimi də qiymətləndirmək mümkündür. İran isə Azərbaycanın cənub qonşusudur. Deməli, onun başı üzərində əsən müharibə küləklərinin ölkəmizə təsiri məsələsi aktualdır. Ancaq ortada bir mənzərə var – dünyanın sabitlik və təhlükəsizlik adası olan Azərbaycanın mənzərəsi. Yəni, sülhün, firavanlığın və əmin-amanlığın ünvanına çevrilmiş Azərbaycan obrazı diqqətdən yayına bilməz.
Əlbəttə, Azərbaycan obrazı fərqlidir. Daha doğrusu, özünəməxsusdur. Durumu Prezident İlham Əliyev ötən il dekabrın 6-da ADA Universitetində keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda mükəmməl təsvir edib: “Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi”.
Bəli, Azərbaycan sülhü müharibə ilə yaratmış ölkədir və fərqimiz, özünəməxsusluğumuz məhz bundadır. Hazırda dünyada yaşanan bitib-tükənmək bilməyən qarşıdurmalar fonunda ölkəmizin reallaşdırdığı missiya, həm də təhlükəsizlik və sabitlik təminatıdır. Axı indiki qlobal qarşıdurmalar şəraitində torpaqlarımızın işğal altında qalması, istər-istəməz, başqa situasiyaların yaşanmasına yol aça bilərdi. Deməli, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, necə deyərlər, göydəndüşmədir. Deməli, nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev bütün prosesləri zərgər dəqiqliyi ilə hesablayıb. Onun hesablaması Azərbaycanın hazırkı duruma adekvat reaksiyasının mövcudluğu barədə qəti fikir bildirmək üçün əsasdır. Nəzərə alaq ki, Cənubi Qafqaz siyasi akvatoriyası kifayət qədər mürəkkəb məkandır.
Hazırda Azərbaycan – Ermənistan münasibətlərinin nizamlaması kontekstində yaşanan proseslər Cənubi Qafqazın mürəkkəblik formulunu vurğulayır. Mövcud platforma dünyanın yenidən bölünməsində, ayırıcı xətlərin müəyyənləşdirməsində başlıca halqa rolunu oynayır. Daha bir özünəməxsusluq isə budur ki, Azərbaycan prosesdə diktə edən, hesablaşılan tərəfdir. Məhz təhlükəsizlik təminatı baxımından əminlik uzunmüddətli inkişaf strategiyasının ayrı-ayrı qütblərini nəzərdən keçirməyimizə imkan yaradır.
Prezident İlham Əliyev haqqında söz açdığımız forumdakı çıxışında diqqəti dünyadakı yeni vəziyyəti proqnozlaşdırmağın mümkünsüzlüyü üzərinə gətirmiş və bildirmişdi ki, Azərbaycan və digər ölkələr Rusiya – Qərb geosiyasi qarşıdurmasının nə ilə nəticələnəcəyini bilmirlər. “Bu səbəbdən regionumuzda, Qafqazda vəziyyəti, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu, xüsusilə də Əfqanıstandakı vəziyyəti nəzərə aldıqda təhlükəsizlik mövzusu başlıca prioritet olmalıdır. Münaqişə səbəbindən son 20-25 il ərzində bizim üçün bu, prioritet idi. Biz anlayırdıq ki, bu, sülh yolu ilə mümkün olmasa, bunu hərbi yolla həll edəcəyik”, –deyən Azərbaycanın lideri əlavə etmişdi ki, böyük potensiala və geniş coğrafiyaya malik ölkəmizin nəhəng enerji ehtiyatları milli təhlükəsizlik məsələsidir, mövcudluğun, müstəqil yaşayışın mənbəyidir. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın qərarlaşdığı coğrafiyanın Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə etdiyini vurğulayaraq, belə bir üstünlüyün infrastruktur layihələrin gerçəkləşdirilməsinə zəmin formalaşdırdığını önə çəkmiş, fikirlərini geniş şəkildə izah edərək, ritorik sual səsləndirmişdi: “Şərq–Qərb marşrutu boyu dostluq mühiti var, niyə səylərimizi səfərbər etməyək ki?”
Göründüyü kimi, Azərbaycan özünün təhlükəsizlik təminatının gətirdiyi faydanı ümumbəşəri mənfəətə çevirməkdə israrlıdır. Lakin ölkəmizin iradəsinə qarşı çıxmaq cəhdlərini görürük. Daha doğrusu, hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur. Rəsmi İrəvandan isə bu “planlarda” alət kimi istifadə edilir. Ermənistanda Avropa İttifaqının missiyasının fəaliyyəti fonunda aprelin 5-də Brüsseldə reallaşmış ABŞ – Avropa İttifaqı – Ermənistan üçtərəfli formatını, Azərbaycanın, Türkiyənin Rusiyanın həmin formata sərt reaksiyasını görürük. İranın susqunluğunu da həmçinin. Mənzərəyə İran–İsrail “qəribə müharibə”sini əlavə etsək, əvvəldə vurğuladığımız fikri təkrarlaya və faktiki olaraq, Üçüncü dünya müharibəsinin başlandığını söyləyə bilərik. Yəni, hadisələrin Azərbaycanın şimal, cənub və qərb gonşularının iştirakı ilə baş verdiyi ortadadır.
Bəli, bütün bunlara nəzərən Azərbaycan Cənubi Qafqazda həyata keçirilməsinə cəhd göstərilən planlara qarşı qəti mövqeyini bildirir. Bu, ölkəmizi regionda sabitləşdirici faktora çevirir. Ermənistandan fərqli olaraq, Azərbaycan milli birlik və həmrəylik şəraitində yalnız özünün dövlət maraqlarından çıxış edir, mənafeyindən qaynaqlanan prinsipləri rəhbər tutur. Belə yanaşma beynəlxalq birlik tərəfindən müsbət qarşılanır. Ona görə də rəsmi İrəvanın və onun xaricdəki havadarlarının təhriklərinə, neqativ təbliğatına baxmayaraq, dünyada Azərbaycana münasibətdə müsbət dinamika müşahidə olunur.
Azərbaycanın prinsipial mövqeyinin nəticəsidir ki, bu gün ölkəmiz hətta ermənipərəst dəst-xətti ilə seçilən Aİ üçün də geoiqtisadi və geosiyasi cəhətdən əhəmiyyət kəsb edir. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı, ölkəmiz isə qurumun mühüm enerji təchizatçısıdır. Üstəlik, mövcud istiqamətdə daha irəliyə getmək üçün planlar var. Heç şübhəsiz, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan həmin planların da gerçəkləşməsinə nail olacaq, qlobal ziddiyyətlər burulğanında nəinki təhlükəsizliyini qoruyacaq, eyni zamanda, özünün təhlükəsizlik alətlərinin sayını artıracaq, sabitlik adası imicini bir qədər də möhkəmləndirəcək.
Ə.RÜSTƏMOV
XQ