Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında keçirilən görüş, gözlənildiyi kimi, dərhal öz “bəhrəsini” verdi.
Görüş başa çatar-çatmaz Ermənistan–Azərbaycan şərti sərhədində təxribat törədildi. Müdafiə Nazirliyinin dünən yaydığı məlumata görə, aprelin 5-də saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar. Ümumilikdə, aprelin 5-də Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri 30 dəfə atəşə tutulub.
Öz növbəsində Ermənistan tərəfi ənənəsinə sadiq qalaraq ordumuzun mövqelərini atəşə tutması ilə bağlı dezinformasiya yayıb. Hayastan müdafiə nazirliyinin məlumatında aprelin 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin şərti sərhədin bir sıra istiqamətlərində müxtəlif çaplı silahlardan atəş açdığı iddia edilib. Ermənistan silahlı qüvvələrinin bölmələri saat 21:00-dan 23:00-dək İşxanəsər istiqamətində Azərbaycan Silahlı Qüvvələrinə məxsus texnikanın aktiv hərəkətini də müşahidə ediblərmiş. Guya, erməni ordusunun bölmələri mövcud şəraiti qiymətləndirərək vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq addımlar atmayıb, bundan sonra sərhəddə sakitlik yaranıb. Müdafiə nazirliyi şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsini və hücum xarakterli dayaq məntəqələri qurmasını, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələri yaratmasını, fortifikasiya qurğuları inşa etməsini “Ermənistan silahlı qüvvələrinin bölmələrinin adi növbə dəyişmə”si kimi təqdim etməyə çalışıb.
Hayların xarici siyasət idarəsinin dünən yaydığı məlumat da müdafiə nazirliyinin səsləndirdiyi fikirlərin təkrarı sayıla bilər. Məlumatda təxribatçı hərəkətlərə görə, təqsirin Azərbaycanın üzərinə qoyulmasına uğursuz cəhd edilib. Eyni zamanda, xarici işlər nazirliyi Ermənistanın regionda vəziyyətin gərginləşməsində “maraqlı olmadığını” bildirib. Xarici siyasət idarəsi şərti sərhəddən qoşunların güzgü effekti üzrə çıxarılması, silahlara qarşılıqlı nəzarət mexanizmlərinin tətbiqi, hücum etməmək haqqında paktın imzalanması və demilitarizasiya ilə bağlı köhnəlmiş fikirləri bir daha gündəmə gətirib.
Ancaq Ermənistan müdafiə və xarici işlər nazirliklərinin nə deməsindən asılı olmayaraq, fakt faktlığında qalır. Fakt isə bundan ibarətdir ki, Qərbin, xüsusilə Fransanın silah tədarükü, digər ölkələrin, o cümlədən Hindistan, Yunanıstan və İran kimi ölkələrin oynadıqları rol, yumşaq desək, bölgədə heç də sülh və sabitliyin təmin olunmasına, əmin-amanlığa xidmət etmir. Əksinə, bu cür addımlar ən pis halda İrəvanı revanşizmə sürükləyə, yenidən təcavüzkarlıq aktları həyata keçirməyə sövq edə, ən yaxşı halda isə Bakı ilə danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmasına gətirib çıxara bilər.
Ermənistanla bağlı Qərbin yürütdüyü siyasətin bölgə üçün yaxşı heç nə vəd etmədiyi Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib. Aprelin 5-də, yəni Brüsseldə üçtərəfli görüşün keçirildiyi gün Türkiyənin sabiq Xarici işlər naziri, qardaş ölkənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən Prezident İlham Əliyev bildirdi ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki, son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd etdi ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.
Dövlətimizin başçısı bir daha qeyd etdi ki, ötən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. Buna görə, biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik. Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident belə bir şəraitdə Azərbaycan–Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd etdi və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirdi.
Eyni zamanda, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan xarici siyasət idarəsinin son hərbi təxribatlarla bağlı dünənki bəyanatına münasibət bildirərkən deyib ki, Hayastanın ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu iddialarının heç bir əsası yoxdur.
Mövzu üzrə fikirlərini öyrəndiyimiz hərbi-siyasi şərhçi Rizvan Hüseynov bildirdi ki, Brüssel görüşünün nəticəsi Paşinyan hakimiyyətini və onun tərəfdarlarını pərişan etdi. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti son iki-üç ay ərzində Rusiya ilə bağlı mövqeyini xüsusilə sərtləşdirmişdi. İrəvandan Moskvaya edilən etirazlara Paşinyan komandasının üzvləri rəvac verirdilər: “Onlar bildirirdilər ki, Rusiyanın mövqeyi Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətinə səbəb olub. Qeyd edirlər ki, ötən il keçirilən antiterror tədbirləri zaman isə rus sülhməramlıları, guya, üzərlərinə düşən işi yerinə yetirməyiblər. Yəni, Ermənistan iqtidarı Rusiyanı ciddi şəkildə tənqid edirdi. Güman etmək olar ki, onlar bu tənqidləri Rusiyanın əsas düşməni olan Qərblə daha da yaxınlaşmaq, onlardan külli miqdarda maddi, həmçinin siyasi və hərbi-texniki dəstək almaq üçün səsləndirirdilər. Amma 5 aprel görüşündə Brüssel və Vaşinqton İrəvana, müvafiq olaraq, 270 milyon avro və 65 milyon dollar verəcəklərini vəd etdilər. Bu məqamda qeyd etmək lazımdır ki, Avropa İttifaqının “yeni Ermənistan–Aİ tərəfdaşlığını gücləndirmək üçün” ayıracağı 270 milyon avro vəsait birdəfəlik ödənilməyəcək. Vəsait 2024-2027-ci illərdə hissə-hissə ayrılacaq. Yeri gəlmişkən, bu vəsaiti 4 ilə böləndə hər ilə 67,5 milyon avro düşür. Ursula Fon der Lyayen bəyan etdi ki, həmin vəsait “Ermənistan iqtisadiyyatının və cəmiyyətinin daha güclü və sarsıntılara davamlı olması üçün” ayrılacaq. Amma çətin ki, onlar bu vəsaitlə məqsədlərinə nail ola bilsinlər”.
R.Hüseynov qeyd etdi ki, şərti sərhəddə baş verən sonuncu gərginlik Ermənistanın qurduğu oyunun tərkib hissəsi kimi qiymətləndirilə bilər: “Yəni, İrəvan Qərbə göstərmək istəyirdi ki, baxın, mən regiondakı kövrək sabitliyi istənilən yolla pozmağa hazıram. Təki mənə lazımınca dəstək verilsin və pul ayrılsın. Amma bu baş vermədi və 5 aprel görüşü öncəsi həm ABŞ Dövlət katibinin, həm də Avropa Komissiyası sədrinin Azərbaycan Prezidentinə zəngi göstərdi ki, ölkəmizin mövqeyinə önəm verilir. Nəticə etibarilə biz gördük ki, Brüssel görüşünün nəticəsi heç də Ermənistanın istədiyi kimi olmadı”.
Müsahibimiz əlavə etdi ki, görüşün acı nəticəsi Ermənistanın cəzalandırılması olacaq: “Ehtimal etmək olar ki, Rusiya hansısa yollarla cəza mexanizmini işə salacaq. Təbii ki, birbaşa hərbi vasitələrə əl atmayacaq, amma iqtisadi və digər siyasi alətlərlə Rusiya Ermənistanı cəzalandırmağa çalışacaq”.
Politoloq İlqar Vəlizadə isə “XQ”yə açıqlamasında bildirdi ki, Qərb bununla Ermənistanı israrla regional inteqrasiya proseslərindən uzaqlaşdırır. Onun sözlərinə görə, regionda baş verən prosesləri bir-biri ilə uzlaşdırmaq üçün Azərbaycanın belə görüşlərdə iştirakı labüddür: “Onlar isə bu görüşdə Azərbaycanın iştirakını təmin etmədilər. İddia edirlər ki, onlar Ermənistanın Qərbə inteqrasiyasını təmin etmək istəyirlər. Ancaq reallıqda süni çəpərlər yaradırlar. Nəticədə region parçalanmaya doğru gedir. Biz düşünürdük ki, Vətən müharibəsindən, antiterror tədbirlərindən sonra bölgənin vahid region kimi formalaşmasına mane olan amillər aradan qalxacaq və Ermənistan konstruktiv şəkildə regional proseslərə qoşulacaq. Hətta, bunun üçün “3+3” formatı təklif edilmişdi. Düşünürdük ki, Cənubi Qafqaz üçün yeni mərhələ başlayacaq. Amma görünən odur ki, Qərb dairələri başqa cür düşünür. Onların geosiyası strategiyasında vahid region anlayışı yoxdur. Düşünürlər ki, Ermənistanı öz layihələrinə cəlb etməklə bölgədə maraqlarını təmin edəcəklər və regional iştirakçıların maraqları burada onlar üçün önəmli deyil. Əlbəttə, bu cür yanaşma regionda gərginliyə gətirib çıxaracaq”.
İ.Vəlizadə qeyd etdi ki, çünki burada açıq-aşkar Rusiya–Qərb qarşıdurması sezilir: “Biz bu qarşıdurmanın postsovet məkanının müxtəlif yerlərində nə ilə nəticələndiyini müşahidə edirik. Bu qarşıdurma heç bir ölkəyə müsbət nəsə vəd etmir. Amma, görünən odur ki, Ermənistanın siyasi rəhbərliyi bu hadisələrdən nəticə çıxarmır və birmənalı olaraq, Qərbin yazdığı ssenari əsasında hərəkət edir”.
Ekspert qeyd etdi ki, Azərbaycanın əsas məqsədi həm region, həm də qeyri-region ölkələrinin maraqlarının bir-biri ilə uzlaşmasıdır. Rəsmi Bakı əməkdaşlığın tərəfdarıdır. Qərbin Ermənistan üçün yazdığı ssenarilərdə isə bu yoxdur, əksinə, qarşıdurma xətti əsas götürülür: “Yəni, Ermənistan və Rusiya üz-üzə qoyulur. Bu isə regionda təhlükəsizlik mühitinə ciddi zərbə vura bilər”.
Onu da deyək ki, Brüssel görüşünün uğursuz olduğunu erməni ekspertlər də etiraf edirlər. Politoloq Suren Surenyants bildirib ki, Brüssel və Vaşinqton Rusiyadan iqtisadi asılılığı azaltmaq üçün Ermənistana müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar verəcəklərini vəd ediblər. Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa razılaşıb: “Qərb Ermənistan hakimiyyətinin anti-Rusiya potensialını hesablayıb və bu qiyməti ödəyib. Bu, indiki hakimiyyət tərəfindən idarə olunan ölkənin qiymətidir”.
Siyasi şərhçi Sergey Melkonyan isə Rusiyanın “Kommersant” qəzetinə açıqlamasında bildirib ki, üçtərəfli görüş İrəvana heç bir xüsusi bonus gətirməyib. Onun sözlərinə görə, Paşinyan ölkəyə maliyyə vəsaiti ilə qayıtdı, lakin milyardlıq yardım alınmadı. İndi Paşinyanın vəzifəsi Ermənistanın Avropaya yönəlik kursunun, sadəcə, söz olmadığını sübut etməkdir.
Səxavət HƏMİD
XQ