Deməli, Cənubi Qafqazda fəlakət proqramı işə salınır
ABŞ, Avropa İttifaqı və Ermənistan arasında aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüş təkcə Cənubi Qafqazda deyil, ətraf region dövlətlərində də ciddi narahatlıq yaradıb. Azərbaycanla yanaşı, Rusiya və Türkiyə də bəyanat yayaraq, toplantının formatına, həmçinin müzakirə edilən mövzulara açıq tekstlə etirazlarını bildiriblər. Prezident İlham Əliyev qeyd edib ki, bu formatlı toplantılarla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. “Biz bu görüşün Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə olduğunu bilirik,” –deyən dövlət başçısı əlavə edib ki, regionda geosiyasi vəziyyət zorla dəyişdirilir: “Ermənistanı Cənubi Qafqazda silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək".
Dünən bəlli olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 5-də ABŞ-nin Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenlə yanaşı, həm də USAID-in rəhbəri Samanta Pauerlə görüşüb. Ermənistan Respublikasının Brüsseldəki səfirliyində keçirilən görüş zamanı USAID-in Ermənistana göstərəcəyi yardımların məbləğinin artırılması, həmçinin USAID-in Cənubi Qafqazda yeni formatlı strukturlaşması müzakirə edilib.
Ermənistan baş nazirinin Samanta Pauerlə görüşü də narahatlıq yaradıb və bu, əsassız deyil. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) quruluş məramnaməsində qeyd edilir ki, o, xarici ölkələrdə mülki-humanitar yardımların çatdırılmasını, həmçinin, demokratik inkişafı hədəfləyən proqramların icrasını reallaşdıran təsisatdır. ABŞ Konqresi tərəfindən “Xarici Yardım Aktı” proqramı çərçivəsində təsdiqlənən layihələr USAID vasitəsilə icra edilir.
Amma təcrübə göstərir ki, USAID fəaliyyət göstərdiyi regionlarda mülki-humanitar kampaniyalarla, demokratik inkişafı ehtiva edən proqramlarla deyil, yaratdığı xaos və dağıntılarla yadda qalır. İşlədiyi regionlarda siyasi proseslərə açıq müdaxilə etməsi, hakimiyyət çevrilişlərinə dəstək göstərməsi ilə məşhurdur. ABŞ xarici yardım siyasətinin rəsmi komponenti kimi qurulan USAID son hərəkətləri ilə daha çox Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırıqlarının icraçısı rolunda görünür. ABŞ-ın hədəfində olan ölkələrdə fəlakətlər törədir. Çox da uzaq olmayan tarixdə–2023-cü ilin oktyabr ayında Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti USAID-i ifşa edən rəsmi açıqlamalar yayıb. Onu Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasında ittiham edib. Bu, USAID-in adının qarışdığı ilk qalmaqal deyil. Afrika, Asiya, Yaxın Şərq, Latın Amerikası və Şərqi Avropa dövlətlərində son 30 il müddətində gerçəkləşdirilən inqilabi proseslərdə, xaosun və qarşıdurmaların artmasında USAID-in iştirakı görünür.
Problem ondadır ki, USAID özünün bütün bu əməllərini “demokratiyaya dəstək vermək” adı altında gerçəkləşdirir. ABŞ-nin siyasətinə boyun əyməyən dövlətlərin vətəndaş cəmiyyəti institutlarını “qrantlar vermək” adı ilə ələ alır. Reallıqda isə onları maddi vəsaitlərlə şirnikləndirir, əvəzində legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlıq göstərməyə sövq edir. Bu kontekstdə USAID-in imkanları hədsiz dərəcədə genişdir. Təkcə 2023-2025-ci illərdə “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna dəstək vermək” adı altında USAID 9 milyard dollardan çox vəsait sərf edib. Bu vəsaiti “Vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək” adı altında realizə edib. Reallıqda isə siyasi proseslərə müdaxilə edib, cəmiyyətlərdə qarşıdurma yaratmağa çalışıb. Gürcüstan DTX-nin açıqladığı son məlumat, bu baxımdan, indiyədək bilinən faktların rəsmi şəkildə ifadəsidir.
Faktlar sübut edir ki, ABŞ II Dünya müharibəsindən sonrakı 70 il ərzində Avropa məkanında, o cümlədən, ümumilikdə, dünya miqyasında öz hegemonluğunu təmin etmək üçün bu mexanizmdən faydalanıb. “Humanitar yardım göstərmək”, “demokratik inkişafı dəstəkləmək” adı ilə çoxsaylı “donor institutlar” və “QHT şəbəkələri” formalaşdırıb. ABŞ-ın hansısa regionda maraqları təhlükəyə düşəndə həmin “donor institutlar” və peyk “QHT şəbəkələri” aktivləşiblər. Ərazisində fəaliyyət göstərdikləri milli hökumətləri fakt qarşısında qoyaraq güzəştlərə sövq ediblər. Belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. USAID, NED, Marşall, İREX və digər “beynəlxalq donorlar” məhz bu proqramın icraçıları olaraq meydana çıxarılıb.
Onların çevrələrində QHT və media orqanlarından ibarət şəbəkələr formalaşdırılıb. Ayrı-ayrı ölkələrdə yüzlərlə “milli QHT” vardır ki, öz fəaliyyətlərini istisnasız olaraq Vaşinqtonla koordinasiya edir, okeanın o tayından gələn tapşırıqları qeyd-şərtsiz yerinə yetirirlər.
Azərbaycan da 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi dövründə belə situasiya ilə üzləşib. Daha sonra, l Avropa Oyunları ərəfəsində, II Qarabağ müharibəsi dönəmində, həmçinin 19 sentyabr antiterror əməliyyatları zamanında USAID şəbəkəsinin total formalı qarayaxma kampaniyası ilə qarşılaşıb.
Son vaxtlar yenidən aktivləşən, heç bir əsas olmadan “Azərbaycanı etnik təmizləmədə”, “Ermənistan ərazisini işğal etməyə hazırlaşmaqda” ittiham edən KİV və QHT-lər də USAID və NED-in maliyyəsindən ilhamlanırlar. ABŞ Dövlət Departamenti və ya Konqres direktivlər yaradır, bu direktivlər “donorlar” vasitəsilə QHT/KİV şəbəkələrinə ötürülür və beləliklə, qarayaxma kampaniyaları intişar tapır.
ABŞ Administrasiyasının 2021-ci ilin dekabr ayıda keçirdiyi qalmaqallı “Demokratiya sammiti” çərçivəsində yeni strategiya qəbul edilib. Strategiyanın məzmunundan bəlli olur ki, ABŞ USAID vasitəsilə xarici ölkələrə nəzarəti gücləndirmək niyyətindədir. USAID-in “Qlobal Hesabatlılıq Proqramı” vasitəsilə müxtəlif ölkələrdə ABŞ tərəfdarları olan QHT/KİV-lərə əlavə vəsaitlərin çatdırılması üçün layihələr icra olunacaq. Deməli, ABŞ-ın donor institutlarının dünyada yaratdığı xaos daha da genişlənəcək.
Nikol Paşinyanın aprelin 5-də USAID-in rəhbəri Samanta Pauerlə görüşməsi və qurumun Ermənistan vasitəsilə Cənubi Qafqazda daha geniş formada strukturlaşmasına şərait yaratmağa vəd verməsi o deməkdir ki, ABŞ Cənubi Qafqaz üzrə xaos, fəlakət proqramını işə salır.
Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti