“Üçlər” “altılar”a qarşı?

post-img

Hansının Cənubi Qafqazda sülh istədiyi hamıya məlumdur

Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan formatı çərçivəsində Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbəri Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və baş nazir Nikol Paşinyan arasında keçirilmiş görüş rəsmi İrəvanın tamamilə Qərbə doğru üz tutduğunun növbəti sübutudur. Toplantının Ermənistana yalnız iqtisadi dəstəyə hesablandığını iddia edən təqdimatlar bu baxışı dəyişdirmək iqtidarında deyil. Həm də ona görə ki, istənilən iqtisadi dəstəkdə siyasi motivlər olur. Nəzərə alaq ki, kollektiv Qərb İrəvana pulu Paşinyanın qara qaş– qara gözünə görə vermir. Ermənistan demokratiyasını qorumaq kimi sentimental ifadələr də keçərsizdir. 

Beləliklə, Brüssel görüşü Ermənistanın hesabına Cənubi Qafqazdakı balansı pozmaq məqsədi daşıyır. Qərb üçün, bu, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq niyyətidirsə, Ermənistan möhkəmlənməklə, Azərbaycana qarşı revanşist və şovinist siyasət üçün dayaq nöqtəsi axtarır, regional sabitliyə və təhlükəsizliyə böyük təhdid yaradır. Bəs regiona aid maraqlı qüvvələr bununla əlaqədar nə düşünürlər? 

Əslində, indiki məqamda Azərbaycan və Rusiyanın mövqeyi uzlaşır. Türkiyə də ölkəmizin tərəfindədir. Yerdə qalır İran. Moskvadan və Bakıdan, o cümlədən Bakı ilə həmrəy olan Ankaradan fərqli olaraq, Tehranın Brüsseldəki üçtərəfli formata münasibətində qətiyyət nəzərə çarpmır. Hərçənd, İrəvanın istənilən xarici təmaslarda sərbəstliyini vurğulayan İran ABŞ və NATO-nun Cənubi Qafqazda təmsilçiliyinin özü üçün “qırmızı xətt” olduğunu açıqlayıb. Ancaq belə yanaşma ümumidir,  özündə adekvat prinsipiallıq daşımır.  

Nəzərə alaq ki, Ermənistanın hazırkı davranışları rəsmi Tehranın daim dəstəklədiyi “region region ölkələri üçündür” formuluna zidd təmayüldür. Deməli, İran sırf Brüssel görüşünün doğurduğu və doğura biləcəyi reallıqlara köklənməlidir. Hazırda belə bir kökləniş varmı? Təəssüf ki, yox. Məsələn, Ermənistan silahlı qüvvələri Azərbaycanla şərti sərhəddə atəşkəsi pozurlar, Tehrandan isə səs çıxmır. Axı atəşkəsin pozulması Qərbin İrəvan üzərinə oynadığı Cənubi Qafqaz avantürasının tərkib hissəsidir. Məgər rəsmi Tehran bunu bilmir? 

Bəli, Azərbaycanla Ermənistan arasında yeni hərbi toqquşma və müharibə şəraiti formalaşdırmaq Cənubi Qafqazda balansı pozmaqdır. Bu mənada Brüssel görüşünü regionda İrəvanın timsalında yeni Ukrayna yaratmağa girişməsi kimi də qiymətləndirmək mümkündür. Qərb Ukraynaya birbaşa silah verirdisə, Ermənistanı silahlanmaq üçün maliyyə yardımı ilə təmin edir. Demokratiyaya, sosial həyata dəstəyin zəruriliyinin, hətta Qarabağ ermənilərinin erməni cəmiyyətinə inteqrasiyası kimi məsələlərin qabardılması yalnız gözdən pərdə asmaqdır. Elə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-Avropa İttifaqı-Ermənistan formatı çərçivəsindəki təmasla bağlı yaydığı açıqlama da bunun təsdiqidir. 

Rusiya XİN bildirir ki, Qərb Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasının fundamental əsasını – Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-2022-ci illərdə nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi üzrə tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl çəkmir, imkan vermir ki, sülh müqaviləsini hazırlayanlar, ictimai fəallar və ekspertlər arasında təmaslar möhkəmlənsin, etimad mühiti güclənsin. “Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu sazişlərin icrasını dayandırdı. Halbuki, tərəflər məsələlərin bir çoxu üzrə, xüsusən qarşılıqlı nəqliyyat əlaqələrinin blokdan çıxarılmasında məqbul həll yollarına yaxın idilər” kimi fikirlərin yer aldığı açıqlamada Rusiyanın Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə hər cür töhfə verməyə hazır olduğu vurğulanıb. 

Rusiyanın ali diplomatiya idarəsi mövqeyini, həmçinin belə əsaslandırıb ki, Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər “3+3 platformasının 23 oktyabr 2023-cü il tarixdə Tehranda keçirilmiş ikinci iclası zamanı razılaşdırılmış regional məsuliyyət prinsipinə uyğun həllini tapmalıdır. Söhbət Ermənistanın da iştirakçısı olduğu platformadan gedir: “Biz xarici oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvan hakimiyyətini isə xarici siyasət xəttini qurarkən, qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”.

***

Göründüyü kimi, Moskva göz yaşlarına inanmır. Rusiyanın mövqeyini, eyni zamanda, Ermənistana xəbərdarlıq kimi də qiymətləndirmək mümkündür. Yeri gəlmişkən, Kreml oxşar xəbərdarlığı zamanında Ukraynaya da etmişdi. İndi ölkədəki durum aydındır və bununla bağlı bir çox məqamları açıqlamaq mümkündür. Onlardan yalnız birini deyək. ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukrayna ilə müharibədə uğur qazanmasını ikincinin silahının bitməsi ilə əsaslandırıb. Təsəvvür edin, ölkəni silahlandıran və hətta, silah verməli olan Birləşmiş Ştatlardır, onun dövlət başçısı belə danışır. Həqiqətən, durum son dərəcə acınacaqlıdır. 

Əlqərəz, Qərbin, obrazlı ifadə etsək, Ermənistan adlı quyuya su tökmək cəhdlərinin də faydasızlığını indidən proqnozlaşdırmaq mümkündür. Özü də Cənubi Qafqaz Ukrayna deyil. Burada maraqlı qütblər müxtəlifdir və onları birləşdirən ideyalar var. Ermənistan isə qurbanlıq qoyun qiyafəsindədir. Əlbəttə, Qərb ümumən erməni amilindən xilas olmaq, Ermənistan adlı dövlətin mövcudluğunu aradan qaldırmaq istəyirsə, götürdüyü kursu davam etdirə bilər. Belə görünür, davam etdirəcək də. Çünki ona prinsip etibarilə Ermənistan lazım deyil. Əsas olan ondan istifadədir. Rəsmi İrəvan isə özündən alət kimi yararlanılması ilə barışmaqdadır. 

***

Bəli, Brüssel görüşü iqtisadi yox, hərbi-siyasi mahiyyət daşıyan sövdələşmədir. Bunu Qərb mətbuatında yer alan fikirlər də təsdiqləyir. Məsələn, nüfuzlu “Politico” xəbər verir ki, Brüsseldə keçirilmiş görüş ərəfəsində Ermənistan tərəfi Azərbaycanın hərbi texnika alışının intensivliyinə dair sənədləri Avropa İttifaqına və ABŞ nümayəndələrinə təqdim edib. Məsələ Azərbaycanın xaricdən hansı silahları almasında deyil, başlıca məqam Paşinyanın mövzunu Brüsselə daşımasındadır. Deməli, görüşün gündəliyi heç də açıqlandığı kimi deyil və deməli, Nikol üçtərəfli təmasa həm də anti-Azərbaycan platforması kimi yanaşırmış. 

Elə ona görə də Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirir ki, bu hərbi-siyasi sövdələşmə Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq yox, Qərbin son dərəcə destruktiv yanaşmalarla Cənubi Qafqaza daha da müdaxiləsi, bölgədə yeni haçalanma yaradan fikirlər formalaşdırması, region ölkələrinin anti-Rusiya gündəmini izləməyə vadar edilməsi, onların Moskva ilə çoxəsrlik əlaqələrinin məhvi məqsədini daşıyır. 

Rusiyanın siyasi analitiklərinin ilkin reaksiyasını ifadə edən politoloq Aleksey Naumov da eyni düşüncəni bölüşür. O, qeyd edib ki, üçtərəfli görüş İrəvanın “Qərb düşərgəsinə” keçidini göstərir: “Ermənistanın taleyinə bu baxımdan həsəd aparmaq olmaz. Ondan başqa Azərbaycanın və Gürcüstanın daxil olduğu, Rusiya, Türkiyə və İranın əhatə etdiyi Cənubi Qafqaz regionunda heç kim Qərb təsir anklavının meydana çıxmasını istəmir. Buna görə Ermənistan Avropa İttifaqı və ABŞ-dan maliyyə və hərbi dəstək alaraq, öz yerləşdiyi mühitdə Qərb blokunun hər şeydən məhrum olmuş forpostuna və öndə gedən dəstəsinə çevrilmək riskini daşıyır”.

Rusiyalı politoloq keçmişə də ekskurs edib. Daha doğrusu, yaxın keçmişdə olanlarla indiki dövrdə yaşananlar arasında səbəb-nəticə əlaqələrinin izahını verib. Deyib ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Ermənistan ağır mənəvi məğlubiyyət zərbəsi alıb. Ancaq ölkə reallıqla barışmaq əvəzinə, “günah keçisi” kimi Rusiyanı seçmək qərarına gəlib: “Məsuliyyətin Rusiyanın üzərinə atılması, Nikol Paşinyana hərbi məğlubiyyətdən sonra hakimiyyətdə qalmaq, Ermənistan xalqına isə hər şeyi üçüncü tərəfin xəyanəti ilə əlaqələndirərək, aparılan siyasətin doğurduğu fəsadları aradan qaldırmaqdan imtina imkanı yaratdı”, – deyən A.Naumov Brüssel görüşünün tarixi perspektivdə hər şeyi öz yerinə qoyacağını deyib. Amma bir qədər fərqli formada. O, fikrini belə əsaslandırıb ki, Rusiya və Ermənistan müttəfiqliyi əvvəldən ikinciyə heç bir fayda gətirməyib, qismən fürsətçi, qismən isə nostaljik–mədəni səbəblərlə əlaqədar diktə edilib. Onun sözlərinə görə, bələdçiliyini Ermənistanın reallaşdırdığı xarici təsirə qarşı çıxmaq Cənubi Qafqazın bütün ölkələrinə qarşılıqlı fəaliyyət üçün ortaq platforma tapmağa şərait yaradacaq və Rusiyaya “xristian qardaşların”, yəni ermənilərin manipulyasiyası ilə diktəyə yox, iqtisadi cəhətdən faydalı münasibətlərə diqqət yetirməyə imkan verəcək.

***

Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Qafqaz sektorunun müdiri, siyasi ekspert Vadim Muxanovun fikirləri də A.Naumovun bildirdiklərinin davamı sayıla bilər. O deyib ki, ABŞ–Avropa İttifaqı–Ermənistan görüşü Ermənistanın hərbi-siyasi və hərbi-texniki baxımdan Rusiyadan asılılığını azaltmaq istəyi ilə bağlıdır: “İrəvan və Moskva arasında müəyyən diplomatik höcətləşmə gedir, problemlər çoxalır. Bu, heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq. Yaxın müddətli perspektivdə Rusiya ilə Ermənistan arasında münasibətlər postsovet dövründəkindən də aşağı səviyyədə olacaq. Onların əlaqələri hələ indiki qədər bərbad olmayıb”.

Rusiyadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə bildirib ki, Brüssel görüşünün iştirakçıları açıq şəkildə bir-birilərini aldatmağa çalışırlar: “Ermənistan Avropa İttifaqının, ABŞ-ın və NATO-nun Azərbaycan əleyhinə dəstəyini əldə etmək niyyətindədir. Onun buna nail olmaq üçün Rusiya ilə münasibətləri pozmaqdan başqa çarəsi yoxdur. ABŞ və Avropa İttifaqı Rusiyanı Ermənistandan, ümumiyyətlə Cənubi Qafqazdan qovmaq və regionda dominant qüvvə olmaq istəyir”.

Rusiyalı daha bir politoloq Qleb Kuznetsov fikrini əsaslandırmaq üçün A.Blinkenin və Ursula Fon der Lyayenin Brüssel görüşündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə telefon zənglərinə diqqət çəkib və həmin zənglərin, az qala, üzrxahlıq olduğunu vurğulayıb. Nəyə görə politoloq bu qənaətdədir? Çünki, onun fikrincə, Azərbaycan Avropaya, ABŞ-a və İsrailə lazımdır. Amma İrəvanın Bakının malik olduğu üstünlükləri, avropalılara və amerikalılara təsir rıçaqları yoxdur. “Ermənistan ilk növbədə özünə güvənməlidir. Onun yalnız bir müttəfiqi var - Ermənistanın suveren ərazisi daxilindəki və xaricindəki erməni xalqı. Təəssüf ki, başqa dostu, ortağı və müttəfiqi yoxdur”, – deyən Kuznetsovun sözlərinə görə, İrəvanın başlıca problemi yeni ümidlər tapmaq istəməsidir. 

Rusiyalı politoloqun fikirlərindən bu nəticə də hasil olur ki, hazırda Qərb Ermənistan qarşısında yerinə yetirilməsi mümkünsüz tələblər qoyur və həmin tələblər ödənmədikdə birinci bunu asanlıqla ikincinin üzünə vuracaq və İrəvanın Bakı ilə baş-başa qalmasını obyektivlik kimi qiymətləndirəcək. Kuznetsov sözünün davamı olaraq onu da bildirib ki, Qərbin Ermənistanla bağlı iki tamamilə aydın vəzifəsi var. Birincisi, Ermənistanı Rusiyanın orbitindən çıxarmaq, bunu dünyaya nümayiş etdirmək. İkinci vəzifə İrəvanın anti-İran blokunda yer almasıdır. Bunun üçün Ermənistan quru sərhədi olan tərəfdaş ölkədən, faktiki olaraq, imtina etməlidir. Belə gedişat ölkənin suverenliyi baxımından qətiyyən yolverilməzdir. Qərb İrəvanı məhz sözügedən mümkünsüz tələbləri yerinə yetirməyəcəyi təqdirdə, Bakı ilə baş-başa buraxacaq. Yəni, Kuznetsovun proqnozlaşdırdığı ssenari məhz budur. 

***

Deməli, Qərbin Azərbaycanla bağlı daha fundamental maraqları olduğundan, onun Ermənistan istiqamətində siyasətini dəyişmək üçün birinciyə təzyiq göstərməsi heç cür ağlabatan deyil. Üstəlik, əvvəldə də bildirdiyimiz kimi, Cənubi Qafqazda maraq dairələri baxımından vəziyyət xeyli mürəkkəbdir.  Vurğuladığımız məqamlar əsasında ümumiləşdirmə aparsaq, İrəvanın dalanda olduğunu söyləyə bilərik və mövcud istiqamətdə digər arqumentlər də irəli sürmək mümkündür. Ancaq buna ehtiyac duymur və yazımızı Ermənistanın indiki siyasi durumunu xarakterizə etmək baxımından bir lətifə ilə yekunlaşdırmaq istəyirik: Deməli, bir gün heyvanlar təyyarədə yola çıxırlar. Ayı siqaret çəkməyə başlayır və hərəkətinin yolverilməzliyi ilə bağlı bir neçə dəfə ona ünvanlanmış xəbərdarlıqlara məhəl qoymur. Axırda təyyarə qəzaya uğrayır. Bu an qarğa göydən yerə yıxılan ayıya yaxınlaşır. Onlar arasında belə bir dialoq yaranır: 

Ayı qardaş, uça bilirsən? 

– Yox. 

– Bəs niyə siqaret çəkirdin?..

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət